Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaranmasının 53-cü ildönümünə həsr olunmuş təntənəli mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, hərbi liseyin şəxsi heyəti, hərbi qulluqçular, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti, təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunlar, eləcə də digər qonaqlar iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Cəmşid Naxçıvanskinin hərbi liseydə ucaldılan büstləri ziyarət olunub. Ulu Öndərin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.
Sonra hərbi liseyin Döyüş bayrağı təntənəli surətdə meydana gətirilib.
Mərasimdə çıxış edənlər ötən müddət ərzində respublikamızda milli peşəkar hərbçi kadrların hazırlanmasında hərbi liseyin göstərdiyi xidmətlərdən, hərbi peşənin nüfuzunun yüksəlməsində və taleyini hərb sənətinə həsr edən gənclərin sayının artmasında əhəmiyyətli rol oynamasından danışıblar.
Xüsusi vurğulanıb ki, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüş əməliyyatlarında iştirak edən liseyin məzunları böyük rəşadət və igidlik nümunələri göstərərək “Vətən Müharibəsi Qəhrəmanı” və “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adlarına layiq görülüb, müxtəlif orden və medallarla təltif olunublar.
Sonra hərbi orkestrin müşayiəti ilə kursantlar lisey marşını ifa edib və təntənəli marşla tribunanın önündən keçib.
Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin təqdim etdiyi konsert proqramı başa çatıb.
Bizim.Media