Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində yuxarı ətrafların yüksək texnologiyalı protezlərlə təminatı sahəsində qabaqcıl dünya təcrübəsinin öyrənilməsi üçün 4 günlük təlimlərə başlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya bildirilib ki, təlimləri bu sahədə dünyanın ən qabaqcıl texnologiyaya sahib şirkəti olan İslandiyanın “ÖSSUR” şirkətinin Rusiya nümayəndəliyinin mütəxəssisləri aparır.
MÖVZU İLƏ BAĞLI:
12 ağır yaralı qazi Türkiyəyə göndərildi - FOTOLAR
Agentliyin sədri Cavid Əbdul-qədirov vurğulayıb ki, müharibə əlillərinin ötən ilin dekabr ayından yüksək texnologiyalı protezlərlə təminatı işləri aparılır. Artıq 16 hərbçi yüksək texnologiyalı protezlə təmin olunub və bu sahədə işlər davam etdirilir. Yaxın zamanlarda daha 12 hərbçi elektron ayaq protezi ilə təmin olunacaq.
Eyni zamanda, yuxarı ətrafları amputasiya olunmuş qazilərimizə də yüksək texnologiyalı protezlər veriləcək.
Müəssisədə yuxarı ətrafları amputasiya olunmuş qazilərimizlə görüş olub, protezin hazırlanması üçün onlardan ölçülər götürülüb.
Bizim.Media