Azərbaycanda 90 minə yaxın pensiya işinin ləğv edilməsi məsələsi yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə narazıçılıq yaradan məsələ saxtakarkarlığın ifşa olunması fonunda haqlı sayılsa da, həqiqi pensiyaçıların haqqına girilməsi kimi qiymətləndirilib. Sosial şəbəkə istifadəçilərinin bildirdiyinə görə, həqiqətən də əlil olan xeyli sayda insanın pensiyası ləğv edilib.
Bəllidir ki, 17 mindən çox saxta əlilliyin və 90 minə yaxın pensiya işinin ləğv edilməsi sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun vəzifədə olduğu illərdən qalma problemdir. Hər halda bu barədə hazırki nazir Sahil Babayev bildirib.
Onun sözlərinə görə, əlillik müddətinin uzadılması ilə bağlı da kifayət qədər saxtakarlıqlar aşkarlanıb və ləğv edilib. Qeyd edilən məsələ ilə bağlı isə araşdırmalar aparılır.
Maraqlıdır, əlil olan və pensiyaları haqsız yerə ləğv edilən şəxslərin aqibəti necə olacaq?
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı sosial şəbəkələrdə real əlillərin pensiyasının ləğv edilməsi ilə razılaşmayıb:
“Bunlar əsassız deyilənlərdir. Yalnız saxta əlilliklər ləğv edilir” deyə nazirlik rəsmisi fikirlərini bununla tamamlayıb. İqtisadçı-ekspert Akif Nəsirli isə Azərbaycanda əlilliyin təyinatında ciddi boşluqların olduğunu bildirib.
Onun fikirincə, məsələ köklü surətdə həll edilməli, pensiya təyinatı birtərəfli formalaşmalıdır:
“Şəxsən tanıdığım xeyli insan var ki, onlar doğrudan da əlildir və pensiyası dayandırılır. Şəxs 7 il mütəmadi əlilliyin təyinatı ilə bağlı komissiyadan keçib və təsdiqlənib ki, həqiqətən də əlildir. Ona 3 aylıq pəncərə açmaqla 10 illik limit açırlar. Guya şəxsə pensiyanı yenidən təyin edirlər.
Halbuki şəxs 8-9 ildir ki, əlildir. Bilirsiz ki, əlil şəxslər komissiyadan keçir, nəticələr isə internet üzərindən müraciət olunur. Fəxrlə də bildirirlər ki, insanlarla təmasda olmadan onları növbəti komissiyadan keçirir, əlillik dərəcələri verilir və saxta əlilliklər ləğv edilir.
Bunun özü absurddur və gülməlidir. Şəxsi görmədən, hansısa kağız üzərindən, informasiyalara əsasən əlilliyi təyin etmək nə dərəcədə doğrudur? Hazırda bütün rayonlardan növbəti komissiyalardan keçən pensiyaçılar müvafiq qurumun qapılarını qırır. Ucdantutma hamının sənədi geri qaytarılır ki, ya informasiya səhv doldurulub, ya müayinə tam getməyib. Bununla da o yardıma, sosial müavinətə ehtiyacı olan vətəndaş bir neçə aylıq gəlirini itirir, həm də haqq etdiyi əlillik dərəcəsini almağa çox az müddət qalmış, növbəti komissiyadan keçmək üçün limitlə üzləşir”.
Ekspert hesab edir ki, bu məsələyə müdaxilə olunmalıdır:
“Onsuz da Səlim Müslümov da pensiya məsələsində anormal sistem qurmuşdu. Çünki 90 min adamın bəlkə də 99 faizi doğrudan da əlildir və müvafiq qurum həmin insanlara əziyyət verir.
Biz əgər korrupsiyaya qarşı mübarizə aparırıqsa, bunun təcrübəsi və yolları var. Nəyə görə əlilliyi iki nazirlik – Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri müəyyən etməlidir?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsi o olmalıdır ki, təyin edillmiş əlillik dərəcəsinə görə pensiya müəyyən etsin. Əlilliyi isə həkim təyin etməlidir. İqtisadçı əlilliyin hansı formada olmasını müəyyən edə bilməz. Kimin saxta əlillik alıb, almadığına görə həkim cavabdehdir. İnsanlar iki nazirlik arasında avara qalıblar. Bu məsələyə köklü surətdə baxılmalıdır.”
Alçina Amilqızı, Bizim.Media