Bu gün Milli Məclisdə 22 məsələ müzakirə olunub

Hazırda oxunan: Bu gün Milli Məclisdə 22 məsələ müzakirə olunub

185851

Aprelin 5-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

Bizim.Media xəbər verir ki, əvvəlcə, iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. 

Müzakirələrdə Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, parlamentin komitə sədrləri Fazil Mustafa, Siyavuş Novruzov, deputatlar Elman Nəsirov, Kamal Cəfərov, Əli Məsimli, Vüqar Bayramov, Ceyhun Məmmədov, Müşfiq Cəfərov, Razi Nurullayev, Etibar Əliyev çıxış ediblər. Çıxışlarda aprelin 5-də Brüsseldə keçirilməsi nəzərdə tutulan Ermənistanın baş naziri, ABŞ Dövlət katibi və Avropa Komissiyasının prezidenti arasındakı üçtərəfli görüş, həmçinin regional vəziyyət barədə fikirlər səsləndirilib.

Sonra gündəlikdəki 22 məsələnin müzakirəsinə başlanıb.

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov 1-ci məsələni - Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərliyində yeni dəyişikliyin edilməsi ilə bağlı qərar layihəsi təqdim edib. S.Seyidov Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentərarası əlaqələr üzrə işçi qrupunun yaradıldığını və qrupun rəhbəri qismində deputat Cavanşir Feyziyevin təklif edildiyini diqqətə çatdırıb, onun fəaliyyəti, iş təcrübəsi ilə bağlı məlumat verib, türk dünyası ilə bağlı apardığı araşdırmalardan bəhs edib.
Deputatlar Fəzail Ağamalı, Musa Qasımlı, Hikmət Məmmədov, Anar İsgəndərov məsələ barədə fikirlərini səsləndirdikdən sonra “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında dəyişikliklər edilməsi barədə qərar layihəsi qəbul edilib.

Gündəliyin növbəti 7 məsələsi Azərbaycan Prezidentinin təqdimatları əsasında bir sıra məhkəmələrin hakimlərinin təyin və vəzifədən azad edilməsi ilə bağlı olub.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi, M.K.Həsənovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və vəzifədən azad edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və vəzifədən azad edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və vəzifədən azad edilməsi, Şəki Apellyasiya Məhkəməsinin hakimlərinin təyin edilməsi və Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında məsələlər barədə məlumat verib.

O, diqqətə çatdırıb ki, dövlət başçısının təqdimatına əsasən, hakim korpusunu təmsil edən 2 nəfərin Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimləri, 1 nəfərin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi, həmçinin 10 hakimin Bakı, 2-nin Gəncə, 3-nün Sumqayıt, 3-nün Şəki və 4-nün Şirvan Apellyasiya məhkəmələri hakimlərinin təyin olunması nəzərdə tutulur. Bununla yanaşı, vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar 6 hakimin tutduqları vəzifədən azad olunması təqdimatda öz əksini tapıb.

Qeyd olunub ki, məhkəmə sistemində müvafiq vəzifələrə irəli sürülən namizədlər mərhələli şəkildə yoxlama və qiymətləndirmə prosedurlarından keçirlər. Hər bir namizədin fəaliyyəti müsbət qiymətləndirildikdən sonra onların müvafiq məhkəmə instansiyalarında vəzifə tutmaq imkanı yaranır və dövlətimizin başçısına Məhkəmə-Hüquq Şurası tərəfindən təqdim edilir.
Sonra Milli Məclisin bu qərar layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri gündəliyin digər beş məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu söyləyib. O bildirib ki, növbəti iki məsələ Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxındır. Qeyd edilib ki, 9-cu məsələ “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsidir, 10-cu məsələ isə “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsidir.

Qanun layihələrini təqdim edən Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli hər iki məsələnin “Media haqqında” qanunun tətbiqi ilə bağlı olduğunu və uyğunlaşdırma xarakterli dəyişikliklərin nəzərdə tutulduğunu deyib.

Sonra Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli bu komitələrin onuncu məsələ ilə əlaqədar müsbət rəy verdiyini diqqətə çatdırıblar.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin