Xocalı soyqırımının şahidləri o dəhşətli günlərdən danışırlar

Hazırda oxunan: Xocalı soyqırımının şahidləri o dəhşətli günlərdən danışırlar

179773

Erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı faciəsi xüsusi amansızlığına görə seçilir. Kütləvi qətliam zamanı Xocalı şəhəri bir gecədə yerlə-yeksan edilib, qadın, uşaq və qoca demədən, 613 günahsız insan məhz azərbaycanlı olduqlarına görə qətlə yetirilib. 32 il keçməsinə baxmayaraq, xalqımız bu faciənin mənəvi ağrısını, onun dəhşətlərini qəlbində daşıyır, həmin günü unutmur.

Bizim.Media xəbər verir ki, AZƏRTAC-ın bölgə müxbiri Xocalıda olub, 32 il əvvəl baş verən qanlı hadisələri sakinlərin dilindən dinləyib. 

Onun qeydlərini təqdim edirik.

“1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü.

Avtomobilimiz Ağdam rayonunun Evoğlu kəndi ərazisindəki postdan keçib işğaldan azad edilmiş ərazilərə daxil olur. Bizimlə birlikdə gedən Xocalı sakinləri Vəliyəddin Quliyev, Qaryağdı Quliyev və Şahin Əzimov çox həyəcanlıdırlar. Çünki 32 il əvvəl ayaqyalın, meşələrlə, dağlarla güllə yağışı altında tərk etdikləri torpaqlara qədəm qoyurlar. Onlar işğal altında olan torpaqlarımızın azad edilməsinə, şəhidlərimizin qisasının alınmasına görə təskinlik tapsalar da, hələ də o dəhşətli hadisələrin ağrı-acısını yaşayır, dinc əhaliyə qarşı törədilən vəhşiliklərin təsirindən çıxa bilmirlər.

Sarıcalı, Ağdamkənd kəndlərini keçib Ağdam şəhərinə çatırıq. Qaryağdı kişi Şəhidlər xiyabanında dayanmağımızı xahiş edir. Xocalı faciəsi zamanı qətlə yetirilən dinc sakinlərin bir hissəsi Ağdam Şəhidlər xiyabanında dəfn olunub. İşğal dövründə erməni vandalları Şəhidlər xiyabanındakı qəbirləri qazaraq dağıdıblar.

Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra yolumuza davam edirik. Əsgəran qalasına yaxınlaşırıq. Sol tərəfdə dağlar görünür. Vəliyəddin Quliyev ağ qayanı göstərib “camaatı bax orada qırdılar”, - deyir. Avtomobildən düşürük. 80 yaşlı Vəliyəddin dayı ətrafa göz gəzdirib dərindən köks ötürür: “Fevralın 25-dən 26-na keçən gecə saat 11-də atışma başladı. Ermənilər Xankəndi tərəfdən zirehli texnikalarla hücuma keçdilər. Camaat naəlac qalıb Xocalını tərk etməli oldu. Qarqar çayını keçib dağlarla - Ağdama tərəf getməyə başladıq. Dəhşətli gecə idi. Bax o istiqamətdən - Naxçıvanik tərəfdən bir maşın gəldi. Elə bu vaxt camaatı atəşə tutmağa başladılar. Camaatı orda qırdılar... Qızımın qaynanası yaralanmışdı. Onu Ağdamın Şelli kəndinə qədər belimdə apardım. Həmin gecə hər cür vəhşiliklərin şahidi oldum. Başı kəsilmiş, gözü çıxarılmış insanlar gördüm. Oğlumu itirdim, bu vaxta qədər xəbər ala bilmirik...”.

Avtomobilə minib yolumuza davam edirik. Əsgəran qalasından Xocalıya qədər 4 kilometr məsafə var. Nəhayət, Xocalı şəhərinə çatırıq. Badara çayının sahilində avtomobildən düşürük. Digər həmsöhbətim Qaryağdı Quliyev deyir ki, 32 il əvvəl ailəsi ilə birlikdə Xocalını tərk edib, bu çay vasitəsilə xilas olmağa çalışmışdı.

“Həmin gecə mən avtomobil qarajında gözətçi idim. Axşam 366-cı alayın tanklarının səsini eşitdim. Elə bildim təlimə gedirlər. Gördüm tanklar Ballıca istiqamətinə yön alıblar.

Tankların bir hissəsi aeroport istiqamətində, digər hissəsi isə Mehdikənddən Qaladərəsi tərəfə getdi. Atəş səsləri eşidildi. Aeroportu və Qaladərəsini tutub atəş aça-aça Xocalıya istiqamət aldılar. Camaat yığışdı poçtun yanına. Rabitə işçiləri Ağdam və Şuşadan kömək istəsələr də, kömək gəlmədi. Gördük ki, ermənilər yaxınlaşır, Badara çayı ilə dağa tərəf getməyə başladıq. Oradan camaat bölünüb müxtəlif istiqamətlərə yön aldı. Biz Dəhraz kəndinə tərəf getdik. Ayın 26-sı səhər açıldı. Soyuqdan çoxlu uşaq, qadın donub öldü. Bir tərəfdən də ermənilər arxamızca gəlib atəşə tuturdular. Camaat həm soyuqdan, həm də ermənilərin atəşindən qırılırdı. Gözümüzün qarşısında camaatın bir hissəsini tutub apardılar. Həmin gecə mən ailəmi – həyat yoldaşımı, üç azyaşlı övladımı itirdim. Qardaşım xəstələnmişdi, gedə bilmirdi. Qardaşım dedi ki, məni qoy, ailənlə çıx get. Mən qardaşımı qoyub gedə bilmədim. Ailəm camaata qoşulub getdi. Qardaşımla mən çətinliklə fevralın 29-da Ağdamın Gülablı kəndinə gəlib çıxdıq. Qardaşımı xəstəxanaya yerləşdirdilər. Ailəmi tapa bilmədim. İstədim meşəyə qayıdam, axtaram qoymadılar. Bu günə qədər həyat yoldaşımdan və uşaqlarımdan heç bir xəbər yoxdur. Oğlumun 7, qızlarımın birinin 13, digərinin 11 yaşı vardı...”.

Xocalı faciəsi zamanı 17 yaşı olan Şahin Əzimov aldığı mənəvi yaranın ağrısını yaşayır, həmin gecənin dəhşətlərinin təsirindən çıxa bilmir. Deyir ki, həmin gecə təkcə ata-anasını deyil, gəncliyini, xoşbəxtliyini də itirib. Onunla bir zamanlar qayğısız yaşadığı evlərinin həyətində söhbət edirik. “Dayandığımız yer bizim həyətimizdir. Burada bizim evimiz vardı. 1992-ci ilin fevral ayına qədər burada xoşbəxt günlərimiz olub. Fevralın 25-dən 26-na keçən gecə ermənilər hücum edəndə biz də Xocalıdan çıxmağa məcbur olduq. Ağdam istiqamətində getdik, Qaraqaya deyilən yerdə ermənilər qarşımızı kəsib atəş açmağa başladılar. Çox insan öldü orda, atam, anam yaralandı. Atam dedi ki, “qaç canını qurtar”. Hər tərəfdən mühasirəyə almışdılar. Çıxmaq çətin idi. Orada yüzlərlə insan gözümün qabağında öldürüldü. Çox dəhşətli idi. Atamı, anamı yaralı vəziyyətdə qoyub getməli oldum. Sonra onların cəsədlərini Ağdama gətirəndə gördüm ki, ermənilər hər birini güllə-boran ediblər... Şükürlər olsun ki, torpaqlarımız işğaldan azad olunub və mən bu gün Xocalıya, həyətimizə gəlmişəm. Yəqin ki, bütün şəhidlərin, o cümlədən atamın, anamın ruhu şaddır. Prezidentimizə, ordumuza minnətdaram. Allah şəhidlərimizə rəhmət eləsin” - deyə, Xocalı sakini bildirib.

Sakinlərlə birlikdə Xocalı qəbiristanlığına da baş çəkdik. Erməni vandalları qəbiristanlığı dağıtsalar da, məzar daşlarının bəziləri salamat qalıb. Qaryağdı kişi ata-anasının məzarını tapıb dua oxuyur.

Xocalı sakinləri 32 il əvvəl baş verənləri xatırladıqca o dəhşətləri yenidən yaşayaraq dərin kədər hissi keçirir, digər tərəfdən doğma torpaqlarına ayaq basdıqlarına görə şükranlıq edir, şəhərdə aparılan bərpa-quruculuq işlərinə görə sevinirdilər. Çünki çox keçməyəcək, 32 il əvvəl əzab-əziyyətlə tərk etdikləri doğma yurdlarına toy-büsatla qayıdacaq və burada xoşbəxt yaşayacaqlar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin