Kamil Zeynallı: "İnanmırdım ki, Vətənə geri qayıdaram" - VİDEO

Hazırda oxunan: Kamil Zeynallı: "İnanmırdım ki, Vətənə geri qayıdaram" - VİDEO

179298

Xəbər verdiyimiz kimi, ötən gecə Moskvadan Bakıya qayıdarkən Domodedovo hava limanında saxlanılan məşhur fitnes məşqçi Kamil Zeynallı sərbəst buraxılıb.

Bizim.Media xəbər verir ki, Kamil Bakı vaxtı ilə saat 05:00-da Heydər Əliyev adına hava limanına endikdən sonra media nümayəndələrinin suallarını cavablandırıb.

Zeynallı onu Vətənə qaytaran dövlət başçısı cənab İlham Əliyevə və aidiyyatı dövlət orqanlarına təşəkkürünü bildirib:

"Öncə cənab prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Onun diqqəti sayəsində mən buradayam. Anar Ələkbərova təşəkkürümü bildirirəm. O, dünən mənimlə, ailəmlə və ora ilə neçə dəfə əlaqə saxladı. Heydər Əliyev Fonduna, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və Polad Bülbüloğlu başda olmaqla bizim Rusiyadakı səfirliyimizə təşəkkürümü bildirirəm. Onlar mənim üçün çox əziyyət çəkdilər. Mən saxlanılan andan bütün səfirliyin əməkdaşları hava limanının polis idarəsinin yanında idilər. Səhərə kimi yatmayıblar. Suyumu, yeməyimi gətirmişdirlər. Polad Bülbüloğlu gecə mənimlə 2 dəfə əlaqə saxladı. Dedi ki, Kamil narahat olma. Dövlətimiz və xalqımız sənin arxandadır. Biz əlimizdən gələni edirik. Yaxşı olacaq".

Kamil bu hadisələr fonunda MDB ölkələrinə girişinin məhdudlaşdırıldığını vurğulayıb:

"İnanmırdım ki, qayıdam. Heç ağlımda yox idi, sözün düzü. Məni MDB üzrə axtarışa veriblər. Bu dəqiqə mən heç bir MDB ölkəsinə daxil ola bilmərəm. Misal üçün, Özbəkistan, Qırğızıstan, Türkmənistana gedə bilmərəm. Çünki "stop"dayam. Bu da onların zəifliyidir. 

Ümidim yox idi ki, mən bu gün Vətənə qayıdaram. Bütün fikrim cəmlənmişdi oradakı həbsxanaya. Həyatdır, Allah etməyəndə, amma bəndə edir. Amma cənab prezident sağolsun yenə qalibiyyəti oldu. Onun səyi nəticəsində "Dəmir Yumruq" onların başına dəydi və bir daha orada sübüt elədi ki, Azərbaycan çox güclü dövlətdir".

Zeynallının sözlərinə görə, o bir neçə dəfə Rusiya ərazisinə daxil olarkən sərhəd-gömrük işçiləri tərəfindən pasportu alınaraq dəqiqələrlə yoxlanılıb:

"Bu "stop"un müddəti bizdən deyil, onlardan aslıdır. Mən bilmirdim ki, belə bir şey ola bilər. Mən Rusiyaya dekabr ayında 2 dəfə getmişəm. Hər dəfə gedəndə məni saxlayırdırlar. Pasportumu götürürdülər, 10-15 dəqiqədən sonra geri gətirirdilər. Fikirləşirdim ki, görəsən bunu niyə belə edirlər. Onlar məni axtarışa verəndə savadsız yazı yazıblar. Adımı və soyadımı səhv yazıblar. "K" sonra rus "я"sı və "mil". Mənim isə adım elə yazılmır. Soyadımı isə "Зейналли", sonuncu hərifi "i" ilə yazıblar. Ona görə məni saxlayıblarmış. Baxıb görüblər ki, həriflər uyğun deyil buraxırdılar. Bu dəfə dərindən araşdırdılar...".

Fitnes məşqçi səhhətinin yaxşı olduğunu və bu gün ərzində şəxsən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu tərəfindən səfirlikdə ona dincəlmək üçün yer ayrıldığını söyləyib:

"Dünən məni səfirliyə apardılar. Səfirlikdə Polad Bülbüloğlu sağolsun qonaq otağında yer elədilər. Orada biraz dincəldim, rahatlaşdım. Amma beynimdə hələ də oradakı proseslərdir. İnana bilmirəm ki, məni oradan çıxartdılar və ölkəmizə göndərdilər. Bu siyasi bir məsələdir. Prinsip məsələsidir. Bizim dövlətimiz bir neçə separatçını tutub Azərbaycana gətirdi. Bunun qarşısında siyasi prinsip aparmaq istəyirdilər. Amma alındıra bilmədilər".

Kamil müsahibəsinin sonunda anası Sahilə xanım və qızı Sahilə ilə dəfələrlə danışdığını və onların hər şeyə hər an hazır olmalarını istəyib:

"Ötən gün anamla danışanda o ağlayırdı. Dedim ki, birdən səndən müsahibə alarlar, sən ağlama. Çünki ən azından şəhid analarından ayıbdır. Mən qayıdacağam, amma şəhid analarının oğulları qayıtmayacaq. Özünü zəif göstərmə, gücünü göstər. Vətən, qazilərimiz sağolsun. Allah şəhid analarına can sağlığı versin. Anamı hazırlayırdım. Qızım Sahiləyə dedim ki, dərslərini oxu. Hər nəsə ola bilər...

Ola bilər ki, ata gec və ya tez gələr, amma ananın sözlərinə bax, nənənin yanında ol. Anamı, övladımı, Gülay xanımı da sakitləşdirdim. Dünəndən onunla nə qədər telefonda danışmışıq. Buradan çıxıb anamın yanına gedəcəyəm".

Qeyd edək ki, K. Zeynallı Vətən müharibəsi başlayandan iki gün sonra, 29 sentyabr 2020-ci ildə Ermənistan tərəfindən axtarışa verilib. Ona qarşı həmin ölkənin Cinayət Məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham verilib. 
 


Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin