Çıxarışsız evlərin çoxluğu hansı problemlərə yol açır? – MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Çıxarışsız evlərin çoxluğu hansı problemlərə yol açır? – MÜHÜM AÇIQLAMA

182593

Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olmayan əmlakın alqı-satqısı hər zaman risk daşıyır.

Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

Dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.

Bəs, bu durum hansı problemlərə yol açır?

Mövzunu Bizim.Media-ya şərh edən daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı, Azərbaycanda özbaşına tikilən yaşayış sahələrinin həddindən çox olduğunu diqqətə çatdırdı.

Onun sözlərinə görə, hazırda onların notariat əməliyyatlarına cəlb edilməsi mümkün deyil:

“Eləcə də alqı-satqısı, bağışlanması, girov qoyulması, vərəsəlik kimi verilməsi və digər digər hüquqlarından istifadəsinə icazə verilmir. Belə olan təqdirdə isə vətəndaşlar öz əmlaklarını sənədləşdirməkdə maraqlı olmalıdırlar. Bu istiqamətdə hökumət, ayrı-ayrı dövlət qurumları problemin həlli ilə bağlı müxtəlif təkliflər hazırlayaraq aidiyyəti üzrə təqdim edib”.

“Qeydiyyatdan ona görə imtina edilir ki...”

Ekspert bildirdi ki, hazırda müzakirəsi davam etsə də, optimal həlli yolları tapılmır:

“Çünki bu cür evlərin böyük əksəriyyətinin ilkin qeydiyyat üçün əsas verən sənədləri yoxdur. Məsələn, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində müəyyən tələblər irəli sürülüb. İcazəsiz tikilən evlər də həmin tələblərə cavab vermədiyi üçün, onlarla bağlı qeydiyyat orqanlarına edilən müraciətlərdən imtina olunub”.

Müsahibimiz hesab edir ki, problemin tam və köklü şəkildə həlli üçün həmin tikililərin tamamilə sənədləşdirilməsinə ciddi ehtiyac var:

“Bu da bəzi normativ hüquqi aktlara dəyişikliklərin edilməsi yolu ilə mümkün olmayacaq. Bunun üçün də icazəsiz yaşayış sahələrinin istismarına icazənin verilməsi ilə bağlı müvafiq sənəd və aktlar  imzalanmalıdır. Yalnız bu halda həmin əmlaklar qeydiyyata alına bilər”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin