Hər kəs ali təhsil almalıdır? – Deputatdan MARAQLI AÇIQLAMA

Hazırda oxunan: Hər kəs ali təhsil almalıdır? – Deputatdan MARAQLI AÇIQLAMA

180637

Amerika yazıçısı Mark Tvenin maraqlı fikri var: “Təhsil beyni inkişaf etdirməkdir, yaddaşı doldurmaq deyil”. 

Ölkəmizdə də övladının ali təhsil almasını istəyən minlərlə valideyn var. Aşağı-yuxarı hər kəs övladının universitetdə oxumasını istəyir. Çox zaman isə uşaqların öz istəkləri və peşə qabiliyyətləri də valideynlərin arzularının qarşısında arxa plana keçir.

Maraqlıdır, bu təhsil həqiqi təhsildir, yoxsa diplom almaq xatirinə alınan təhsil? Ümumiyyətlə, hər kəs təhsil almalıdırmı?

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O bildirib ki, təhsilin kütləviliyi dünyada mövcuddur:

“Hətta ən çox əhalisi olan Çində də məktəb məzunlarının böyük hissəsi ali təhsil almaq istəyir. Müəyyən dönəmlərdə peşə təhsili qüdrətli ölkələrin formalaşmasında çox böyük rol oynayıb. Məsələn, Yaponiyanı qeyd edə bilərik. Həmin dönəmlər bütün elektronika alətləri Yaponiyadan alınırdı. Bu uğurun qazanılmasında peşə təhsili aqreqator rolunu oynadı. 

Yeni özəl ali məktəblərin yaradılması bizdə ali təhsilə marağı artırdı. Məsələn, Beynəlxalq Universitetin 20-30 min tələbəsi var idi. Ancaq universitet bağlandı və tələbələrin taleyi qeyri-müəyyən olaraq qaldı. Daha sonra özəl məktəblərin bir qismi bağlandı. Digrə qismində isə ya təhsilin keyfiyyətinə, ya da təhsilhaqqına görə abituriyentlər həmin təhsil oacaqlarına üz tutmadılar”. 

O qeyd edib ki, məktəblərdə istedadlı şagirdlərin yönləndirilməsi üçün maarifləndirmə işləri aparmalıyıq:

“Eyni zamanda yüksək peşə təhsili olan məktəblər yaradılmalıdır. Fürsətdən istifadə edib öz ideyamı bölüşmək istəyirəm. Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə bağlı ideya ilk dəfə ortaya çıxanda mən dedim ki, texnoloji universitet olsun. Məsələn, Orta Doğu Texniki Universiteti kimi. Günümüzdə əsas universitetlər texnoloji universitetlərdir. Zaman bunu tələb edir. Dövlət və cəmiyyət üçün humanitar ixtisasların rolunu kiçiltmək istəmirəm. Amma dövrümüzün nəbzi texnologiyadır. 

Moskva Dövlət Universtitetinin rektorunun müsahibəsini oxudum. O deyir ki, Rusiyaya beş yüz mindən çox İKT mütəxəssisi çağırıblar. Çünki tələbat var. 

Həmçinin təklif edirəm ki, Türkiyə və Azərbaycan birgə iki yüksək texniki peşə məktəbi yaratsınlar.  Bu məktəblər yaradılarsa, maarifləndirmə işi güclənərsə, fikrimcə, bizim cəmiyyətimiz üçün çox lazımlı olan ixtisas sahələri ilə bağlı mütəxəssis hazırlığı həyata keçirilə bilər. Yeni universietlərin yaradılması günümüzün tələbidir. 
Cəmiyyətin hər bir fərdi olmasa da, əksər qismi təhsil almalıdır, ala bilməyənlər isə peşə təhsilinə yönəlməlidir. Azərbaycanda ali təhsil məzunlarının statistika faizi çox da yüksək deyil”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin