4 ildən sonra eyni ünvanda oxşar cinayət törətdi... – Zaqataladakı hadisənin TƏFƏRRÜATI – FOTO 

Hazırda oxunan: 4 ildən sonra eyni ünvanda oxşar cinayət törətdi... – Zaqataladakı hadisənin TƏFƏRRÜATI – FOTO 

189500

Zaqatalanın Qandax kəndində baş verən bıçaqlanma hadisəsi heç də sıradan bir cinayət hadisəsi deyil. Bu hadisə düşündürücü məqamlarıyla araşdırılmalı, tədbir görülməlidir. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən gün Zaqatalada müştəri kafe sahibinə 10-dan çox bıçaq zərbəsi vurub.

Hadisə rayonun Qandax kəndində baş verib. Kənd ərazisində fəaliyyət göstərən kafeyə gələn müştəri, Qandax kənd sakini 38 yaşlı Tural Bayramovla kafeni işlədən Qandax kənd sakini 33 yaşlı Nurlan Muradov arasında mübahisə baş verib.

Bəs hadisə necə və nədən qaynaqlanıb?

Zərərçəkmişin atası Zəkər Muradovun sözlərinə görə, Tural Bayramov kafeyə gələndə artıq gec imiş və sahibləri obyekti bağlayıb getmək istəyirmiş. Məlum olub ki, Tural kafeyə gələndə içkili olub. Hardasa başqa bir məkanda yeyib-i,ib gəlibmiş. Oğlu Nurlan müştəriyə deyib ki, “artıq gecdir, kafeni bağlayırıq”. Tural isə bununla razılaşmayıb və ona xidmət göstərilməsini tələb edib.

Beləcə mübahisə yaranıb və davaya çevrilib. Bu məqamda Tural evdən gətirdiyi bıçaqla oğlu Nurlan Muradova çoxsaylı bıçaq xəsarətləri yetirib.

Hadisə zamanı bədənin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri alan Nurlan Muradov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdirilib. Onun üzərində aparılan cərrahiyyə əməliyyatı aparılıb. Müalicəsi Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Zərərçəkənin atası Zəkər Muradov bildirir ki, Tural kafeyə gələndə özü də orada olub. Kafe sahibləri duyuq düşəndə ki, müştəri içkilidir, məkanı bağlayıb tez oradan uzaqlaşmaq istəyiblər. Lakin Tural Bayramov bu tələblə razılaşmayıb. Bu məqamda Nurlan atasını evə göndərib. Deyib ki, bir neçə dəqiqə keçsin, müştərini yola verib gələcək. 

Lakin Tural Bayramov kafe sahibinin tələbinə nə məhəl qoyub, nə də ordan çıxmaq istəyib. Əksinə sifarişlər verməyə başlayıb. Beləcə iki həmkəndli arasında mübahisə davaya çevrilib, sonra isə bıçaqlanma baş verib. 

Hadisədən sonra Nurlan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, Tural Bayramov isə Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 
DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Mənsimov bildirir ki, hadisə ilə bağlı istintaq araşdırmalarına başlanılıb. Xəsarətlərlə bağlı məhkəmə ekspertizası təyin olunub. 

Beləcə gəlirik əsas məqama...

Araşdırmalar zamanı məlum olub ki, hadisəni törətməkdə təqsirli bilinən Tural Bayramov 2020-ci ilin fevral ayının 20-də də eyni əmələ görə - həmkəndlisini mübahisə zəmnində bıçaqladığı üçün məhkumluq həyatı yaşayıb. O, bir müddət əvvəl azadlığa çıxıb.  

Bu dəfə isə o, kafenin sahibinə xəsarət yetirib. Xoşbəxtlikdən ölüm faktı qeydə alınmayıb. Qeyd olunduğu kimi T.Bayramov artıq şübhəli şəxs kimi saxlanılıb və barəsində istintaq araşdırmalarına başlanılıb. Bu isə o deməkdir ki, budəfəki cəzası əvvəlkinə bənzəməyəcək... 














Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin