21 yaşını qeyd edən Mətbuat Şurası – Rəşad Məcidlə MÜSAHİBƏ

Hazırda oxunan: 21 yaşını qeyd edən Mətbuat Şurası – Rəşad Məcidlə MÜSAHİBƏ

182705

Bu gün Mətbuat Şurasının 21 yaşı tamam olur. Azərbaycanda medianın özünü tənzimləməsini həyata keçirən orqan – Mətbuat Şurası 2003-cü ilin 15 martında yaradılıb.

Ölkə jurnalistlərinin birinci qurultayında 180-dək aparıcı KİV-in təsisçiliyi ilə yaradılan Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir.

Bizim.Media əlamətdar gün münasibəti ilə Mətbuat Şurasının sədri Rəşad Məciddən müsahibə alıb. Həmin müsahibəni təqdim edirik: 

- Rəşad bəy, 2003-cü ilin 15 martında 180-dək aparıcı KİV-lərin təsisçiliyi ilə Mətbuat Şurası yaradıldı. O zaman buna hansı zərurət vardı?

-  Mətbuat Şurası modeli dünyanın bir çox aparıcı ölkələrində var. Əlbəttə, Şura yaradılanda sırf bu baxış yox idi ki, dünyada varsa, bizdə də olmalıdır. Həmin vaxt Azərbaycanda Mətbuat və İnformasiya Nazirliyi ləğv edilmişdi. 1998-ci ildə senzuranın aradan qaldırılmasından sonra, belə demək mümkünsə, “qəzet bum”u yaşanırdı və proses davam edirdi. Belə bir şəraitdə peşə prinsiplərinin pozulması halları adiləşirdi. Üstəlik, ölkənin siyasi mənzərəsində də müəyyən təbəddülatlar yaşanırdı. Media həmin mənzərənin təsiri altına düşür, qütblər arasındakı mübarizədə rupora çevrilirdi. 

Ona görə də ölkənin aparıcı media qurumları və jurnalist təşkilatları mövcud sahədə tənzimləyici funksiya daşıyacaq model axtarışına çıxmışdılar. Elə bir struktur ki, ləğv edilmiş nazirlik kimi fəaliyyət göstərməsin. Nəticədə Mətbuat Şurası modeli üzərində dayanıldı. Fikrimcə, bu model özünü doğrultdu. Sadaladığım problemlərin aradan qaldırılması üçün müqavimət formalaşdı. 

- Ötən dövr ərzində Şuranın qarşısına qoyulan hansı məqsədlərə nail olunub?

- Şuranın qarşısına qoyduğu məqsədləri iki baxımdan təsnifatlandırmaq mümkündür. Birincisi, demokratik təsis kimi fəaliyyət göstərmək. Yəni, elə etmək ki, həm cəmiyyətin, həm də medianın maraq və mənafeləri uzlaşsın. Hər iki qütb bir-biri ilə münasibətlərini tələblər çərçivəsində qursunlar. İkinci istiqamət media-dövlət münasibətləri idi. 

Ümumən, hər iki fəaliyyətin qayəsində söz və ifadə azadlığı dayanıb. Mətbuat Şurasının fəaliyyəti bu azadlığın qoruyucu çətiri idi. Yəni, nə media söz və ifadə azadlığından sui-istifadə etməli, nə də cəmiyyət üzvləri, habelə dövlət medianın fəaliyyətinə maneçilik törətməlidir. Şura bu prinsipin bəyan platforması olmağı bacardı. İctimai konsensus formalaşdırdı. Əlbəttə, demək olmaz ki, qurum qarşısına qoyduğu bütün məqsədlərə nail ola bildi. Bəzi problemlər hələ də aktuallığını saxlamaqdadır.  

- Şuranın vəzifələrindən biri də jurnalistlərin öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmasına və peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin təşkilidir. Bu sahədə vəziyyət necədir?

- Əslində peşə prinsiplərinə riayətlə də qanunvericiliyə əməl etmək mümkündür. “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qayadaları”ndakı həssaslıq yükü qanunların məsuliyyət yükü ilə uzlaşır. Ona görə də prinsipial baxış kimi birincini götürək. Bəli, Azərbaycan jurnalistləri həssas və məsuliyyətli olmağı bacarırlar. Baxmayaraq ki, mövcud sahədə də problemlər yetərincədir. Mətbuat Şurasının yarandığı dövrlə indiki dövrün müqayisəsini aparsaq, vəziyyətə təsir göstərən obyektiv amillər də var. 

Hesab edirəm ki, hazırda jurnalistika o qədər diferensiallaşıb ki, bəzən onun düzgün fəaliyyəti yazılmış formada olan nə qanunlara, nə də peşə prisiplərinə riayətlə ölçülür. Bəzi situasiyalarda durumun mahiyyətini görmək və adekvat münasibət ön planda dayanır. Deməli, medianın, jurnalistin obyektivliyini daha çox onun həssas yanaşması müəyyənləşdirir. Ümumən, bir daha deyim ki, peşəkarlığı məsuliyyət kimi qəbul edən jurnalistlərimiz və media orqanlarımız var və bu sevindiricidir. 

- Şuranın digər vəzifəsi dövlət orqanlarıyla, ictimaiyyətlə mətbuat arasında əlaqələrin qurulmasını təşkil etmək və etimadı möhkəmləndirməkdir. Sizcə bütün ictimaiyyət üçün mətbuat əlçatandırmı, yəni hər kəsin mətbuata sərbəst çıxışı varmı?

- Onu deyə bilərəm ki, Azərbaycan cəmiyyətində mediaya etimad var. Bu etimadın formalaşması isə media ilə cəmiyyət üzvlərinin təmasının mövcudluğundan xəbər verir. Eləcə də ictimaiyyətin dövlət qurumları ilə təmaslarında media amili ön plandadır. Bu sistemin formalaşmasında Mətbuat Şurasının yeri və rolu danılmazdır. Ancaq bütünlüklə prosesin Şura tərəfindən reallaşdırıldığını söyləmək doğru olmaz. Vaxt var idi ayrı-ayrı məmurlar media ilə və deməli, həm də cəmiyyətlə təmaslardan daha çox qaçırdırlar. 

Hazırda bu tendensiya sıradan çıxıb. Durumu şərtləndirən eyni zamanda dövlətin informasiya amilinə verdiyi dəyərdir. Hesab edirəm ki, media ilə dövlət qurumları arasındakı təmas daha da güclənməlidir. Çünki informasiya amili cəmiyyətin hərəkətverici qüvvəsi kimi çıxış etməkdə, təhlükəsizlik alətinə çevrilməkdədir. Yəni, hər bir halda ayrı-ayrı qütblərin qarşılıqlı əməkdaşlığı güclənməlidir. Mətbuat Şurası ictimai qurum kimi bu missiyanı dərk edir və ona uyğun fəaliyyət göstərir. 

- Bəs, mətbuatın dövlət orqanlarına çıxışı barədə nə deyə bilərsiniz? Etiraf edək ki, bəzi qurumların mətbuata fərdi yanaşması var. Bu da yeni yaranan və yaxud kifayət qədər populyar olmayan mətbuat orqanına informasiya almaq çətinliyi yaradır. Razısınızmı? 

- Əlbəttə, hazırda bir media orqanının yaranması, fəaliyyət göstərməsi və oturuşması çox çətindir. Ancaq tez bir zamanda özünü təsdiqləyənləri də görürük. Sanki neçə illərdir ki, fəaliyyət göstərirlər. Fərdi yanaşma isə qətiyyən yolverilməzdir. Çünki media fəaliyyətinin rəngarəngliyindən fərqli olaraq dövlətin informasiya amilinə yanaşmasında konkretlik mövcuddur. Yəni, qanunla müəyyənləşmiş məsuliyyət var ki, mütləq qaydada yerinə yetirilməlidir.

Media informasiya ilə təmin olunmalı, fərq qoyulmamalıdır. Ancaq bütün dünyada da belədir: münasibətlərin qurulmasında qarşılıqlı etimad amili nəzərə alınır. Bəzən olur ki, naşı jurnalistlər hansısa məmurun açıqlamasını düzgün təqdim etmirlər. Fərqli interpretasiyalara yol verirlər. Hiss olunur ki, həmin jurnalistlərin məqsədi heç də hansısa problemlə bağlı obyektivliyi çatdırmaq deyil. Problem qalır kənarda kontekstdən çıxarılmış fikir ön plana çəkilir. Fikrimcə, bu sayaq hallar etimad mühitinə zərbə vurur. Hesab edirəm ki, jurnalist etimadı özünün peşəkarlığı ilə qazanmalıdır. Belə olduqda onun informasiya mənbələrinə çıxışında problem yaranmayacaq.

- Bu gün ən azı 50-dən artıq KİV birbaşa dövlətdən yardım alır. Necə eləmək lazımdır ki, KİV-lərin iqtisadi müstəqilliyi təmin edilsin? Bu barədə Şura nə düşünür?

- Mediaya dövlət dəstəyinin fəlsəfəsində onu müstəqilləşdirmək dayanır. Bu barədə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nda konkret müddəalar var. Eyni zamanda, sənəd medianı cəmiyyət və dövlət üçün mühüm əhəmiyyət daşıyan mövzulara stimullaşdırmaq məqsədinə köklənib. Nəzərə alaq ki, qloballaşma şəraitində, konvergensiya və transformasiya dövründə medianın ictimai mənafeləri nəzərə alaraq fəaliyyət göstərməsi çətindir. Dövlət, həm özünün diqqət və qayğı siyasətini, həm də haqqında söz açdığım reallığı hesablayır. Bu, dövlətin fundamental yanaşmasının məhsuludur. 

O ki qaldı, medianın özünün dövlət yardımından hansı nəticəni çıxarmasına və tam müstəqilliyə çatmaq niyyətinə, hesab edirəm ki, zaman-zaman mövcud sahədə də dəyərləndirmələr aparmaq lazım gələcək.

Bu, həm də dövlət dəstəyinin məqsədyönlülüyünün müəyyənləşməsi indiqatoru olmalıdır. Hesab edirəm ki, dövlətdən yardım alan media orqanlarımız məsələni ciddi şəkildə düşünməlidirlər. Həm tam iqtisadi müstəqilliyə çatmaq barədə, həm də dövlət dəstəyinin məqsəd və məramına uyğun fəaliyyəti daha da gücləndirmək haqqında. 

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin