İmtahanda rekord sayda MAKSİMUM NƏTİCƏ – Suallar daha asan idi, yoxsa...

Hazırda oxunan: İmtahanda rekord sayda MAKSİMUM NƏTİCƏ – Suallar daha asan idi, yoxsa...

187630

Ötən gün martın 10-da keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub. Məlum olub ki, 50-dən artıq məzun maksimum - 300 bal toplayıb. Nəzərə alaq ki, son illərdə belə bir uğura rast gəlinməyib.

Bəs, builki buraxılış imtahanında rekord səviyyədə məzunun uğur qazanmasının  səbəbi nədir? Sualların asanlaşması, yoxsa təhsilin səviyyəsinin yüksəlməsi?

Suallar təhsil üzrə ekspert Kamran Əsədov aydınlıq gətirdi. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, buraxılış imtahanlarının builki nəticələri kifayət qədər rezonans doğurub:

“Çünki bu dəfə Azərbaycanın təhsil tarixində olmayacaq qədər abituriyent maksimum nəticə topladı. Bu imtahanda maksimum bal 300 idi və 53 məzun da bu balı toplaya bilib. Əgər əvvəlki illərdə 2-3, maksimum 5 məzun ən yüksək hədəfə çatırdısa, bu il bu göstərici kifayət qədər böyük oldu. 

Bunun da bir neçə səbəbi var. 

Səbəblərdən biri odur ki, Elm və Təhsil Nazirliyi orta məktəblərdə buraxılış imtanı modelində monitorinq imtahanları keçirib. Son 3 ilə qədər belə bir hal yox idi. Ədalət naminə deyək ki, Nazirlik orta məktəblərdə təhsilin keyfiyyətini artırmaq üçün böyük işlər görür. Xüsusən də qiymətləndirmə və monitorinqlərin buraxılış imtahanlarına uyğun şəkildə keçirilməsi bugünkü nəticəyə öz təsirini göstərib. İndiyə qədər abituriyentlər test tapşırıqları ilə tanış deyildi. Amma indi onlar test tapşırıqlarıyla yaxından tanışdırlar. Bu tanışlıq da imtahanın nəticələrinə öz təsirini göstərib”. 

Kamran Əsədov digər səbəbdən də danışıb:

“Digər səbəbsə odur ki, DİM-in hazırladığı suallar artıq müəllimlərə və repetitorlara məlumdur. Ona görə də imtahan modeli və suallar tanış olduğu üçün məzunların yüksək nəticə göstərməsi təəccüblü deyil. Belə demək mümkünsə, müəllimlər DİM-in sirrini artıq çözüblər. Buraxılış imtahanındakı bu uğur I və IV qruplar üzrə qəbul imtahanında müsabiqəni xeyli gücləndirəcək. 

Amma digər qruplarda balların qalxma ehtimalı yoxdur. Görünən odur ki, bu il universitetlərin qəbul planı yerləri xeyli dərəcədə artacaq və bəlkə də 60 mini keçəcək.

Müqayisə etsək, görərik ki, 2010-cu ildə universitetlərin qəbul planı yeri 29 min idi. Bu il Qarabağ və Azərbaycan-Türkiyə universitetləri də fəaliyyətə başlayacaq. Bu da qəbul planını artıracaq. 

Amma yadda saxlayaq ki, buraxılış imtahanında ortalama bal yüksək deyil. Bu il də ortalama bal 120-130-dur. Sonda onu da deyim ki, builki imtahan sualları ötən ilki suallarla müqayisədə xeyli asan idi. Bu mübahisəsiz belədir. Test tapşırıqlarında 30-40 faiz asanlaşma var. Bu da nəticəyə öz təsirini göstərib”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin