BİZİM TƏQVİM: 4 mayda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 4 mayda baş vermiş tarixi hadisələr

190280

1994-cü ilin bu tarixində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulub. Azərbaycan Respublikası ilə NATO arasında tərəfdaşlığın əsası ümummilli lider Heydər Əliyevin 1994-cü il mayın 4-də “Sülh naminə tərəfdaşlıq” çərçivə sənədini imzalaması ilə qoyulub. Azərbaycanın NATO ilə tərəfdaşlığı onun Avroatlantik strukturlarına inteqrasiya məqsədinə xidmət edir. 

Bu tərəfdaşlıqda əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatları, yarana bilən təhlükəsizlik təhdidləri və əsasən müdafiə sahəsinə yönələn geniş spektrli məsələlər üzrə praktiki əməkdaşlıqdan ibarətdir. NATO-nun rəhbərlik etdiyi sülhü dəstəkləmə əməliyyatlarına qoşulan Azərbaycan 1999-2008-ci illərdə Alyansın Serbiyanın Kosovo əyalətindəki əməliyyatında (KFOR) iştirak edib. Ölkəmiz, həmçinin 2003-cü ildən NATO-nun Əfqanıstandakı əməliyyatlarında (ISAF) iştirak edir.

Bəs, mayın 4-də dünyada daha hansı hadisələr baş verib?

1. 4 may 1912-ci ildə İtaliya qoşunları 400 il Osmanlı hakimiyyətində olmuş Rodos adasını işğal edib.

2. 1919-cu il mayın 4-də Azərbaycan Demokratik Cümhuriyyəti nümayəndə heyətinin üzvləri Əlimərdan bəy Topçubaşov, Əhməd Ağayev və Ceyhun Hacıbəyli “Qafqaz Azərbaycanı reslublikasının Paris sülh konfransına memorandumu” adlı sənədi yenidən işləyib forumun keçirildiyi hər iki dildə - fransız və ingilis dillərində kitabça halında yayınladılar.  Sənədə yüksək keyfiyyətli rəngli xəritə də əlavə edilmişdi. Həmin xəritə fransız coğrafiyaşünası Forerin rəhbərliyi ilə hazırlanmışdı. 

3. 4 may 1924-cü ildə İraqda Kərkükdə türkmənlər assuri əsilli İngiltərə legioner qüvvələri - "Tiyari Levi" əsgərləri tərəfindən hücuma məruz qaldı. 200-dən çox türkmənin öldürüldüyü qırğın tarixə "Levi qətliamı" olaraq düşüb.

4. 1931-ci il 4 may tarixində Mustafa Kamal Atatürk üçüncü dəfə ölkə başçısı seçilib.

5. 4 may 1959-cu ildə  musiqi sahəsində ən nüfuzlu mükafatlardan olan “Qremmi”nin ilk təqdimatı olub.

6. 4 may 1979-cu ildə Böyük Britaniya Mühafizəkarlar Partiyasının sədri Marqaret Tetçer İngiltərə və Avropada ilk qadın baş nazir oldu. Baş nazirliyi dövründə dünya siyasətində əhəmiyyətli rol oynayan Tetçer həm də "Dəmir ledi" adı ilə tanınırdı.

7. 1982-ci ilin 4 mayında Amerikanın Massaçusets ştatında Türkiyənin Bostondakı fəxri konsulu Orhan Gündüz öz avtomobilində ASALA erməni terror təşkilatının üzvləri tərəfindən qətlə yetirildi.

4 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 4 may Türkiyə musiqisinin məşhur adı Esin Enginin xatirə günüdür. Müğənni, bəstəkar, dirijor və tərtibatçı olan E.Engin Türkiyə mədəniyyətinə bir sıra dəyərli əsərlər qazandırıb (1945-1997).

2. Azərbaycan Xalq Cümhuriyyətinin ilk spikeri Əlimərdan bəy Topçubaşov 4 may 1862-ci ildə anadan olub.

3. 4 may 1928-ci ildə Misirin dördüncü Prezidenti Hüsnü Mübarək anadan olub.

4. Azərbaycan Respublikasının xalq şairi, nasir, publisist Söhrab Tahiri 4 may 2016-cı ildə dünyasını dəyişib.

5. Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, Azərbaycan SSR xalq artisti Fuad Poladov 4 may 2018-ci ildə vəfat edib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin