Bu gün Azərbaycanda 650 mindən artıq arı ailəsi var. 2023-cü ildə bu sahədə ciddi itkilər baş verib, böyük sayda arı ailələri müxtəlif səbəblərdən məhv olub.
Arı ailələri üçün əsas risklər – yoluxucu xəstəliklər, dolu yağması, sel, daşqın, quraqlıq nəticəsində bitki örtüyünün olmaması, vəhşi heyvanların, o cümlədən ayıların hücumu və sairdir. Bundan başqa, arı ailələri daşınma zamanı stress, avtomobil qəzaları, əkin sahələrinin dərmanlanması zamanı zəhərlənmə kimi hallar nəticəsində də tələf olur.
MÖVZU İLƏ BAĞLI:
Qarabağ və Şərqi Zəngəzurda sahibkarlara güzəştli kreditlər bu şərtlərlə veriləcək
Arıların tələf olması isə sahibkarların ciddi zərərlə üzləşmələrinə səbəb olur.
Bəs, arı ailələrinin sığortalanması istiqamətində hansı addımlar atılır?
Aqrar Sığorta Fondunun nümayəndəsi Əli Əhmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycanda dövlət dəstəyi ilə təsdiq olunan aqrar sığorta mexanizmində arı ailələrinin sığortası nəzərdə tutulmayıb:
“Ancaq bununla bağlı hazırlıq işləri başlayıb və müvafiq hesablamalar aparılır. O cümlədən, dünya, əsasən də Türkiyə təcrübəsinin öyrənilməsinə başlanılıb. Hazırda daxili sektor yaxından öyrənilir, arı ailələri üçün mövcud risklər təsərrüfatları məhv edən xəstəliklər, bu sahəyə xas olan bəzi xüsusiyyətlər, bazarın həcmi və digər məsələlər yaxından araşdırılır”.
Onun sözlərinə görə, yaxın vaxtlarda arıçılıq təsərrüfatlarının sığortalanması üçün yeni məhsullar hazırlanacaq:
“Bu da fondun 2024-2025-ci illər üçün planlarında nəzərdə tutulub. Hazırda ölkəmizdə 650 min arı ailəsi var. Demək olar ki, bütün bölgələrdə arıçılıq təsərrüfatları yaradılıb. Sadəcə, aqrar sığorta sistemi yeni yarandığı üçün bəzi sahələr, eləcə də arıçılıq bu sahəyə cəlb olunmayıb.
Bununla belə, mərhələli şəkildə yeni məhsulların cəlb olunması prosesi başlayıb. Fond yeni fəaliyyətə başlayan zaman 6 növ məhsulu sığorta edirdi. Fəaliyyətini genişləndirdikcə, digər sahələr də sığortaya cəlb olundu. Qarşıdakı dövrlərdə isə həm arıçılıq, həm də quşçuluq təsərrüfatlarının sığortalanması nəzərdə tutulub.”.
Rövşən Ziya, Bizim.Media