“Təmtəraqlı qəbir daşlarının qoyulması İslama ziddir” – İlahiyyatçıdan AÇIQLAMA 

Hazırda oxunan: “Təmtəraqlı qəbir daşlarının qoyulması İslama ziddir” – İlahiyyatçıdan AÇIQLAMA 

180759

Bu gün mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin vəfatının birinci ildönümüdür. Lakin ötən bir ildə Hacı Şahinin qəbirüstü abidəsi qoyulmayıb. Bu da cəmiyyətdə müəyyən müzakirələrə yol açıb.

Bəs, dinimiz qəbirüstü abidənin qoyulmasını vacib sayır?

Məsələ ilə bağlı ilahiyyatçı Tural İrfanın fikirlərini öyrəndik. O, Bizim.Media-ya bildirdi ki, İslam dini qəbir üstündə təntənəli baş daşlarını, abidələri, sərdabələri təqdir etmir:

“Bütpərəstlik və təkəbbür əlaməti olduğu və insanların bərabərliyini pozduğu üçün bahalı qəbir daşları dinimizdə qadağandır. Hətta Peyğəmbər özü buyurub ki, “dəfn edilərkən mənim məzarımın üstünü dörd barmaqdan yüksəyə qaldırmayın”. 

Qəbir daşları İslam dinində ona görə qadağandır ki, varlılarla kasıblar fərqlənməsin, torpaq yerləri israf olunmasın. Məhz bu israfa görə və qəbiristanlıq üçün yerlər məhdudlaşdığına görə bəzən təklif verənlər olur ki, ölülər yandırılsın. Lakin unutmayaq ki, ölülər dəfn edilərkən varlılar üçün böyük ərazilər zəbt olunmasa, hamıya yer qalar və ölüləri yandırıb qutuya qoymağa da ehtiyac qalmaz.
Qəbir daşlarının qadağan olunmasının bir səbəbi də bütpərəstlik əlaməti olmasıdır. Bəzən kiməsə böyük, təntənəli qəbir daşları qoyurlar və yavaş-yavaş cahil təbəqə onu ziyarət etməyə, sonra da qəbiri səcdəgaha, pirə çevirməyə başlayır. Bu, doğru deyil. 

Bütün müsəlmanlar yerin altında məzara ağ kəfəndə eyni qoyulduğu kimi, yerin üstündə də məzarları eyni olmalıdır. Yoxsa biri varlıdır, qəbrinin üstündə qara mərmərdən bir neçə min manatlıq daş, biri də kasıbdır, qəbrinin üstündə adi bir ucuz daş qoyulsun, bu, böyük qəbahətdir. Bu, müsəlmanlıq deyil. Bu, heç dinsizlik də deyil. Çünki bütpərəst olan bir çox qövmlər belə müsəlmanlar kimi milyonları qəbiristanlıqda israf etmirlər. Adi, sıra ilə, standart daşlar, yaxud işarələr qoyurlar”.

İlahiyyatçı əlavə edib ki, Xristian ölkələrinin əksəriyyətində qəbiristanlıqlar çox səliqəli, sıra ilə, standart daşlardan ibarətdir: 

“Ancaq nəyəsə görə Məhəmməd ümməti o böyük Peyğəmbərdən sonra əməlini azdı, İslamın qadağan etdiyi bir çox adəti yenidən dirçəltdi. Yetimə əl tutmaq, bulaq tikmək, yol çəkmək yerinə ya qonşusu ac ola - ola 10 min manat verib, Həccə getməyi seçir, ya da vəfat edəninə bahalı daşlar qoymaqla özünü müsəlman hesab edir.

Yaxşı olar ki, ölkəmizdə qanun qəbul edilsin, qəbir üstündə standart daşlar qoyulsun. Heç kəs bəhsə girib sələmə, kreditə, borca düşməsin. Qəbirlərin üzərində adi, sadə nişangah olmalıdır.

Bəzi ölkələrdə hətta yerlə bərabər daşlar var ki, nişangah rolunu oynayır. Nə şəkilli, nə təmtəraqlı, nə də bahalı... 

Dünya şöhrətli mərhum boksçu Məhəmməd Əli vəsiyyət etmişdi ki, qəbri yüksək olmasın, elə də etdilər. Müsəlmanlara böyük şərəf bəxş edən böyük bir simanın bu gün məzarı yerə bitişik əl boyda bir parça daşdır”.

Həmsöhbətimiz qəbir üstündə istər daşdan, istər dəmirdən, istərsə də başqa bir vasitədən ibarət sadəcə nişangah olmasının kifayət etdiyini söyləyib:

“Bu da ona görədir ki, yaxınları ziyarət etmək istəyəndə qəbri tapa bilsinlər. Qəbirləri pirə, səcdəgaha çevirmək də İslamda haramdır. Qəbir ibrət alınmaq üçün, xatırlamaq üçün ziyarət olunar, ibadət edilmək, yardım dilənmək üçün deyil”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin