Azərbaycanda qeydiyyata alınmış fərdi sahibkarların təqribən 22 %-i qadınlardır. İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Yaşıl dünya naminə qadın həmrəyliyi və innovativ gələcək" mövzusunda keçirilən tədbirdə deyib ki, qadın sahibkarlar arasında kənd təsərrüfatı, ticarət və digər sahələrdə fəaliyyət göstərənlər üstünlük təşkil edir.
Onu da qeyd edib ki, biznes bacarıqlarının çatışmazlığı, maliyyə resurslarına çıxış, satış imkanlarının azlığı qadın sahibkarların daha çox üzləşdiyi çətinliklərdəndir:
“İqtisadi inkişafda qadınların aktivliyi artan dinamika ilə davam edir. Müxtəlif dövlət proqramlarında qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunmasının dəstəklənməsi istiqamətində tədbirlər həyata keçirilməkdədir. Qadınların özünüməşğulluğa və sahibkarlıq fəaliyyətinə təşviqi, qadın sahibkarlığının inkişafına dəstək göstərilməsi KOBİA-nın fəaliyyətində prioritet istiqamətlərdəndir”, sədr əlavə edib.
Bizim.Media xəbər verir ki, tanınmış hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında deyib ki, sadalanan problemlər ölkədə bütün fərdi sahibkarları əhatə edir.
Onun sözlərinə görə, bunun qaynağı maliyyə savadının olmamasından irəli gəlir:
“Sahibkarlıqla məşğul olan şəxsin iqtisadi və hüquqi bilikləri olmalıdır. Hətta ali təhsilli şəxslər də bu biliklərə sahib deyillər. Halbuki ali məktəblərin çoxunda hüququn əsasları və iqtisadi nəzəriyyə tədris olunur, amma dərslərin keyfiyyəti aşağıdır. Fərqi yoxdur qadın və ya kişi sahibkar – istəyir ki, 6 aylıq bir kursa getsin, kurslar çox olsa da lazımi səviyyədə deyil. Tədris edənlərin çoxunun heç adekvat biliyi yoxdur. Kimin ki bu sahədə biliyi, savadı var təəssüf ki, tədrisdən uzaqdırlar.
İkinci bir problem də maliyyə bazarlarına çıxışın olmamasıdır. Bu da ölkədəki inhisarçılıqla bağlıdır. Sahibkar üçün sağlam rəqabətli şərait olmalıdır. Hətta bəzən qadın sahibkarlara kişilərdən daha çox güzəşt edilir.
Maliyyə savadı artırılmalı, müəyyən kurslar təşkil edilməli, həqiqətən bu işləri bilən mütəxəssislər bura cəlb edilməlidir. Paralel olaraq ölkədə qanunçuluğu inkişaf etdirmək, şəffaflığı təmin etmək, inhisarçılıqla mübarizə aparmaq lazımdır”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:30 / 06.03.2024
“Qadın sahibkarlara kişilərdən daha çox güzəşt edilir” - Tanınmış hüquqşünas
Hazırda oxunan: “Qadın sahibkarlara kişilərdən daha çox güzəşt edilir” - Tanınmış hüquqşünas
Hazırda oxunan: “Qadın sahibkarlara kişilərdən daha çox güzəşt edilir” - Tanınmış hüquqşünas
181406
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.