Qubanın Gürdəh kənd ibtidai məktəbi təqribən 100 il əvvəl inşa edilib. Lakin yerli sakinlər məktəbin dəqiq yaşını bilmirlər.
Hazırda sözügedən məktəbin durumu heç də ürəkaçan deyil.
Məlumata görə, məktəbin 1 müəllimi, 11 şagirdi və 1 xadiməsi var. Müəllim ibtidai sinif şagirdlərini bir sinifdə birləşdirərək dərs keçir. Məktəb binasının isə qəzalı durumda olduğu diqqət çəkir.
Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Elm və Təhsil İdarəsinin rəis müavini Pərvin Ağasiyev Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, layihəyə əsasən, Gürdəh kənd məktəbi kimi qəzalı, az şagirdi olan məktəblərin daha yeni, müasir məktəblərlə birləşdirilməsi - yəni optimallaşdırılması düşünülür. Hazırda layihənin reallaşması istiqamətində işlər aparılır. Əgər layihə reallaşmasa, sözügedən məktəb binasının yenilənməsi məsələsinə baxıla bilər.
Qeyd edək ki, Vətən Müharibəsində Gürdəh kəndindən 4 nəfər iştirak edib. Onlardan biri – Murad Həbibov isə şəhadət zirvəsinə ucalıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu