“Atamla mən əraziyə ilk atəş açılandan təxminən 40 dəqiqə sonra “Crocus City Hall” konsert mərkəzinə gəldik. İlk növbədə binaya düzgün girişi təmin etmək üçün bütün fövqəladə hallar qrupları və xilasedicilər fasiləsiz orada iştirak etdilər. Çünki biz bu binanı tanıyırıq. Onu biz inşa etmişik. Əraziyə baş memar və inşaatçılar çağırıldı. İlk iş dağıntıları təmizləmək və ölənlərin cəsədlərini tez bir zamanda çıxarmaq üçün kranın və yük maşınlarının giriş hissəyə daxil ola bilməsini təmin etmək idi. Buna görə də şərh verməyə vaxtımız yox idi. Faciə günü atamla səhər saat 06:00-a kimi orada olduq. Xilasetmə əməliyyatında iştirak edənlərə maksimum köməklik göstərmək üçün onlara orada birbaşa dəstək verdik”.
Bizim.Media xəbər verir ki, bu sözləri “Crocus Group” sahibi, azərbaycanlı iş adamı Araz Ağalarovun oğlu, Xalq artisti Emin Ağalarov “RBK” kanalına özəl müsahibəsində deyib.
Sənətçi martın 22-də axşam saatlarında baş verən terror aktı nəticəsində “Crocus City Hall” konsert zalı yanması və yanğından mühafizənin necə işlədiyindən söz açıb:
“Crocus City Hall” bütün standartlara uyğun tikilib, odadavamlı materiallardan istifadə etmədən onu istifadəyə vermək mümkün deyildi”.
Aparıcılar Ağalarovla söhbətində bildiriblər ki, bəzi ekspertlər binanın tez yandığını deyir və bunu tikintidə istifadə olunan materialların xüsusiyyətləri və bir sıra standartlara uyğun gəlməməsi ilə əlaqələndirirlər. Bununla bağlı Ağalarovdan 15 il əvvəl “Crocus”un tikintisi üçün hansı standartlardan istifadə edildiyi soruşulub.
“Bütün obyektlərimiz kimi, biz də inşa zamanı mövcud standartlara uyğun tikirik. Binanın istifadəyə verilməsi üçün isə hər şeydən, bir çox orqanlardan, o cümlədən yanğınsöndürmə qaydalarından, Fövqəladə Hallar Nazirliyindən və Ekologiyada Nazirliyindən keçmək lazımdır. “Crocus”da “Vegas Hall” adlanan daha bir zalımız var və o, əslində analojidir – gəlib baxa bilərsiniz ki, hansı prinsiplərlə tikilib”, - deyə Ağalarov bildirib.
Emin əlavə edib ki, “Crocus Group” həmişə qaydalara əməl edir.
“Bizim tikinti şirkətimiz kifayət qədər peşəkardır. Bu baxımdan bizim üçün heç bir sual ola bilməz”, - deyə Ağalarov vurğulayıb.
Binanın yanma sürətinin tikinti zamanı riayət edilməli olan standartlar və tələblər çərçivəsində olub-olmaması da ondan soruşulub.
“Yanğın başlayandan təxminən 6 saat sonra dam çökdü. Orada elə otaqlar var ki, onlar ümumiyyətlə, yanğından zərər görməyib, yəni yanğından mühafizə maksimum dərəcədə işləyir. Müslüm Maqomayevin muzeyinin yerləşdiyi zal, foye, onun şəxsi əşyaları hamısı qalıb, soyunub-geyinmə otaqları qorunub saxlanılıb. Yalnız yandırılan zal yandı”, - deyə Ağalarov cavab verib.
Martın 22-də axşam saatlarında baş verən terror aktı nəticəsində “Crocus City Hall” konsert zalı yanıb. Piknik qrupunun konsertinə gələn tamaşaçılara silahlı şəxslər atəş açıb. İstintaq Komitəsinin məlumatına görə, hücum edənlər “yanar maye”dən istifadə edərək konsert zalını da yandırıblar. Yanğın təxminən 13 min kvadratmetr ərazini əhatə edib. Konsert zalı tamamilə yanıb. Onun damı uçub. Yanğınsöndürənlər açıq alovu martın 23-ü axşam saatlarında söndürə biliblər.
Son məlumatlara görə, terror aktı nəticəsində üçü uşaq olmaqla 139 nəfər həlak olub. 119 nəfər yaralanıb. Terror aktı ilə əlaqədar 4-ü terrorçu olmaqla, 11 nəfər saxlanılaraq nəzarətə götürülüb.
Hadisədən sonra İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin “Crocus City Hall”da yanğın təhlükəsizliyinin vəziyyətini yoxlamağı əmr edib. Baş Prokurorluq bundan əvvəl məlumat vermişdi ki, ərazidə yanğın təhlükəsizliyi yoxlamaları tam həcmdə həyata keçirilib. Agentlik “Krokus”un fəaliyyət icazəsinin olmaması ilə bağlı məlumatları da təkzib edib. Yanğın təhlükəsizliyi sistemindən danışan Araz Ağalarov bildirib ki, konsert zalında “bütün sistemlər həmişəki kimi çox yaxşı işləyir”.
Rəşad Əliyev, Bizim.Media