Xəbər verdiyimiz kimi, Oğuzun Xaçmaz kəndinə son 50 ilin ən güclü dolusu düşüb. Dolunun yumurta ölçüsündə olduğu qeyd olunub.
Bəs aprel ayında belə güclü dolunun yağmağı nədən xəbər verir?
MÖVZU İLƏ BAĞLI:
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
Ekoloq Ənvər Əliyev mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O qeyd edib ki, dolu soyuq havadan isti havaya keçid dövründə baş verən, bərk su halında olan yağıntı formasıdır:
“Dolu olduqca mürəkkəb prosesin nəticəsində yaranır. Atmosferdə dəyişikliklər baş verdikcə kristal hissəciklər böyüyür və daha bərk hissəyə çevrilir. Mən oxuduğum qədərilə dünyada 1 kiloqrama qədər doluya rast gəlinib. Ancaq Azərbaycanda bunu müşahidə etməmişəm.
Bitkilərin yaşıl kütləsi çoxalanda və meyvələr yetişdiyi ərəfədə dolunun yağması ciddi ziyan vurur. Hətta bəzən ağacların yaşıl kütləsini tamamilə sıradan çıxarır.
Göygöldə təxminən qoz boyda doluya rast gəldiyimi xatırlayıram. Həmin anda biz avtobusun qapısını açıb düşə bilməmişdik.
Dağlıq rayonlarda cənubdan gələn isti hava ilə dağın özünün soyuq havasının qarşılaşması nəticəsində bu proses reallaşır. Bu, indiki dövr üçün normal prosesdir. Hava axınlarına qarşı nəsə edə bilmərik”.
Məhərrəm Əliyev, Bizim.Media