Gecikən təcili YARDIM, yoxsa YOXA çıxan 349 ambulans? – BİZİM ARAŞDIRMA 

Hazırda oxunan: Gecikən təcili YARDIM, yoxsa YOXA çıxan 349 ambulans? – BİZİM ARAŞDIRMA 

179558

Son vaxtlar təcili tibbi yardımın işi ilə bağlı müxtəlif məzmunlu şikayətlər artır. Səhhətlərindəki narahatlıqla bağlı təcili yardıma müraciət edən vətəndaşlar gah onların ünvana gecikməsindən, gah da xəstəyə keyfiyyətli xidmət göstərməməsindən şikayətlənirlər.

Təcili yardım briqadaları çağırış olunan ünvana ləngimələrinin səbəbini isə yollardakı sıxlıq və müraciət edənlərin çoxluğu ilə əlaqələndirsələr də, problemin kökündə başqa səbəblər dayanır. Araşdırmalar və statistik rəqəmlər göstərir ki, ərazilərə paylanan təcili yardım briqadalarının sayı həmin rayon əhalisinin sayına müvafiq deyil. Dolayısı yolla bunu rəsmi qurumlar da dilə gətirirlər. Amma problemlə bağlı xoşagəlməz hadisələr azalmır, əksinə artır.  

Rəsmi qurumun etirafı... 

Bu günlərdə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyevanın paytaxt üzrə ambulans sayı ilə bağlı da açıqlaması da maraq doğurub. Təcili yardımda 139 briqadanın fəaliyyət göstərdiyini açıqlayan qurum rəsmisi Bakı əhalisinin sayı ilə xidmətdə olan briqada sayının nisbətində uyğunsuzluq təşkil etdiyinə işarə edib. Bir sözlə paytaxtdakı təcili yardım avtomobillərinin sayının az olduğunu bir növ etiraf edib:

“Bu, bir neçə il öncə ayrılan briqada sayıdır. Ümumiyyətlə, hər hansı region üzrə ayrılan briqada sayı qeydiyyatda olan əhalinin sayına uyğun ayrılır. Bakıda hazırda təxminən 2,5 milyon əhali rəsmi qeydiyyatdadır. Amma bir o qədər də qeyri-rəsmi qeydiyyatda yaşayan əhali var” – deyə direktor müavini bildirib. 

Əvvəlcə ondan başlayaq ki, paytaxtda 139 sayda təcili yardım briqadasının olması əhali sayına müvafiqdirmi? 

2018-ci ilin əvvəlinə qədər Bakı əhalisinin sayı 2 262 600 nəfər idi. Həmin vaxt paytaxtda ambulansların sayı 175 olub. Rəsmi mənbələrə görə, hazırda Bakının qeyri-rəsmi əhalisi 5 milyona yaxındır. İndi isə təcili tibbi yardımın sayı 139-dur. Ambulansların sayının azalması anlaşılan deyil. Bu artıq başqa mövzudur...

Bir rayona 10, bir qəsəbəyə isə 1 təcili tibbi yardım?

Bakı şəhərinin tərkibinə 12 inzibati rayon, 59 qəsəbə daxildir. 139-u 12 rayona bölsək, hər rayona təxminən 10-11 sayda təcili yardım avtomobili düşür. Rayonlara daxil olan ən azı 5, ən çoxu 12 qəsəbəni və əhali sayını nəzərə alsaq, hər qəsəbəyə təxminən 1 və ya 2  təcili yardım briqadasının düşdüyünü görmək mümkündür. Əlbəttə ki, qəsəbə sayının çoxluğunu və əhalisi çox olan rayonları da nəzərə alsaq, ortaya acınacaqlı mənzərə çıxdığının fərqinə varmış olacağıq. Ən azı 40-50 min əhalisi olan qəsəbəyə bir ambulans necə təcili yardım göstərə bilər? 

65 ambulansa 8 milyon manat...

Məlumat üçün bildirək ki, 2022-ci ildə İcbari Tibbi Sigorta üzrə Dövlət Agentliyi tərəfindən Azərbaycana yeni 65 ədəd təcili tibbi yardım avtomobili gətirilib və bu avtomobillərə 8 milyon manata yaxın vəsait ödənilib. Bu barədə Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib. 

Onun sözlərinə görə, yeni gətirilən avtomobillər müasir tibbi avadanlıqlarla (defibrilyator, portativ süni tənəffüs aparatı, inqolyator, elektrokardioqramma və s.) təchiz edilib. Ambulansların salonlarının təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir. 

Avtomobillər bir sıra özünəməxsus özəlliklərə malikdir. Belə ki, “Mercedes-Benz” markalı təcili tibbi yardım avtomobillərindən 37 ədədi sadə differensiallı, 7 ədədi xüsusi 2 differensiallı, 20 ədədi reanimobil ve 1 ədədi perinatal küvəzlidir. Avtomobillərin komplektasiyası istənilən vəziyyətdə olan pasiyentlərin daşınmasına imkan verir. Ambulanslar xəstə tibb müəssisəsinə aparılarkən yolda müalicəyə başlamağa imkan verən geniş çeşiddə dərman və tibbi avadanlıqlarla təmin edilib".

349 təcili tibbi yardım avtomobili haradadır?  

Agentlik rəsmisi əlavə olaraq vurğulayıb ki, 2020-ci ildən 2022-ci ilin 9 dekabrınadək ümumilikdə 249 təcili tibbi yardım avtomobili alınıb. Bundan əlavə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev ilin yekunlarına dair hesabatında 2023-cü ildə 100 ədəd yeni təcili tibbi yardım avtomobilinin də alındığını bildirib.

O, vurğulayıb ki, icbari sığortanın tətbiqindən sonra 349 sayda ambulans maşını alınıb: 

"İcbari tibbi sığortanın tətbiqindən əvvəl ambulanslara olan ehtiyacın ödənilən hissəsi 40% idisə, hazırda 64% təşkil edir". Yəni qurum rəsmisinin sözlərinə görə 3 il ərzində təcili tibbi yardıma olan təminat 25 faizə yaxın artıb. 

Məntiqlə 3 il ərzində 349 təcili tibbi yardım avtomobili alınıb. Üç il ərzində 349 təcili tibbi yardım avtomobili alınıbsa, onlar harada fəaliyyət göstərir? İstər Bakıda, istərsə də bölgələrdə çağırışlara çatmayan təcili yardım briqadalarının sayı niyə artırılmayıb? Artırılıbsa, texniki təchizatın hansı ərazilər üzrə paylanması ilə bağlı ictimaiyyətə niyə açıqlama verilməyib?
Paylanıbsa, hansı rayon və ya qəsəbələrimizdir? Bu sahədə çatışmazlıq və neqativlər niyə azalmaq əvəzinə, niyə artır? İstənilən şəxsin təxirə salınmaz yardıma ehtiyacı olduqda və ya onu dərhal xəstəxanaya çatdırmaq lazım gəldikdə niyə təcili tibbi yardımı tapmaq olmur? Yoxsa təcili tibbi yardım çağırışları "seçir"?

Bu suallara illərdir ki, cavab tapmaqda çətinlik çəkirik. O səbəbdən ki, rəsmi qurumlar zaman-zaman sadəcə boş statistikaya söykənərək, pafoslu çıxışlar edirlər. Fəaliyyət istiqamətləri ilə bağlı tutarlı açıqlamalardan yayınırlar.   

Bir ambulansa 80-120 min manat xərclənir...

Yeri gəlmişkən yeni alınan ambulanslar Türkiyə və “Gəncə Avtomobil Zavodu”nda yığılan təcili yardım avtomobilləridir. 

Təcili tibbi yardım avtomobilinin birinin alınmasına təxminən 80-120 min  manat (ƏDV daxil) məbləğində vəsait xərclənir.Təbii ki, qiymətlər təcili tibbi yardım avtombilinin hansı tibbi avadanlıqla təchiz olunmasına görə dəyişir. 

Təcili tibbi yardımla bağlı problem paytaxtla yanaşı həm də  Abşeron və digər bölgələrdə də aktualdır.  Hansı ki, Bakıdakı təcili tibbi yardım briqadalarının sayının Abşerona aidiyyəti yoxdur. Abşeron Rayon Səhiyyə şöbəsinin balansında cəmi 3  təcili tibbi yardım briqadası var. Çıxılmaz vəziyyətdə qalan vətəndaşlar çox vaxt təcili yardım üçün Bakıya üz tutmalı olurlar. 

Abşeron rayonunda ümumilikdə 300 mindən çox əhali yaşayır. Rayon ərazisinə bir şəhər, 8 qəsəbə, 6 kənd daxildir. Sual olunur, bu qədər böyük bir rayona 3 təcili  tibbi yardım briqadası necə yardım edə bilər?! Eyni vaxtda 10, 15, və ya daha çox ağır xəstənin təcili yardıma ehtiyacı olsa, xəstələrin aqibəti necə olacaq? 
Bölgə xəstəxanalarının balansında hər rayon üzrə 1 və 2 ambulans düşür. Ambulansların hər ikisi çağırışda olarkən,  təcili tibbi yardıma ehtiyacı olan xəstənin aqibətini düşünmək belə çətindir. Məsələ ilə bağlı TƏBİB-ə bir aydan çoxdur ünvanladığımız sorğulara cavab ala bilmirik. 

Mövzunu diqqətdə saxlayacağıq...

Alçina Amilqızı, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin