Hansı deputatların odlu silahı var? – SORĞU 

Hazırda oxunan: Hansı deputatların odlu silahı var? – SORĞU 

181061

Azərbaycanda deputatlar xidməti silah gəzdirmək hüququna malikdirlər. Milli Məclis üzvlərinə silahın verilməsi ilk olaraq 1997-ci il dekabrın 30-da qəbul edilən “Xidməti və mülki silah haqqında” qanunla tənzimlənib. 

Milli Məclis deputatının statusu haqqında qanunun 12-1-ci maddəsində qeyd olunub ki, deputatın təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada idarə silah verilə bilər. Deputatların öz təsərrüfatlarının icrası bütün müddət ərzində qanunvericiliklə müəyyən edilmiş qaydada və müəyyən edilmiş qaydada xidməti silahı saxlamaq, gəzdirmək və nəzarət etmək üçün istifadə etmək hüququ vardır.
 

MÖVZU İLƏ BAĞLI:

“Məmurlar da dəyişməlidir, bizə yaraşmır” - Naqif Həmzəyev 


Xüsusilə, ötən il millət vəkili Fazil Mustafaya qarşı planlaşdırılmış silahlı sui-qəsdən sonra, deputatların təhlükəsizliyi məsələsi bir daha gündəmə gəldi.

Maraqlıdır, qanundan irəli gələn əsaslarla hansı deputatların silahı var?

Bizim.Media-nın millət vəkilləri arasında apardığı sorğunun nəticələrini təqdim edirik:

Razi Nurullayev silah əldə etmək istəyini gizlətməyib:

“Mənim silahım yoxdur və bu barədə heç aidiyyatı qurumlara müraciət də etməmişəm. Açığı, mənə də silah istəyib-istəməməyimlə bağlı müraciət gəlməyib. Əgər desəydilər, yəqin ki, cavabım “hə” olardı. Bəli, qanunla deputatların silah gəzdirmək hüquqları var, lakin bilmirəm silah gəzdirən millət vəkillərimiz var, ya yox. Mənə təklif olunsa ki, silah götürüm, bu barədə düşünə bilərdim. Amma hələ ki, belə bir ehtiyac yoxdur”.

Fəzail Ağamalı isə silaha ehtiyac hiss etmir:

“Silahım yoxdur və buna ehtiyac da hiss etmirəm. Kimsə sui-qəsd hazırlasa belə, həmin anda silahdan istifadə etmək mümkün olmur. Çünki hər şey əvvəlcədən planlaşdırılmış olur. Düşünürəm ki, silahın gəzdirilməsi təhlükəsizliyin təminatı demək deyil. Azərbaycan dövləti vətəndaşlarının təhlükəsizliyini kifayət qədər təmin edir. Ölkədə kriminogen vəziyyət nəzarət altındadır”. 

Aqil Abbas da tapançaya ehtiyacının olmadığını qeyd edib:

“Mən niyə silah gəzdirim ki? Dövlət özü hamını qoruyur. Mənim sizdən nə fərqim var, kimdən artığam?! Əgər ölkədə əmin-amanlıq varsa, silaha nə ehtiyac var?! Sui-qəsd planı quran biri, silahı çıxarana qədər mənə 4 güllə atar. Sui-qəsd başqa bir şeydir. Hökumət məni qoruyursa, tapançaya ehtiyacım yoxdur”.

Aydın Hüseynov da silah almağı düşünmür:

“Qanunvericiliyimizdə deputatların silah gəzdirməsinə icazə olsa da, hüquq-mühaizə orqanlarımız hamını qoruyur deyə, buna ehtiyac görmürəm. Onların peşəkarlığına heç şübhə yoxdur. Heç vaxt da silah almağı düşünmürəm”.

Rüfət Quliyevin həmkarlarında fərqli olaraq, qanuni formada ov üçün odlu silah var: 

“Onu da seyfin içinə qoymuşam və istifadə eləməmişəm. Bəlkə də 5 il olar ki, ova getməyə vaxtım yoxdur. Millət vəkillərinə silahın verilməsinə gəldikdə isə deyə bilərəm ki, buna heç bir ehtiyac yoxdur. Azərbaycanda ictimai asayiş qorunur. Deputatların silah gəzdirməsinə gərək yoxdur, hüquq-mühafizə orqanları kifayət qədər səmərəli, effektiv işləyirlər”.

Zahid Oruc isə ümumiyyətlə, bu məsələnin qanunvericilikdən çıxarılmasının tərəfdardır:

“Hələ 2000-ci ildə Parlamentdə təmsil olunduğum dövrdə, qanunvericilikdəki bu maddə ilə bağlı ayrı-ayrı deputatlarımız daxili işlər orqanlarına müraciət edərək silah almışdılar. Nə o vaxt, nə də ötən bu illər ərzində silahla təminat haqqında düşünməmişəm. Hesab edirəm ki, bu kimi hallar ictimai mühitə də mənfi təsir göstərir. 

Açıq desək, mən bu maddənin qanunvericilikdən çıxarılmasının tərəfdarıyam. Parlament üzvünün silahla təchiz edilməsini doğru hesab etmirəm. Ona görə də, silahım yoxdur, olmayıb, olmayacaq da”.

Nuranə Daxilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin