Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi

Hazırda oxunan: Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi

189014

Mənimsəmədə ittiham olunan tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın cinayət işi üzrə məhkəmə istintaqı davam edir.

Bizim.Media qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə müttəhimlərlə eyni dövrdə AMEA-da işləmiş üç nəfər şahid ifadə verib. 

Sözügedən şahidlər məhkəmədən yayındıqları üçün barələrində polis vasitəsilə məcburi gətirilmə qərarı çıxarılmışdı. Bunlardan biri altı il AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda laborant işləmiş Pərvanə Əhmədzadədir.

Maraqlıdır ki, P.Əhmədzadə rəsmi sənədlərdə laborant kimi qeyd edilsə də, altı il ərzində bir dəfə də institutun qapısını açmayıb. Bunu şahid özü də məhkəmə qarşısında etiraf edib. Deyib ki, heç vaxt instituta getməyib, bu səbəbdən də təqsirləndirilən şəxsləri tanımır. Onun ifadəsindən məlum olub ki, bütün işlərini atası aparıb. Atası evə sənədlər gətirib, o da həmin sənədlərə imza atıb. Şahidin sənədlərin nədən ibarət olduğunundan belə xəbəri yoxdur.

İfadəyə münasibət bildirən müttəhim Hüseynov deyib ki, 2019-cu ildə İnstitutun direktoru Maisə Rəhimovanın göstərişi ilə Pərvanə Əhmədzadənin adı Ağdam və Bərdə rayonunda aparılan ekspedisiya işlərinə yazılıb. Amma Pərvanə ekspedisiyada iştirak etməyib.

Əsas məqamlardan biri də odur ki, Pərvanə Əhmədzadənin adı yeddi dəfə ekspedisiyaya yazılıb, amma heç birində iştirak etməyib. Buna baxmayaraq, adına yazılan pullar kimlərsə tərəfindən götürülüb.

Şahidin ifadəsi ilə ortaya çıxan məqamlar hakimləri təəccübləndirib.

“Mən indi baxıram, hər ekspedisiyaya 900 manat olmaqla Pərvanə Əhmədzadənin adına 6300 manat pul yazılıb. Bu, dövlət vəsaitinin mənimsənilməsi faktını ortaya çıxarır. Cinayət əməli deməkdir”, - sədrlik edən hakim Azad Məcidov deyib.

Prosesin davamında 2023-cü ilin iyuluna kimi AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda işləyib hazırda fəaliyyətini Tarix İnstitutunda davam etdirən Nərminə Hüseynova ifadə verib. Bu şahidin də adı sənəd üzərində ekspedisiyaya ezam edilmiş kimi yazılsa da, İnstitutdan kənara çıxmayıb. Dediyinə görə, işi yalnız cədvəllərə imza atmaq olub. Ekspedisiya ilə bağlı hazırda araşdırılan məsələlərdən xəbəri olmayıb.

Təqsirləndirilən alim məhkəmənin nəzərinə çatdırıb ki, Nərminə Hüseynovanın adı iki ekspedisiya işində yazılıb. Onun adını yazdıran isə direktor Maisə Rəhimova olub.

Şahidin istintaq dövründə dedikləri ilə indi danışdıqları arasında ziddiyyət yarandığı üçün onun əvvəlki ifadəsi elan edilib.

Hüseynova müstəntiqə deyib ki, 2021-ci ildə Müzəffər Hüseynovun tapşırığı ilə ekspedisiyaya gedib. Buna görə onun kartına 900 manat köçüb. Həmin pulun isə 800 manatını institutun digər əməkdaşı Müzəffər Hüseynova verib. Hesabat hazırladığına görə isə 100 manatı özünə qalıb.

Şahid ifadəsi vermək üçün zala dəvət edilən Azər Əliyev isə Etnoqrafiya və Antropologiya İnstitutunda elmi işçi işləyib, hazırda təqaüddədir. Əliyev deyir ki, 30-a yaxın ekspedisiya işində iştirak edib. Həmin ekspedisiyaların bəzilərində təqsirləndirilən Səbuhi Hüseynov da iştirak edib.

Amma Səbuhi Hüseynov şahidin düzgün danışmadığını bildirib: “Azər Əliyevin 2019-2020-ci illərdə ekspedisiya işlərinə iki dəfə adı yazılıb. Amma bu şəxsin üzünü də görməmişik. Mən şəxsən etiraz etmişəm, gəlib ekspedisiya işlərində iştirak etməsini istəmişəm. Ümumilikdə dörd nəfərin adı yazılıb, amma heç biri işlərində olmayıb. Onlardan biri də Azər Əliyevdir. Dörd nəfərə ayrılan pul 1800 manat olub. Həmin pulu da Maisə Rəhimovaya vermişəm”.

Proses mayın 8-i növbəti şahidlərin ifadələri ilə davam edəcək.

Qeyd edək ki, Səbuhi Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasında elmi işçi, onun həyat yoldaşı Gülüstan İsayeva isə kadrlar şöbəsinin müdiri olub. Onlar Qarabağda tədqiqat aparılması məqsədilə ayrılmış 92 min manatı mənimsəməkdə ittiham olunurlar. Təqsirləndirilən şəxslər ittihamı qəbul etmirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin