Yüksək vəzifəlilərdən "Qarabağ"ın matçı ilə bağlı AÇIQLAMALAR - Kimi qurban kəsəcək, kimi isə... 

Hazırda oxunan: Yüksək vəzifəlilərdən "Qarabağ"ın matçı ilə bağlı AÇIQLAMALAR - Kimi qurban kəsəcək, kimi isə... 

182568

Xəbər verdiyimiz kimi, bu gün Avropa Liqasında 1/8 finalın cavab oyunları keçiriləcək. Azərbaycan çempionu “Qarabağ” Almaniyada “Bayer”lə görüşəcək. Ölkəmizin avrokuboklardakı yeganə təmsilçisi Almaniya klubuna qalib gəlsə, Avropa Liqasının növbəti mərhələsinə yüksələcək. 

Bizim.Media xəbər verir ki, “manset.az” xəbər portalı yüksək vəzifə sahiblərinin və ictimaiyyət nümayəndələrinin bugünki vacib oyunla bağlı fikirlərini öyrənib. 

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə:  


“Bu gün Azərbaycanın futbol tarixi üçün həqiqətən çox böyük oyundur. Mən hesab edirəm ki, "Qarabağ" Bakıdakı kimi oynasa, mübarizlik göstərsə, növbəti mərhələyə çıxmaq üçün şansımız var. Oyuna böyük ümidlə baxacağıq. Bu elə oyundur ki, hesab demək çətindir. Mən şansları 5050 qiymətləndirirəm. Əgər "Qarabağ" əks hücumda uğurlu olsa, nəticədə şansımız böyükdür. Baxmayaraq ki, “Bayer” hazırda nəinki Almaniyanın, Avropanın ən güclü klubudur”.  

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov: 


“Bugünki gündə “Qarabağ”ın bu səviyyəyə gəlib çıxması söz yox ki, bütöv Azərbaycan xalqının xidməti - birinci növbədə Cənab Prezidentin rəhbərliyi altında qalib gələn Azərbaycan xalqının ruhunun təzahürüdür. Mən də doğma “Qarabağ”ımızdan qələbə gözləyirəm. Ən böyük qələbəmiz ondan ibarətdir ki, artıq dünya bilir “Qarabağ Azərbaycandır” və “Qarabağ ” Futbol Klubu Azərbaycanın komandasıdır. Artıq nə aranı var, nə dağı var, bütöv Qarabağ var. Bütöv Azərbaycan var. Aqil Abbas deyib ki, qurban kəsib paylayacaq, mən də söz verirəm ki, qələbə olsa bu işlə bağlı mənim də öz şəxsi töhfəm olacaq. Allah “Qarabağ”la olsun”.  

Milli Məclisin deputatı Aqil Abbas: 


“Bu günki “Qarabağ” oyunundan gözləntim qələbədir. “Qarabağ”ın köhlən atları alman maşınlarını əzib keçəcək. Mən hər zaman “Qarabağ”ın qalibiyyətinə inanmışam. Nəriman Axundzadənin “Braqa”ya vurduğu qoldan sonra onun stadionda atasını axtarmasını, Qurban Qurbanovun göz yaşlarını görəndə kədərləndim - sevincdən ağladım. Nərimanın və “Qarabağ”ın adına qurban kəsdirdim. Nəriman hücumçudur, onun işi qol vurmaqdır. Amma onun stadionda atasını axtarması məni çox duyğulandırdı. Ağdama zəng edib tapşırmışam ki, bu günki oyun üçün də qurban kəssinlər. “Qarabağ” klubu bu gün bir daha qalib Azərbaycanın gücünü bütün dünyaya göstərəcək”. 

Xalq artisti Arif Babayev:  


“Oyunu böyük həyəcanla izləyəcəyəm. İnanıram ki, “Qarabağ” qələbə qazanacaq”.  

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, Qarabağ FK-nı baş məşqçisi Qurban Qurbanovun yaxın dostu Mübariz Əhmədzadə:  


“İnşallah, “Qarabağ”ın qələbə qazanacağına inanıram. “Qarabağ” bütün şanslarını maksimum qiymətləndirməlidir. Belə olan halda, inşallah, qələbə qazanacağıq. Uğurlar “Qarabağ”la olsun”.

Xalq artisti Mənsum İbrahimov: 


“Arzu edirəm ki, “Qarabağ” qələbə qazansın. Çünki Qarabağımızın adı ilə bağlı komandadır.

Bütün ölkə həyəcanla bu günki oyunu gözləyir. Nəticəsindən asılı olmayaraq, Qarabağ həmişə bizim üçün əzizdir. Onun Avropa Liqasına çıxması, dünyada güclü komanda kimi tanınması böyük və qürurverici bir hadisədir. Qələbəmizdən sonra bizə bu cür qələbələr mütləq lazımdır.

Ümid edirəm ki, “ Qarabağ” ordan qələbə ilə qayıdacaq. Düzü, çətin məsələdir. Çünki dünya səviyyəli bir komanda ilə qarşı-qarşıyadır. Çətin bir komandadır. Amma hər halda biz də əzmliyik, biz də inamlıyıq. İnanırıq ki, qələbə qazanacağıq. Mən öz komandamıza uğur arzulayıram”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin