Məlum məsələdir ki, Ermənistan 30 ildən çox işğalı altında saxladığı Qarabağda böyük ekoloji terror əsdirib. Bu illər ərzində böyük meşə zolaqları qırılaraq və ya yandırılaraq məhv edilib.
İşğal illərində, xüsusilə Vətən müharibəsi zamanı mənfur düşmən tərəfindən meşələrin yandırılması Qarabağın təbiətinə böyük zərbə vurub.
Eyni zamanda, bəzi ərazilərdə torpaqlarımızın flora ilə zəngin olan üst qatı yandırılıb və məhv edilib.
Bizim.Media-nın Qarabağ və Şərqi Zəngəzurda təbiətimizə vurulan ziyanla bağlı suallarını Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin və təbii sərvətlərin idarə edilməsi şöbəsinin müdir əvəzi Kənan Kərimli cavablandırıb.
- Ermənistanın 34 illik işğalı dövründə Qarabağda və Şərqi Zəngəzurda hansı ağac və bitki növləri məhv edilib?
- İşğaldan azad edilmiş ərazilərdə aparılan monitorinq və qiymətləndirmələrə əsasən, 260 311 hektar meşə fondu sahəsində sıx meşə ilə örtülü 54 327 hektar yaşıllığın, eləcə də meşə fondu torpaqlarına aid olmayan ərazilərdə isə 1 milyonadək müxtəlif cinsli ağac və kolların məhv edildiyi aşkarlanıb.
Məhv edilmiş meşə və qeyri-meşə sahələrində aparılmış monitorinqlər zamanı, ağac cinslərindən əsasən palıd, çinar, sərv, akasiya, ağcaqayın, göyrüş, fısdıq, cökə qoz, alma, ərik, armud, tut və digərlərinə ciddi ziyan dəyib. Ot bitkilərindən isə İtikənarlı süsən, Kamilla süsəni, Kuznetsov əsməsi, Komarov birəotu, Qarabağ dağ laləsi, Sağsağan gülxətmisi, Şoranyer qarğasoğanı və digər bitkilərə də böyük həcmdə zərərin vurulduğu müəyyən edilib.
- İşğaldan azad edilmiş ərazilərdə təbiətin bərpası üçün ETSN tərəfindən hansı tədbirlər görülür?
- İşğal dövründə məhv edilmiş yaşıllıqların və meşə sahələrinin bərpası məqsədilə mina təhlükəsizliyi məsələləri nəzərə alınmaqla, Nazirlik tərəfindən ilkin mərhələdə 2022-2026-cı illərdə 1400 hektara yaxın ərazidə yeni yaşıllıqların salınması və meşəbərpa tədbirlərinin həyata keçirilməsi planlaşdırılıb.
Zəngilan şəhərinin girişində 55 ha, Ağdam rayonu ərazisində 11 ha, Cəbrayıl rayonunda isə 74 ha sahədə yeni yaşıllıqlar salınıb, 100 hektara yaxın meşə fondu sahəsində əkin və səpin işləri aparılıb. 2024-cü il ərzində isə 250 hektardan çox ərazidə meşəbərpa tədbirlərinin keçirilməsi nəzərdə tutulur.
Biomüxtəlifliyin qorunması məqsədilə həyata keçirilən reintroduksiyası layihələri çərçivəsində Cəbrayıl rayonu ərazisinə 33 baş ceyran, eləcə də Laçın rayonu ərazisinə 5 Şahin quşu və 4 baş Şərqi Qafqaz turu buraxılıb. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə su bioresurslarının arıtırılması məqsədilə su hövzələrinə 1,1 milyonadək qızılxallı forel və çəki cinsli balıq körpələri buraxılıb.
İşğaldan azad edilmiş ərazilərdə yerüstü su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 10 çay üzərində 11 avtomat hidroloji stansiya, eləcə də bu ərazilərdə hidrometeorloji vəziyyətin öyrənilməsi məqsədilə 5 avtomat meteoroloji və 4 radioekoloji stansiya quraşdırılaraq isifadəyə verilib.
Həmçinin, 8 şəhər, 23 kənd və qəsəbə üzrə, həmçinin Zəngilan və Füzuli Beynəlxalq Hava Limanları, park əraziləri də daxil olmaqla, 50 000 hektar ərazidə yüksək dəqiqlikli topogeodeziya və kartoqrafiya işləri yerinə yetirilib.
İşğal dövründə istismar edilmiş 57 yataqda monitorinq işləri aparılıb, dəymiş ziyan ilkin olaraq qiymətləndirilib, eləcə də Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları üzrə 120 filiz, qeyri-filiz və inşaat materialları yataqlarının təftişi yekunlaşdırılıb.
Füzuli rayonu ərazisində Aşağı Güzlək, Cəbrayıl rayonu ərazisində Havuslu, Sədi və Ərəkül, Zəngilan rayonu ərazisində Cahangirbəyli və Xumarlı, Qubadlı rayonu ərazisində Muğanlı tikinti materialları yataqlarında, Ağdam rayonu Xaçınçay qum-çınqıl yatağında geoloji qiymətləndirmə işləri başa çatdırılaraq müxtəlif tikinti və yol infrastrukturlarının qurulması sektorlarında istifadəyə verilib.
AR Nazirlər Kabinetinin 2021-ci il 27 noyabr tarixli Sərəncamı ilə yaradılmış "İşğaldan azad edilmiş ərazilər də daxil olmaqla, ölkə üzrə bərk məişət tullantılarının idarə edilməsi sahəsində Komissiya" çərçivəsində işğaldan azad edilmiş ərazilərdə tullantıların səmərəli idarə olunmasının təşkili ilə bağlı əlaqələndirilmiş şəkildə işlər görülür. Hazırda formalaşan tikinti-söküntü tullantılarının idarə olunması və təkrar emal edilərək yenidən istifadəsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə yerləşən Bəsitçay və Qaragöl Dövlət Təbiət Qoruqlarının, Arazboyu, Daşaltı, Laçın və Qubadlı yasaqlıqlarının fəaliyyətinin bərpası, yeraltı su ehtiyatlarının qiymətləndirilməsi və düzgün idarə edilməsi, məhv edilmiş meşə fondu sahələrinin bərpası, yeni yaşıllıq sahələrinin salınması işləri intensiv şəkildə aparılır.
- Ekoloji terrorun və dəyən zərərin miqdarı nə qədərdir?
- İşğaldan azad olunmuş ərazilərdə aparılmış ilkin ekoloji monitorinqlərə əsasən, 30 illik işğal dövründə 54 min hektardan çox sıx meşə örtüyünün, təbiət abidəsi statuslu 130-dan çox çoxillik ağacın, meşə fonduna aid olmayan ərazilərdə 1 milyonadək ağac və kol bitkisinin məhv edildiyi, 50-dən çox mineral xammal yatağının istismar edildiyi məlum olub. Hazırda qiymətləndirmə işləri davam edir və yekunlaşdıqdan sonra dəymiş zərərin yekun hesabatı hazırlanacaq.
- Ekoloji terrorun nəticələrinin aradan qaldırılması üçün daha hansı addımlar atılmalıdır?
- Ermənistanın işğalı dövründə ətraf mühitə dəymiş zərərlərin kompensasiya edilməsi məsələsi gündəmdədir. Bundan başqa, ekosistemin bərpası, eləcə də bu ərazilərdə sağlam ətraf mühitin yaradılması məqsədilə məhv edilmiş meşə fondu sahələrinin bərpası, yeni yaşıllıq massivlərinin salınması nəzərdə tutulub.
Eyni zamanda, xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin bərpası və idarəetmənin təşkili, eyni zamanda region üçün tarixən ənənəvi hesab olunan fauna növlərinin, o cümlədən su bioresurslarının artırılması və bu ərazilərdə mövcud olan yeraltı və yerüstü su ehtiyatlarının düzgün idarə edilməsi mühüm əhəmiyyət kəsb edir.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:34 / 01.03.2024
Qarabağda ekologiyanın bərpası üçün hansı tədbirlər GÖRÜLÜB? – Nazirlik rəsmisindən AÇIQLAMA
Hazırda oxunan: Qarabağda ekologiyanın bərpası üçün hansı tədbirlər GÖRÜLÜB? – Nazirlik rəsmisindən AÇIQLAMA
Hazırda oxunan: Qarabağda ekologiyanın bərpası üçün hansı tədbirlər GÖRÜLÜB? – Nazirlik rəsmisindən AÇIQLAMA
180605
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.