“2020-ci ilin sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatının qarşısını alaraq əks həmlə əməliyyatı keçirdi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılmış 44 günlük Vətən müharibəsi Ordumuzun tam qələbəsi və ərazi bütövlüyünün təmin edilməsiylə başa çatdı”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimində deyib.
O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 10 noyabrda imzaladığı birgə bəyanatla atəşkəs rejimi elan edildi.
"Türkiyə və Rusiya Respublikaları arasında imzalanan memoranduma əsasən yaradılmış birgə monitorinq mərkəzi 3 ildən artıq müddət ərzində sülhün təmin olunmasına öz töhfəsini verdi.
Birgə fəaliyyət nəticəsində mərkəz öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi.
Azərbaycan Respublikası Qarabağ İqtisadi rayonu üzərində tam nəzarətin bərqərar olunması məqsədiylə 2023-cü ilin sentyabr ayında keçirilmiş anti-terror tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin qalıqları və qeyri-qanuni erməni birləşmələri ölkəmizin ərazisindən tamamilə çıxarıldı. Bu səbəbdən Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir", - deyə o qeyd edib.
Qeyd edək ki, Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan Memoranduma əsasən, Qarabağ bölgəsində atəşkəs rejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınması məqsədi ilə 2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam şəhərində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradılıb.
2023-cü ilin 19-20 sentyabr antoterror əməliyyatı nəticəsində Azərbaycan suverenliyini bütün ölkə ərazisində bərpa edib.
Bununla əlaqədar Rusiya Sülhməramlı Kontingenti bir neçə gün əvvəl Qarabağ bölgəsini tərk etməyə başladığından Birgə Mərkəzin fəaliyyətinə də ehtiyac qalmayıb.
Onu da əlavə edək ki, Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacağı barədə Türkiyə Milli Müdafiə Nazirliyi aprelin 18-də məlumat yaymışdı.
Bizim.Media