Azərbaycanın işğaldan azad olunmuş bölgələrinə sərnişinlərin səfəri davam edir. Hazırda Şuşa, Ağdam, Füzuli şəhərlərinə müntəzəm avtobus reysləri təşkil edilir. Ayrıca aprelin 27-dən etibarən vətəndaşlar fərdi minik avtomobilləri ilə Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə səfərlə bərabər, həm də Laçın şəhərinə də səfər edə bilirlər.
Vətəndaşlar səfər üçün icazəni aprelin 26-dan başlayaraq “Yolumuz Qarabağa” portalı (//yolumuzqarabaga.az/) üzərindən əldə edə bilirlər. Hansı ki, rəsmiləşdirilən icazələrin etibarlılıq müddəti 2 gün nəzərdə tutulub.
MÖVZU İLƏ BAĞLI:
Yaxın günlərdə Laçının daha bir kəndinə köç başlayacaq – FOTO
Onu da qeyd edək ki, Laçın şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” və Horadiz qəsəbəsindən keçməklə Cəbrayıl – Zəngilan – Qubadlı – Laçın marşrutu ilə mümkündür.
Fərdi minik avtomobillərində səfər üçün 1 sürücü olmaqla maksimum 9 nəfərə icazə alına bilər.
Böyük Qayıdışa əsasən, indiyə qədər Laçın şəhərinə ümumilikdə 2000 ailə köçürülüb. Qayıdış başladığı halda avtobus reyslərinin təşkilinə də tələbat artıb. Həmçinin vətəndaşlar digər rayon və şəhərlər kimi Laçına da getmək istədiklərini dilə gətirirlər.
Maraqlıdır, Bakıdan Laçına və əks istiqamətə sakinlər üçün avtobus xidməti nə zaman reallaşdırılacaq?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirib ki, bununla bağlı hələlik heç bir qərar yoxdur:
“Hər hansı bir məlumat olarsa, bu barədə ictimaiyyətə bildiriləcək”.
Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə müntəzəm avtobus marşrutları 2022-ci ilin yanvarın 24-də istifadəyə verilib. Füzuli istiqamətində isə ilk reys həmin il iyunun 25-də həyata keçirilib.
Alçina Amilqızı, Bizim.Media