Müəllimlərin öz şagirdlərinə repetitorluq etməsinin qarşısı necə alınacaq? – Maraqlı AÇIQLAMA

Hazırda oxunan: Müəllimlərin öz şagirdlərinə repetitorluq etməsinin qarşısı necə alınacaq? – Maraqlı AÇIQLAMA

180658

Fevral ayının 29-da mətbuat nümayəndələri üçün brifinq keçirən Elm və Təhsil naziri Emin Əmrullayev repetitorluq məsələsinə də toxunub.

O bildirib ki, müəllim öz sinfində olan, özünün dərs dediyi şagirdlə pulla əlavə məşğul olmamalıdır:

“Uzun müddət müəllim maaşı yüksək olmayıb. Ona görə də müəllimlər repetitorluqla məşğul olub. Növbəti iki il ərzində müəllimlərimizin maaşını sertifkasiya vasitəsilə artıracağıq. Mənə görə, müəllim öz sinfində olan şagirdinə repititorluq etməməlidir. Tədricən bunun qarşısı alınacaq. Dərsdənkənar məşğələlərin modeli düzgün tətbiq olunmalıdır”.

Azərbaycanda əvvəllər yalnız buraxılış sinif şagirdləri əlavə pullu məşğələlərə gedirdilərsə, indi ibtidai sinif şagirdləri də repetitor fəaliyyətindən yararlanırlar. İndiki halda kütləvi hal alan repetitorluğun qarşısını almaq mümkünsüz görünür. Lakin nazirin çıxışında öz şagirdlərinə repetitorluq edən müəllimlərin bu fəaliyyətinin yaxın illərdə qarşısının alınacağı fikri maraq doğurub. Həm də ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub. 

Bu, necə mümkün olacaq, necə tənzimlənəcək?

Mövzu barədə Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Elşən Qafarov müəllimin öz dərs dediyi şagirdlə əlavə olaraq ödəniş müqabilində məşğul olmasını qeyri-etik hal kimi qiymətləndirib:

“Amma indi bir müqayisə aparaq. Bir müəllim dərs dediyi uşaqlara bunun qeyri-etik olduğunu deyib, onlara başqa müəllimin yanına getmələrini tövsiyə edir. O, digər müəllimin dərs dediyi uşaqların bunun yanına gəlməli olduğunu bildirir. Bu gün cəmiyyət, təbii ki, buna hazır deyil. İnsanlar deyəcək ki, əgər müəlimin dərs dediyi uşaq öz yanına getmirsə, mənim uşağım niyə onun yanına hazırlığa getsin. Cəmiyyət artıq özü bu kimi məsələləri tənzimləyir”.

Ekspert hesab edir ki, bu məsələ yaxın gələcək üçün həlledilməz olaraq qalacaq:

“Bu bir neçə ilə aradan qaldırıla bilməyəcək, mümkün olan şey deyil. Aradan qaldırmaq üçün beyinləri dəyişmək lazımdır. Bunu da edə bilmirik. Hətta bir neçə on illiyə də bunu dəyişə bilməyəcəyik. Reallıq ondan ibarətdir ki, bu gün repetitorluq bizim həyatımıza o qədər yansıyıb ki, istənilən halda müəllim repetitorluqla məşğul olur. Bir çoxları da repetitorluğa görə müəllim peşəsinə gəlir. 
Cəmiyyət elə bir baxışdadır ki, öz dərs dediyi uşaqla əlavə məşğul olmayan, repetitorluq etməyən müəllimə ciddi müəllim kimi baxmır. Fikirləşirlər ki, yaxşı müəllim olsa, öz dərs dediyi uşaqlar onun yanına gedər. Məsələ bu yerdədir. Fikir doğru olsa da bunu indiki halda aradan qaldırmaq qeyri-mümkündür. Bunun üçün cəmiyyətin baxışı dəyişməlidir”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin