İordaniyada Qarabağ xanlığının tarixi və mədəni irsi haqqında kitab təqdim edilib – FOTO 

Hazırda oxunan: İordaniyada Qarabağ xanlığının tarixi və mədəni irsi haqqında kitab təqdim edilib – FOTO 

181563

Əmman şəhərində yerləşən ölkənin aparıcı mədəniyyət mərkəzi olan İordaniya Muzeyində Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə ərsəyə gəlmiş “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” adlı albom-kitabın ərəbdilli nəşrinin təqdimat mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı Səfirliyi, İordaniya Muzeyinin və Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) təşkilatçılığı ilə təşkil edilən konfransda açılış nitqi ilə çıxış edən İordaniya Muzeyinin baş direktoru İhab Amarin və Azərbaycanın İordaniyadakı səfiri Eldar Səlimov indiyə qədər ingilis, fransız və ispan dillərində dərc edilmiş nəşrin dünyanın bir sıra ölkələrinin ictimaiyyəti arasında Qafqazın mədəni mərkəzlərindən biri olan Şuşa və bütün Qarabağ bölgəsində qədim tarixi olan Azərbaycanın mədəni irsi haqqında geniş məlumatın və təsəvvürlərin formalaşmasında əhəmiyyətli  rol oynadığını nəzərə çatdırıb. 

Səfir Eldar Səlimov kitaba daxil edilən materialların Gürcüstan Milli Muzeyinin arxivlərində 100 ildən artıq qapalı saxlandığını, yalnız bir neçə il əvvəl Heydər Əliyev Fondunun təşəbbüsü ilə aşkar olunduğunu və bu materialların Qarabağın məhz Azərbaycan mədəni kimliyinə aid olduğunu sübut etdiyini vurğulayıb.
Albomu təqdim edən nəşrin elmi redaktoru, ABİA-nın idarə heyətinin sədri Elçin Əsgərov, İordaniya Universitetinin professoru, tarixçi Məhəmməd Vahib, yazıçı və tarixçi Məhəmməd İsa Əl Udvan öz çıxışlarında alban mədəniyyətinə aid olan mədəni artefaktların süni şəkildə erməniləşdirilməsindən, Rusiya imperiyası dövründə toplanmış və bu gün Gürcüstanda qorunan etnoqrafik materialların Qarabağın Azərbaycan milli mədəniyyətinin mühüm mərkəzlərindən biri olmasını nümayiş etdirdiyini xüsusi vurğulayıblar.

ABİA-nın sədri Elçin Əsgərov 1828-ci ildə Azərbaycanın Rusiya və İran arasında bölünməsindən sonra Qarabağ ərazisinə ermənilərin kütləvi şəkildə köçürülməsindən bəhs edib. O, çıxışında bunları nəzərə çatdırıb: “Kitaba arxivlərdən tapılmış minlərlə yeni material təkcə Qarabağ regionunda Azərbaycan dövlətçiliyinin qədim övlətçilik tarixini əks etdirmir.

Kitabda təqdim olunan sübutlar digər Azərbaycan ərazilərində olduğu kimi, Qarabağ xanlığında da İslam məzhəblərinin, eləcə də müxtəlif dinlərin nümayəndələrinin sülh və hörmət içində yaşadığını bariz nümayiş etdirir. 

Bunun dərin kökləri Azərbaycanda İslam dininin təfəkkür və sevgi fəlsəfəsi ilə həmahəng inkişafı ilə bağlıdır. Eyni zamanda bu materiallar bu gün Azərbaycanda mövcud olan məzhəblər, dinlər və mədəniyyətlərarası tolerantlıq və qarşılıqlı hörmətin Azərbaycan xalqına xas olan dəyər olduğunu nümayiş etdirir. Bu indiki dünya, xüsusilə, İslam aləmi üçün tədqiq olunası unikal model və dəyərdir”. 

E.Əsgərov həmçinin 30 ilə yaxın davam edən erməni işğalı dövründə Qarabağ ərazisində Ermənistan tərəfindən Azərbaycan mədəni və dini irsinin məhv edildiyini, gürcü alimləri tərəfindən Qarabağ xanlığı irsinin dərindən tədqiq olunmasının Qarabağda tarix boyu aparıcı mədəni və siyasi kimliyin məhz Azərbaycan mədəniyyətinə və milli kimliyinə aid olduğunu aşkar etməsi haqda konfrans iştirakçılarını məlumatlandırıb. 

Tədbirin sonunda “Qarabağ xanlığı tarixi və mədəni kimlik” kitabı tədbir iştirakçılarına hədiyyə edilib, eləcə də “Qarabağın inciləri” adlı fotosərginin açılışı elan edilib. Kitabxananın foyesində təşkil olunan fotosərgidə Gürcüstan Milli Muzeyinin kolleksiyalarında qorunan, paytaxtı Şuşa şəhəri olan muxtar Azərbaycan dövlətinin Qarabağ xanlığına (1747-1822) aid artefaktların rəsmləri nümayiş etdirilib.

















Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin