Şəkidə 65 ailənin yaşadığı yataqxana QƏZALI VƏZİYYƏTDƏ – Problem nə vaxt həllini TAPACAQ? – FOTO 

Hazırda oxunan: Şəkidə 65 ailənin yaşadığı yataqxana QƏZALI VƏZİYYƏTDƏ – Problem nə vaxt həllini TAPACAQ? – FOTO 

182360

1958-ci ildə Şəki İpək Kombinatının işçiləri üçün inşa edilən yataqxana bir dəfə də olsun əsaslı təmir edilməyib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu müddətdə binanın yalnız dam örtüyü təmir edilib.

Onunla bağlı işlər də yarı-yarımçıq görülüb. 2022-ci ildə Fövqəladə Hallar Nazirliyi binaya baxış keçirib və yaşayış üçün məqbul olmaması barədə akt tərtib edilib. 


Yataqxana binasını kənardan müşahidə edəndə hiss edir və görürsən ki, burada qışın bu sərt günlərində əksər ailələr odun peçindən istifadə edirlər. Yataqxanada elektrik naqilləri keyfiyyətsiz olduğundan burada tez-tez qəzalar baş verir, elektrik enerjisinin verilməsində fasilələr yaranır. Bu isə sakinlərin narahatlığına səbəb olur. 

Yataqxana sakini Mehriban Kərimova da vəziyyətdən şikayətçidir:

“Bura vaxtilə kombinatın binası idi. İndi isə icra hakimiyyətinin balansındadır. Binanın da vəziyyəti çox bərbaddır. Biz tualetdən çay suyu doldurub içirik. Bina uçmaq üzrədir, istiliyimiz yox, qazımız yox”.

Sakinlər iddia edirlər ki, gün ərzində bir dəfə, axşam saat 17-dən 18-dək cəmi bir saat su gəlir, onu da ancaq sanitar qovşağın yerləşdiyi yerdən görtürə bilirlər. 


Ailəsində iki əlil şəxs olan Xuraman Cumayeva üçün isə bu vəziyyət daha çətin və dözülməzdir. Xuraman Cumayeva bildirir ki, 20 ildir ailəsi ilə burada yaşayır. 

“Vəziyyətimiz ağırdır. Getdiyimiz yerdə başımıza daş uçub tökülür. Uşaqlar var, keçəndə başına düşüb, onları yaralayıb, öldürə bilər. Koridorda hara ayaq basırıq, qırılır. Hər yer uçub-tökülür”, - deyə Cumayeva bildirib. 

Sakinləri dinləyəndən sonra üz tuturuq yataqxananın komendantını axtarmağa. Məlum olur ki, komendant Töhfə Nəsrullayeva da uzun illərdir bu binanın sakinidir. Qadın komendant danışmaqdan, müsahibə verməkdən çəkinib.


Məsələyə Şəki Şəhər İcra Hakimiyyətinindən münasibət öyrənməyə çalışırıq. İcra hakimiyyətinin memarlıq və tikinti şöbəsindən bildirilib ki, sakinlərin problemi ilə bağlı Nazirlər Kabineti qarşısında məsələ qaldırılıb: 

“İlkin razılığa əsasən, sakinlərə digər yerlərdə daimi məskunlaşmaları məqsədi ilə kompensasiya ödənilməsi qərara alınıb və bu işin icrası 2024-2028-ci illər üçün Dövlət Proqramında əksini tapan kimi icra olunacaq”. 














Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin