Yaz yağışları kənd təsərrüfatı üçün faydalıdır, yoxsa ZƏRƏRLİ?

Hazırda oxunan: Yaz yağışları kənd təsərrüfatı üçün faydalıdır, yoxsa ZƏRƏRLİ?

184383

Başa çatmaqda olan mart ayı çox yağıntılı keçdi. Hətta, mütəxəssislərin rəyinə görə mart ayında Azərbaycan ərazilərinə normadan artıq yağıntı düşüb.

Bəs, bu qədər yağıntının kənd təsərrüfatına və bütövlükdə hansı xeyri, yaxud zərərləri var?

Məsələyə aqronom Qəhrəman Qəhrəmanov aydınlıq gətirdi. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, dədə-babadan yaz yağışı xeyirli, bərəkətli sayılıb:

“Fevral-mart aylarının yağıntılı keçməsini tək bir ziyanı var ki, kəndlərdə hərəkət çətinliyi yaradır. Necə deyərlər hamı palçıq əlində qalır. Amma bu aylarda yağan yağışların saymaqla qurtarmayan xeyri var. 

Məsələn, fevralda, martda yağıntının bol düşməsi otlaq sahələrinə can verir. Belə vəziyyətdə adətən, martın sonu, aprelin əvvəli örüş sahələrində ot necə deyərlər “dizə çıxır”. Ona görə də bu yaz fermerlərin örüş qayğıları xeyli azalacaq. Bu da o deməkdir ki,  fermerlərin hazırladığı məhsulda maya dəyəri aşağı düşəcək. 
Bundan başqa fevralda və martda yağıntının çox düşməsi su bolluğu yaradır. Nəzərə alaq ki, son illərdə ölkəmiz ciddi su qıtlığı yaşayırdı. Amma bu il yəqin ki, belə olmayacaq. Ölkəmizdəki bütün su tutarlarda və su anbarlarında lazımi qədər ehtiyat yığılıb. Bu da məsələnin digər müsbət tərəfidir”.

Qəhrəman Qəhrəmanov yağıntıların digər bir üstünlüyündən də danışıb:

“Son illərdə fevral-mart ayları quraqlıq keçirdi. Əvəzində isə aprel-may ayları küləkli və yağıntılı olurdu. Bu da təkcə əkin sahələrini məhv etmirdi, həm də ağacların barına ciddi ziyan vururdu. Nəticədə, meyvə az olurdu. 

Əgər aprel ayı az yağıntılı və az küləkli keçsə, onda bu il meyvəni yığıb-yığışdırmaq olmayacaq. Bundan əlavə, indiki yağışlar dəmyə əkinlərə can verir. Ona görə də fevral və mart aylarının yağıntılı keçməsi komfortumuzu bir qədər pozsa da, iqtisadi həyatımıza çox böyük töhfə verəcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin