Azadlıqda gəzən qatil Salyan camaatını təşvişə salıb…

Hazırda oxunan: Azadlıqda gəzən qatil Salyan camaatını təşvişə salıb…

188399

Salyan rayonunun Kərimbəyli kəndində əhali təşviş içindədir. Buna səbəb təxminən iki ay öncə kənddə baş verən qətlin üstünün açılmaması, qatilin hələ də azadlıqda olmasıdır. Kənd sakinləri azadlıqda olan qatilin bir gün onların da “qapısını döyə biləcəyindən” qoxur. 

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, fevralın 29-da Kərimbəyli kəndinin sakinləri olan, əvvəllər tibb müəssisəsində baş həkim vəzifəsində çalışan 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədova ağır işgəncə verilərək qətlə yetirilib.

Qətlin təfərratları göstərir ki, qatil kifayət qədər qəddardır. Baş verən hadisənin üzərindən iki aya yaxın müddət keçməsinə baxmayaraq, qatil tapılmayıb.  

Kənd sakinləri bildirir ki, qatilin tapılması işi ləng gedir. Bununla bağlı müvafiq qurumlara dəfələrlə müraciət etsələr də, konkret cavab alınmayıb.  
Öldürülən şəxslərin yaxınları hesab edirlər ki, bir qatili iki ay müddətində tapmamaq təkcə qeyri-peşəkarlıqdan yox, hansısa digər məqsədlərdən də qaynaqlana bilər. 

Texnologiyanın bu qədər inkişaf etdiyi XXI əsrdə bir kənddə baş verən qətlin üstünün açılmaması şübhələrə yol açır. 

Necə olur ki, qatil əlini-qolunu sallayaraq, gəzə bilir?  

İki aya yaxın müddət keçməsinə baxmayaraq, qatil niyə tapılmayıb?  

Cəzasız qalan qatilin yeni qətllər törətməyəcəyinə kimsə zəmanət verə bilərmi? 

Sakinlər haqlıdır. Çünki qatil hələ də azadlıqdadır və heç kim zəmanət verə bilməz ki, qətllərini davam etdirməyəcək. Artıq Kərimbəyli kəndindəki təşviş digər kəndlərə, ümumilikdə Salyan rayonuna sirayət edib. Hər kəs tezliklə qətlin üstünün açılmasını, qatilin həbs edilməsini istəyir. Müvafiq qurumlar bu məsələyə diqqət ayırmalıdır. Əks təqdirdə cəzasız qalan qatilin yeni “qurbanları” ola bilər.

Vaqif Hüseynli 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin