Balakəndə 2 min ilə yaxın yaşı olan tarixi abidə nə vaxt BƏRPA OLUNACAQ? – FOTO 

Hazırda oxunan: Balakəndə 2 min ilə yaxın yaşı olan tarixi abidə nə vaxt BƏRPA OLUNACAQ? – FOTO 

179514

Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya institunun Balakən ekspedisiyası Tülü kəndində yerləşən eyniadlı tarixi abidədə müxtəlif illərdə bir neçə dəfə arxeoloji qazıntılar aparıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, erkən-orta (III - V) əsrlərə aid edilən hətta daha da qədim tarixin qalıqlarının üzə çıxarıldığı və bir neçə mədəni dövrü özündə əks etdirən bu maddi –mədəniyyət nümunəsi hazırda baxımsızlıqdan dağılmaq üzrədir. Təəssüf doğuran digər məqam isə abidə üzərindəki tanıdıcı lövhədə yanlış məlumatların qeyd olunmasıdır. 

Tədqiqatlar nəticəsində burada üç qat tikili olduğu müəyyən edilib. 

Bu üç qat tikilinin alt qatında yerləşən kilsə orta əsrlərə aid olub. Sonrakı dövrlərdə dağılıb və onun üzərində birlifli digər alban xristian abidəsi inşa edilib. İllər sonra bu kilsənin həm şimal, həm cənub hissələrində bişmiş kərpic və çay daşından əlavələr  olunub. Tarixi abidənin bugünkü vəziyyəti isə acınacaqlı hesab edilə bilər. 


Qafqaz Albaniyasına məxsus abidənin ümumi uzunluğu 17 metr, eni 11 metrdir. Abidənin mehrab hissəsində aparılan tədqiqatlarda müəyyən olunub ki, bu hissədə də cənub divarında olduğu kimi söküntü işi aparılıb. 

Tarixi abidə Tülü kənd sakini Elşən Dabaxovun həyətində-şəxsi təsərrüfatında yerləşdiyindən o bütün qazıntı işlərində arxeoloqlara kömək edib.

O bildirir ki, məbədin üstü və ətrafı mühafizə olunmadığından burada ciddi korroziyaya uğrama baş verir. 

Aparılan tədqiqatlar nəticəsində burada çox sayda maddi-mədəniyyət nümunələri, antik dövrdən başlayaraq ilk orta əsrlərə xarakterik olan keramika növləri aşkarlanıb. Bundan başqa, abidənin ətrafında Qafqaz Albaniyasına məxsus əhali tərəfindən ibadətlə yanaşı, dəfn prosesinin də həyata keçirildiyi müəyyən olunub. 


Araşdırma apararkən bir təəssüfedici məqamla da qarşılaşırıq. 

Belə ki, Tülü məbədinin tarixi və ad yazılışında ciddi yanlışlığa yol verilib. Tanıdıcı lövhədə məbəd türbə kimi qeyd olunub. Türbə isə müsəlman adət-ənənəsinə görə qəbirlər üzərində ucaldılan abidədir. Bundan əlavə, abidənin XIV əsrə aid olduğu qeyd edilib. Lakin məbəd III-V əsrlərdə inşa olunub və Alban memarlığının ən zəngin irsini özündə daşıyır.

Tədqiqatçı alim Akif Məmmədli bildirir ki, 26 ölkə əhəmiyyətli tarixi abidənin qeydiyyata alındığı Balakən rayonunda hələ tədqiqata ehtiyacı olan daha 100-dən çox tarixi abidə var. 

Tülü abidəsinə gəlincə isə burada açıq səma altında muzey təşkil etməklə turizm sektorunu canlandırmaq mümkündür.


Belə ki, bu tarixi abidə Yevlax-Zaqatala-Gürcüstan magistralının lap yaxınlığında yerləşir. Gələcəkdə tarixi abidəni bərpa və restavrasiya edərək onu dünya memarlıq abidələri sırasına daxil etmək eyni zamanda Azərbaycanın multikultural dəyərlərə verdiyi töhfəni xarici turistlərə bariz şəkildə nümayiş etdirmək mümkündür.

“Çox təssüf ki, unikal bir tarixi abidə bu gün göz önündə məhv olmaqdadır. Mən bir tədqiqatçı olaraq çox istərdim ki, abidənin heç olmasa, qorunması üçün öncə rekonsturuksiya, daha sonra isə onun restavrasiya olunmasına cəhd göstərilsin”, - deyə Akif Məmmədli bildirib. 

Tülü məbədin hazırkı vəziyyəti ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, əldə olunmuş bütün tarixi faktlar yenilənmiş şəkildə reystrə daxil ediləcək. Eyni zamanda tarixi abidənin bərpa edilməsi də diqqətdədir. Belə ki, abidə bərpa edilməsi üçün investisiya planına daxil edilib. 






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin