İsrail şirkəti Azərbaycanda su qıtlığının qarşısını almaq üçün süni yağışın yağdırılması layihəsini təklif edəcək.
Bu barədə Bizim.Media-ya açıqlamasında İsrailin İsrailin Milli Su Qurumu - “Mekorot” şirkətinin təmsilçisi Dieqo Berqer məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
“Yerüstü su ehtiyatlarımızın 25-30 faizi Qarabağdadır” – Agentlik sədri
O bildirib ki, Azərbaycanda su qıtlığı məsələsində problem suyun miqdarında yox, istifadəsindədir:
“2 ildir ki, Azərbaycanda çalışırıq. Azərbaycanda Samux və Kür çayı təbii axın vasitəsilə Xəzər dənizinə gedirsə, deməli, su var. Sadəcə regionlar üzrə su qıtlığı ilə bağlı problemi araşdırmaq lazımdır. Konkret problemin olduğu nöqtəyə fokuslanmalıyıq. Digər problem odur ki, Azərbaycanda sudan istifadə mədəniyyəti dəyişməlidir. İstədiyimiz qədər yox, lazım olan miqdarda sudan istifadə etməliyik”.
Təmsilçi qeyd edib ki, ötən həftə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə öz layihələrini təqdim ediblər:
“O layihənin əsas məğzi sudan istifadənin effektivliyini artırmaq üzərinə fokuslanıb. Su itkilərini azaltmaq üçün kanallardan borulara keçməyi təklif etmişik. Bundan əlavə, təkliflər arasında içməli suda olan kvotalaşdırmanı kənd təsərrüfatında da tətbiq etmək planı var. Selləmə əvəzinə effektiv suvarma da layihədə yer alıb. Həmçinin Abşeron yarımadasında çirkab sularının təmizləndikdən sonra yenidən istifadəyə verilməsi də təklif planımızda var. Yeraltı su ehtiyatları yenidən yoxlanılmalıdır. Sonuncu dəfə təxminən 1970-ci ildə monitorinq aparılıb.
Təkliflərimiz içərisində süni yağışın yağdırılması da var. Buludların içərisində aerozollar var. Gümüş yodid kristallarını aerozollara səpəndə aerozollar ağırlaşır və yağış yağır. Cənub və şimal ərazilərində “süni yağış” mexanizmini reallaşdırmaq mümkün ola bilər. İsraildə 1972-ci ildən ötən ilə kimi bu metoddan istifadə etmişik. Bu üsuldan hazırda İsraildə istifadə etmirik. Çünki artıq ehtiyacımız yoxdur. Bu layihənin qurulması yüksək vəsait tələb edir, amma gələcəkdə istifadəsi o qədər də xərc tələb etməyəcək.
Sözügedən layihə ilə bağlı planlaşdırma düzgün aparılmalıdır. Radarlar olmalıdır, səpiləcək nöqtələr hesablanmalıdır”.
Qeyd edək ki, 2022-ci ilin aprelində İsrailin Milli Su Qurumu - “Mekorot” şirkəti “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ilə ilk işgüzar sazişi imzalayıb.
Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media