Ölkənin şimalında yaşayan ləzgilər Bahar bayramını "Yaran suvar" adlandırırlar. Bu milli bayramın çox qədim tarixi var.
Yaran suvarla bağlı ətraflı bilgi almaqda Qusarın Çpir kəndində yaşayan riyaziyat müəllimi Eyvaz Güləliyev Bizim.Media-ya bələdçilik edəcək.
Riyaziyyatçı olsa da söz-şeir adamı, Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Eyvaz müəllim Yaran suvarın tarixindən çox böyük həvəslə danışdı.
Onun sözlərinə görə, yar sözü ləzgi dilində "qırmızı", "suvar" isə bayram deməkdir. Yəni Yaran suvar - Qırmızı gün - Növruz bayramı anlamını verir:
"Yar ayı ləzgilərin kənd təsərrüfaı təqviminin birinci ayıdır. Bu ay martın 21-dən aprelin 4-dək davam edir. Yar ayı həm də yaz tarla işlərinə başlamasının birinci ayına təsadüf etdiyindən müxtəlif işlər, iməciçiklər keçirilir, tonqallar qalanır, təmizlik aparılır".
Eyvaz Güləliyev məlumat verdi ki, yar sözünün "qırmızı" mənasını verməsi ilə bağlı müxtəlif inanclar var və bu gün də bu inanclar davam edir":
"Yar "qırmızı" mənasını verir, yəni spektrin, göy qurşağının birinci görünən rəngidir. Bu əlamət olaraq uşaqlar qollarına qırmızı ip bağlayardılar, indi də ağlayırlar. Quzuların, çəpişlərin quyruğuna bağlayardılar Novruz vaxtı qırmızı ipi".
Qusarlı müəllim Yar sözünün müxtəlif mənalar verdiyindən də danışdı.
Bildirdi ki, yar sözü həm də yeni ilin başlanğıcı mənasını da verir, yaran sözü isə "qızılca" deməkdir, yəni ağacı kəsərkən mişarla halqalar görünür, bu ağacın yaşı bu qədərdir, məsələn ağacın 10 yaşı var.
Eyvaz Güləliyev Yaran suvarda süfrələri bəzəyən Səməni halvasının az qala bir mafiya yeməyi olmasından da söz açdı:
"Səməni halvasına ləzgilər sələmə halvası deyirlər. Onun da bir qəribəliyi vardı ki, onu hər adam bişirə bilmirdi, düşər-düşməzi olar deyə.
Məncə, bu bir mafiya idi ki, kənddə tutaq ki, 5 ailə bişirə bilirdi, yəni o biriləri bədbəxt hadisə olar deyə bişirmirdilər. Bişirə bilməyənlər sələmə halvasını bişirənlərdən barter yolu ilə və ya pulla alırdılar".
Müsahibim Yaran suvarda ləzgi xanımların bişirdiyi milli bir yemək barədə də açıqlama verdi. Bu kolorili yemək "sav" adlanır:
"O artıq qovrulmuş buğdanı əl dəyirmanında üyüdüb ona şəkər, doşab, su qarışdırıb yeyirdilər. Qovurğanı duzlu suda bişirib qovururdular, ona az miqdarda çətənə qatırdılar, indiki çətənədən deyil, o hamının bağında olurdu, çətənə toxumu və qoz ləpəsi qatırdılar. Kimin dişi yoxdursa, ona sav düzəldirdilər. Savı quru halda su və südlə qarışdırırdılar".
Qusarlı riyaziyyat müəlimi Eyvaz Güləliyev Yaran suvar süfrəsində aş, şirniyyat, boyanmış yumurta və iri qablarda qoz-fındıq qoyulduğunu da söylədi.
Onun sözlərinə görə, papaqatdı adəti Qusarda olmayıb. Amna uşaqlar dəstə ilə evlərə gedib bayramlaşıb paylarını alıb gələrdilər.
O, Yaran suvardakı ləzgi mifologiyasından da söz danışdı, keçini bəzəyərdilər:
"Keçi oynatmaq mərasimi vardı. Bu, ləzgi mifologiyası ilə bağlıdır, qədimdə bir neçə Allaha sitayiş edən ləzgilər dağ keçisinə -dağ turuna sitayiş edirdilər. Onu patentləşdirmişdilər, dağ turuna bənzəyən keçini bəzəyirdilər".
Eyvaz Güləliyev açıqladı ki, indi Yaran suvarın bəzi adətləri indi icra edilmir, unudulmayıb amma. Yaşlı insanlar bu adətləri qoruyub indiyəcən saxlaya biliblər. Onun sözlərinə görə, Yaran suvarda həyət-bacanı təmizləmək, ev-eşiyi səliqəyə salmaq qız-gəlinin gördüyü əsas işlərdən biridir. Bayramda 7 kötükdən ibarət bayram tonqalı məhəllədə qalanır, küsülülər barışdırılır, ölülər yad edilir.
Riyaziyyat kimi dəqiq və çətin elmi şagirdlərə həvəslə öyrədən Eyvaz Güləliyev Yaran suvardan az qala dissertasiya yaza bilən qədər məlumatlıdır.
Onun danışdıqlarının fonunda Qusarın İmamqulukənd kənd Diyarşünaslıq evi kollektivinin hazırladığı "Novruz sevincləri" adlı Yaran suvar tədbirindən görüntüləri izlədik. Tədbirdə millilik əsas amil gözə çarpırdı. Milli mətbəx nümunələrindən göy qutabının bişirilməsi, milli rəqslərin ifa edilməsi, qədim məişət nəşyalarının nümayişi diqqət çəkirdi. Rayonun bütün kənd və yaşayış məntəqələrində Yaran suvar - Novruz bayramı özünəməxsus milliliklə qeyd olunub.
Bizə bu yerdə bütün qusarlılar adından Azərbaycan xalqını təbrik etmək qalır.
Yaran suvar mubarakray, igrami dustar.
Novruz bayramınız mübarək, əziz dostlar!
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu