Ötən gecə axşam saatlarında Kürdəmirdə yağmağa başlayan leysan yağışlarından sonra ortaya bir sıra fəsadlar çıxıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, gecə saatlarında aramsız davam edən güclü yağış bir neçə küçə və prospektdə avtomobillərin hərəkətində çətinlik yaradıb.
Bundan başqa yağış suları rayonun Çöl-Ərəb kəndində sakinlərə məxsus meyvə bağlarını, həmçinin həyətləri, evləri, yardımçı tikililəri, tövlələri cənginə alıb.Yerli sakinlər çətinliyin aradan qaldırılması və gələcəkdə bu cür problemlərin ortaya çıxmaması üçün çıxış yolunu kənd ərazisində mövcud kanalların yenidən qazılmasında və təmizlənməsində görürlər.
Məsələ ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyətinin rəsmiləri Bizim.Media-nın Aran bürosuna vəziyyətdən xəbərdar olduqlarını bildiriblər. İcra hakimiyyətindən bildirilib ki, bununla bağlı müvafiq qurumlara tapşırıq verilib. O da qeyd edilib ki, sabah günün birinci yarısı kəndə ağır texnika və işçi qüvvəsi göndəriləcək, qrunt sularının axıdılması üçün drenaj şəbəkələr təmizlənəcək, bununla da problem öz həllini tapacaq.
Bizim.Media, Aran bürosu