Vətəndaş “zibil pulu”nu hansı quruma ÖDƏMƏLİDİR? – Qanuni İZAH 

Hazırda oxunan: Vətəndaş “zibil pulu”nu hansı quruma ÖDƏMƏLİDİR? – Qanuni İZAH 

182544

Bir neçə ildir vətəndaşlar kommunal xidmət haqlarını elektron qaydada ödəyirlər. Lakin məişət tullantılarının yığılıb daşınması üçün pulu bu şəkildə ödəmək mümkün deyil. Çünki paytaxt sakinləri “zibil pulu”nu müxtəlif qurumlara ödəyirlər.

Bəzi yaşayış yerlərində bu pul mülkiyyətçilərin özlərinin müqavilə bağladığı subyektlərə, bəzilərində JEK-ə, bəzilərində isə bələdiyəyə ödənilir.

Qanunla bu xidmətin haqqı kimə ödənilməlidir?

Mənzil Məcəlləsinə görə, dövlət mənzil fondu müvafiq dövlət qurumları, bələdiyyə mənzil fondu isə bələdiyyələr tərəfindən idarə olunur. Özəl mənzil fonduna gəldikdə isə bu mülkiyyətçinin seçiminə bağlıdır. Yəni çoxmənzilli binanın mülkiyyətçiləri ya mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti, ya müəyyən mənzil kooperativlərləri tərəfindən binanın idarə olunmasını seçməlidirlər.

Lakin son illər tikilən və istismara verilən yaşayış binalarında MTK-ların ləğv olunmaması ilə bağlı narazılıqlara rast gəlinir. Əslində, bina istismara verildiyi və sakinlərin 50 faizdən çoxu mülkiyyət hüququ əldə etdikdən sonra MTK öz qüvvəsini itirir və ləğv olunur. Bəzi binalarda hələ də MTK-lar işini davam etdirir və kommunal xərclərin yığılmasında əsas rol oynayırlar. Ona görə də bu gün yığılan pulların nə qədərinin hansı xidmətə ayrıldığı qaranlıq qalır.

Məişət tullantılarının yığılması, daşınması Tarif Şurasının 24 noyabr 2011-ci il, 5 nömrəli qərarı ilə tənzimlənir.  Həmin qərarın 1-ci maddəsinə əsasən bərk məişət tullantılarının yığılması və daşınması 1 nəfərə görə 30 qəpikdir.
Lakin bəzi ərazilərdə mənzillərdə neçə nəfərin yaşamasından asılı olmayaraq ayda 3 manat, bəzi yerlərdə 6 manat vəsait toplanır. Yeni yaşayış binalarında bu, doğru olaraq mülkiyyətçinin seçimində iştirak etdiyi mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin müqavilə bağladığı şirkətə, bəzilərində qanunsuz olaraq ləğv olunmamış MTK-lara, bəzilərində isə bələdiyyələrə ödənilir. Narazılıq isə qanunda göstərilən məbləğdən artıq vəsaitin yığılması və bu pulun onlayn şəkildə ödənilə bilməməsi ilə bağlıdır.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, qanunvericilik bu məsələni tənzimləyə bilmir:

“Azərbaycanda bu sahə ilə bağlı əməlli-başlı qarışıqlıq var. Çünki qanunvericilik də suallara tam cavab vermir. Əslində, mənzil kommunal xidmətləri, JEK dediyimiz qurumlar faktiki olaraq ləğv edilib, müvəqqəti olaraq Mənzil İstismar İdarələri (MİS) öz fəaliyyətlərini davam etdirir. Qanunvericilik hələ bunu tənzimləyə bilmir, yəni hansı xərclərin kimlər tərəfindən yığılması ilə bağlı ciddi boşluqlar var və bu boşluqlardan da istifadə edilir”.

Ekspert hesab edir ki, bu sahənin tənzimlənməsi üçün bələdiyyə institutu gücləndirilməlidir:

“Bələdiyyələrə daha böyük səlahiyyətlər verilməlidir ki, onların həm zibil daşınması, həm bələdiyyə orqanlarının səlahiyyətlərində olan ərazilərdə quruculuq, abadlıq işləri görməyə büdcəsi olsun. Bundan başqa, bizdə məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi ilə məşğul olan “Təmiz Şəhər” adlı ASC də var. Onlarınsa öz qaydaları var.

Kooperativ binalar və yaxud da MMC-lər tikilir və onlar öz tariflərini təyin edirlər. İndi qanunvericiliyə görə, vətəndaşlar özləri yaşadıqları binanı idarə edə bilər. Orada da sakinlərin öz razılığı ilə öz qaydaları tətbiq olunur. Yəni burada kifayət qədər boşluqlar var, hansı ki,  bu sahənin tənzimlənməsinə ciddi maneə törədir. Əslində, MİS-lər ləğv edilməli və bələdiyyələrə yüksək səlahiyyət verilməlidir. Onda büdcələri də artacaq və müəyyən işlər də görə biləcəklər”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin