Xəbər verildiyi kimi Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən, Vahid Rasim oğlu Hacıyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Bizim.Media Vahid Hacıyevin dosyesini təqdim edir:
MÖVZU İLƏ BAĞLI:
Vahid Hacıyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi təyin edildi
Vahid Hacıyev 19 aprel 1983-cü ildə Bakı şəhərində oftalmoloq Rasim Hacıyevin ailəsində anadan olub və buradakı 2 saylı Texniki- Humanitar liseydə orta məktəbi bitirib. 2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində bakalavr, 2005-ci illdə isə həmin universitetdə Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər üzrə magistr təhsilini alıb. Daha sonra 2019-cu ildə İngiltərənin Koventri şəhərində yerləşən Vorvik Universitetində Biznesin İdarə Edilməsi ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.
Vahid Hacıyev daha əvvəl neft sektorunda fəaliyyət göstərib.
O, 13 il “BP Azərbaycan” şirkətində müxtəlif yüksək vəzifələrdə çalışıb.
V.Hacıyev ticarət əməliyyatları kəşfiyyatı üzrə biznes-menecer, daha əvvəl isə aparat rəhbəri olub.
Daha sonra “Agro Dairy” MMC-nin qanuni təmsilçisi və icraçı direktoru olub.
Hacıyev bu təyinata qədər Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi olub. Vahid Hacıyev rus, ingilis dillərini bilir. Ailəlidir, üç övladı var.
Xatırladaq ki, Vahid Hacıyevin anası Lalə Hacıyeva (Mirzəyeva) mərhum jurnalist Osman Mirzəyevin qızıdır. O, vaxtilə “Lalə Mirzəyeva” imzası ilə BBC radiosunun Azərbaycan xidmətinin əməkdaşı olub.
Günay Şahmar, Bizim.Media