Azərbaycanda məişət zorakılığı nəticəsində zərərçəkənlərin sayı artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu artım 2022-ci illə müqayisədə 2,6 faiz təşkil edib. 2023-cü ildə məişət zorakılığı nəticəsində törədilən cinayətlər nəticəsində 1513 nəfər zərər çəkib.
Məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin 80,9 faizi qadınlar, 0,7 faizi isə yetkinlik yaşına çatmayanlar olub.
Əvvəlki illə müqayisədə bu cinayətlər nəticəsində ölənlərin sayı 8,8 faiz artaraq 74 nəfər (onlardan 49-u qadınlar) olub.
Ölkəmizdə statistik rəqəmlər də məişət zorakılığından ən çox zərər çəkənlərin qadınlar olduğunu göstərir. Bu il aprel ayında “Məişət zorakılığının qarşısının alınması ilə bağlı” qanuna dəyişiklik təsdiqlənib. Qanuna dəyişiklik edilsə və bu sahədə vaxtaşırı danışılsa da hər il qadın qurbanların sayı artır.
Bəs bundan çıxış yolu nədir? Qanundakı dəyişiklik nədən ibarətdir? Bu, məişət zorakılığının qarşısının alınmasına, azalmasına kömək edə biləcəkmi?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan vəkil Ruslan Vəliyev deyib ki, qanuna bir sıra müddəalar əlavə olunub:
“Həmin dəyişikliklə orqanların dairəsi müəyyənləşdi, hüquqi yardımla bağlı müddəalar əlavə olundu. Təəssüflər olsun ki, problem aktual olaraq qalır. Problemin aktuallığı ondan ibarətdir ki, bizim lazımsız adət-ənənələrimiz buna mane olur, bir çox hallarda xanımlar zorakılıq hallarını gizlədir, müvafiq icra hakimiyyəti və polis orqanlarına müraciət eləmirlər. Məişət zorakılığının qarşısının alınması ilə bağlı müxtəlif tədbirlər nəzərdə tutulub, qısamüddətli və uzunmüddətli mühafizə orderlərinin verilməsi… Bir çox hallarda vətəndaşlar bunun haqqında məlumatsız olurlar. İcra hakimiyyəti orqanlarında məişət zorakılığı ilə bağlı müvafiq səlahiyyətli şəxslər var ki onlar həmin məsələləri öz nəzarətinə götürür, müvafiq tədbirlər görürlər”.
Hüquqşünas bildirib ki, məişət zorakılığı ilə bağlı müvafiq qurumlara da müraciət oluna bilər:
“Şəxslər elə bilirlər ki, zorakılıq varsa, mütləq polis orqanlarına müraciət olunmalıdır. Amma bu belə deyil. Tək polis orqanlarına deyil, icra hakimiyyəti orqanlarına da müraciət edə bilərlər. Bir çox hallarda polis orqanının adı insanları, xüsusilə, xanımları ürküdür, qorxudur. Düşünürlər ki, polisə gedəcəm, izahat verəcəm və s. Bilmirlər ki, polisə müraciət etmədən də bu məsələnin həlli ola bilər. Əgər icra hakimiyyəti orqanları həmin hadisədə cinayətin və yaxud inzibati xətanın əlamətlərini, tərkibini görərsə, onda özləri hüquq-mühafizə orqanlarına müraciət edirlər. Əgər orada hər hansı güclü əməl yoxdursa, onda özləri müvafqi tədbirlər görürlər”.
O hesab edir ki, bu sahədə maarifləndirmə işləri zəifdir:
“Bir çoxları ilə söhbət edib, onlara hüquqlarını izah edirik. Onlar bu qanundan, həmin qanunda nələr, hansı hüquqların verilməsi, hansı orqanlara müraciət etməli olduqlarını bilmirlər. Nəticədə də belə acınacaqlı vəziyyətlər ortaya çıxır. Birinci növbədə mütləq maarifləndirmə işləri aparılmalıdır. İnsanlar bilsinlər ki, öz hüquqları ilə bağlı hara müraciət etməlidirlər. Formalaşmış dırnaqarası adət -ənənlərimizdən, “dözməlisən” söhbətindən əl çəkməliyik ki, axırda da gəlib cinayətə çevrilməsin. Dözə-dözə insanın həyatına son qoyulur. Qeyri-hökumət təşkilatları bu işlərdə fəal olmalı, maarifləndirmə və sosialyönümlü roliklərin hazırlanmasında və yaxud təşviqatların aparılmasında fəal iştirak eləməlidirlər. Yalnız bu formada bunların az da olsa, qarşısını almaq olar”.
Günay Şahmar, Bizim.Media
QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması - bəndinə uyğun olaraq hazırlanıb.
- A-
- A
- A+
Cəmiyyət
17:00 / 11.05.2024
Qanundakı dəyişiklik məişət zorakılığının qarşısının alınmasına KÖMƏK edəcəkmi? – AÇIQLAMA
Hazırda oxunan: Qanundakı dəyişiklik məişət zorakılığının qarşısının alınmasına KÖMƏK edəcəkmi? – AÇIQLAMA
Hazırda oxunan: Qanundakı dəyişiklik məişət zorakılığının qarşısının alınmasına KÖMƏK edəcəkmi? – AÇIQLAMA
Azərbaycanda məişət zorakılığı ilə bağlı qanunda dəyişikliklər olan Ruslan Vəliyevin fikirləri və hüquqşünasın dəyərləndirmələri.
191520
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.