Şuşalı rəssam: “Xəyallarımda çəkdiyim rəsmləri doğma şəhərimdə sərgiləyəcəyəm” – FOTO 

Hazırda oxunan: Şuşalı rəssam: “Xəyallarımda çəkdiyim rəsmləri doğma şəhərimdə sərgiləyəcəyəm” – FOTO 

191059

8 may 1992-ci il, 8 noyabr 2020-ci il və yenə 8 may 2024-cü il…

Tarixdə “Türkün dövrü” kimi tanınan və səkkizlə əlaqəli olan təqvimin səkkizlə yenidən başlaması…

Məlumat üçün yazaq ki, tarixdə “Türkün dövrü” adı ilə qalan təqvim daha dəqiq idi. Türk dövlətlərinin atributlarında istifadə etdikləri səkkiz bucaq, səkkiz guşə də həmin təqvimlə əlaqədardır. Od yurdunun yazılışı da səkkiz hərflədir. Səkkiz türkün cəsurluğunu, qəhrəmanlığını, dəqiqliyini göstərir.

1992-ci ilin mayındakı işğal hadisəsi sanki səkkiz rəqəminin bizə xəyanəti, 2020-ci il noyabr ayının 8-i cəsurluğumuzun təsdiqi, 2024-cü il may ayının 8-i isə özünə qayıdış, Şuşada vaxtın şuşalıların təqvimi ilə hesablanması tarixinin başlamasıdır.

Bəli, may ayında, Şuşa şəhərinə ilk köç baş tutur. “Böyük Qayıdış” prosesi çərçivəsində Şuşa şəhərinə köçürüləcək ailələr arasında şuşalı Rövşən Bayramovun da ailəsi var.

Rəssamlıqla məşğul olan Rövşən Bayramov sevincini Bizim.Media ilə bölüşüb.

Sevincini sözlə ifadə etməkdə çətinlik çəkən rəssam ilk köç zamanı 20 ailənin qayıdışının planlaşdırıldığını deyib:

“Mən 30 ildir bunu gözləyirəm, Bakıda xəyallarımda canlandırıb çəkdiyim rəsmləri Şuşada öz gözümlə görüm. 1992-ci ildə işğal zamanı üç gün meşəliklə, çətinliklə, zülümlə çıxdıq. Bakıda məskunlaşdıq, 30 ildir də burada yaradıcılıqla məşğulam. 

Mənim əsas mövzum Qarabağ və Şuşaya aid olub. Şuşa işğaldan azad olanda ürəyimdə keçirdiyin hisslər çox mükəmməldir, başqa bir şeydi. Onu sözlə demək olmur. Yəni bundan böyük hiss, bundan fərqli hiss yaşamamışam. Çox sevinirəm. Ailə üzvlərimlə bərabər gedirəm. Təəssüf ki, anam Şuşanın dərdinə dözmədi, rəhmətə getdi. Özümüz qayıdırıq, oğlum üç ildir Şuşada işləyir”.

O, bundan sonra da Şuşada yaradıcılıqla məşğul olacağını bildirib:

“Təqaüddəyəm, rəssamlığımı Şuşada davam etdirəcəyəm. Uzun müddət Şuşa Dövlət Rəsm Qalareyasının direktoru işləmişəm. İndi orada əlavə emalatxanalarım olacaq, rəsm əsərlərim sərgilənəcək. Zəfər günü ilə bağlı sərgi açacağıq”.






Günay Şahmar, Bizim.Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin