Övlad hansı halda valideynə ALİMENT ödəməlidir? – Hüquqi İZAH

Hazırda oxunan: Övlad hansı halda valideynə ALİMENT ödəməlidir? – Hüquqi İZAH

185630

Azərbaycanda ahıllara, nənə-babaya, valideynlərə sayğı ənənəsi möhkəm olsa da köməksiz halda yaşayan valideynlər də az deyil. Həmçinin, övladından imtina edən ana-ataya də rast gəlinir. Lakin Ailə Məcəlləsinə görə, valideyn uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyır. Valideynlər uşaqların təhsil almasını təmin etməyə borcludurlar. Nikah pozulması belə valideynləri bu vəzifələrdən azad etmir.

Bəs qanunvericilik övladın qarşısında belə bir öhdəlik qoyurmu?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan vəkil Əsabəli Mustafayev deyib ki, qanunvericilik valideynə baxmaq üçün övladın qarşısında müəyyən öhdəlik qoyur:

“Qanunvericilikdə həddi-buluğa çatmış, əmək qabiliyyəti olan övladlar əmək qabiliyyəti olmayan, köməyə ehtiyacı olan valideyni maddi cəhətdən saxlamaq öhdəliyi daşıyır. Bu öhdəlik Ailə Məcəlləsinin 82-ci və 83-cü maddəsi ilə tənzimlənir. Belə ki, əmək qabiliyyəti olmayan valideyn həddi-buluğa çatmış, əmək qabiliyyəti, qazancı olan övladdan ona maliyyə vəsaitinin ödənilməsini tələb edə bilər.

Əgər könüllü razılaşma yoxdursa, valideynin məhkəməyə müraciət etmək hüququ var. Məhkəmə də övladın yaxud övladların maddi vəziyyətini, gəlirlərini nəzərə alaraq valideynin xeyrinə aylıq ödəniş tətbiq eləyə bilər. Bu ödənişi də ya övladların biri, yaxud da hər bir övlad üçün müəyyən məbləğ təyin oluna bilər”.

O, ayrılan vəsaitin xaraktercə aliment olduğunu bildirsə də, hesablanma qaydasının fərqli olduğunu qeyd edib:

“Qanunvericilikdə övladlar tərəfindən valideynə ödəniləsi vəsait üçün konkret məbləğ nəzərdə tutulmayıb. Bunu məhkəmə valideynin ehtiyaclarını nəzərə alaraq təyin edir. Bu, Ailə Məcəlləsinin 82-ci maddəsi ilə nizamlanır. Həmin Məcəllənin 83-cü maddəsində, həmçinin, əlavə xərclərə də övladlar cəlb oluna bilər. Bu, o halda olur ki, valideyn xəstələnir, onun əməliyyata yaxud kənar qulluğa ehtiyacı olur. Həmin qulluq edən şəxsin haqqını ödəmək üçün övladlardan məhkəmə qərarı ilə əlavə vəsait tutula bilər”.

Hüquqşünas bildirib ki, köməyə ehtiyacı olan valideynlərə baxmaqdan imtina edən  övladlar cərimələnə bilər:

“İnzibati Xətalar Məcəlləsində ehtiyacı olan valideynə yetkinlik yaşına çatmış övlad tərəfindən saxlamağa, onlara baxmaqdan yayınmağa görə məsuliyyət nəzərdə tutulub. Həmin Məcəllənin valideynlərə kömək göstərməkdən qəsdən boyun qaçırma maddəsi var. Bu, 190-cı maddədədir. Övlada ya məhkəmə tərəfindən xəbərdarlıq olunur, ya da 60 manatdan 100 manata qədər cərimə olunur”.

Əsabəli Mustafayev vaxtilə valideynlik vəzifəsini yerinə yetirməyənlərin belə bir hüququnun olmadığını vurğulayıb:

“Məhkəmə valideynin saxlanması ilə bağlı o vaxt övladın üzərinə öhdəlik qoya bilməz ki, həmin valideyn vaxtında valideynlik vəzifələrini yerinə yetirməyib, uşaqlara baxmayıb. Amma bu, rəsmi olmalıdır. Məsələn, onun valideynlik hüququndan məhrum edilməsi haqqında fakt olmalıdır. Bu halda onun uşaqlardan nəsə tələb etmək hüququ yoxdur”.

Günay Şahmar, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin