İşğaldan azad edilən Aşağı Əskipara kənd SAKİNİ: “Kəndimizə ayaqyalın gedəcəyəm” 

Hazırda oxunan: İşğaldan azad edilən Aşağı Əskipara kənd SAKİNİ: “Kəndimizə ayaqyalın gedəcəyəm” 

188402

Xəbər verdiyimiz kimi, Ermənistanın işğalında olan Qazaxın 4 kəndi - Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması barədə razılıq əldə olunub.

Vaxtilə həmin kənddə yaşamış, işğal nəticəsində öz doğma yurdlarından didərgin düşmüş Qazax sakinləri bu xəbəri sevinclə, böyük coşqu ilə qarşılayıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Etirazçılar Ermənistan-Gürcüstan yolunda çadır qururlar - VİDEO


Razılşma nəticəsində tezliklə azad olunan Aşağı Əskipara kəndinin sakini, Qazax Dövlət Dram Teatrının direktoru Allahverdi Musayev sevincini Bizim.Media ilə bölüşüb.

Kənddən çıxanda 9 yaşı olduğunu deyən sakin illərdi yaşadığı evə internet vasitəsilə xüsusi proqramlarla baxdığını bildirib:

“1992-ci ildə çıxmışıq, bütün uşaqlıq xatirələrim ora bağlıdır. O müddətdən indiyədək qaçqın sözünün travmasını çox yaşamışam. Həyatımın hər dönəmində o söz məni o qədər sıxırdı ki... Sevincimin ən böyük səbəbi bu adın üstümdən götürülməsidir. Yəni artıq mən qaçqın, köçkün deyiləm, hamı kimi mənim də torpağım var.

Bu illər ərzində “Google xəritə” ilə həmişə evimizə baxmışam, evimiz yoxdur, təzə tikilmişdi, “kubik”lə tikildiyi üçün ermənilər daşları söküb aparıblar. Sadəcə, yeri qalıb. Bağımızı da, hansı ağacın harada olmasını da yaxşı xatırlayıram. Bəzi yerləri, yolları kol-kos basıb”.

O, doğma kəndinə ayaqyalın gedəcəyini qeyd edib:

“2020-ci il qələbəsindən sonra çox ümidli idim. Amma vaxt uzandıqca bilmirdim necə olacaq. Əsasən də həmin kəndlərin qansız-qadasız, siyasətlə, şəhid verilmədən qaytarılması daha böyük sevincə səbəb olub.

Səbirsizliklə özümüzün ora gedəcəyimiz günü gözləyirik. Bir neçə il öncə, 2015-ci ildə dostlara demişdim ki, əhd eləyirəm, kəndimiz qaytarılsın, Qazaxın bu başından kəndimizə ayaqyalın gedəcəm. İndi hamı soruşur, deyirəm ki, sözüm sözdür. Qış da olsa, qar da olsa, hansı fəsildə hansı vəziyyətdən asılı olmayaraq əhdimi yerinə yetirəcəm”.

Günay Şahmar, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin