Saç şampunlarının inanılmaz zərərləri ilə bağlı XƏBƏRDARLIQ  

Hazırda oxunan: Saç şampunlarının inanılmaz zərərləri ilə bağlı XƏBƏRDARLIQ  

179198

Bu gün ən çox istehlak etdiyimiz məhsullardan biri də şampunlardır. Bəlkə də ona görədir ki, mağazalarda şampunların geniş çeşidi təklif olunur. Hələ aptekləri demirik. İxtiyari aptekdə ən azı 7-8 şampun növü təqdim edilir. Və hamısının da müalicəvi xüsusiyyətə malik olduğu deyilir.

Amma unuduruq ki, şampun ilk növbədə saça qulluq məhsuludur. Marketinq hiylələrinə aldanmamaq üçün bunu bilmək vacibdir. Şampun yalnız baş dərisini təmizləmək və saç strukturuna qulluq etmək üçün lazımdır.

Yəni, şampun qablaşdırmasının üzərində onun saçları gücləndirdiyi və ya böyüməsini stimullaşdırdığı, saç tökülməsini azaltdığı və s. yazılıbsa – bunlar daha çox marketinq hiylələridir. Bəli, şampunların tərkibində vitaminlər və digər mikroelementlər, həmçinin dərman maddələri ola bilər. Ancaq xüsusi dərmanlarla müalicə kimi tam effekt vermir. Amma bu o demək deyil ki, başınızı və saçınızı istənilən vasitə ilə yumaq olar. Saçınızı düzgün yumasanız, onlar tökülməyə, tutqun, quru və cansız olmağa başlaya bilər.

Saçları lazım olmadıqca yumaq lazım deyil. Mütəxəssislər hesab edir ki, saçın təmiz olduğu halda yuyulması quruluğa gətirir və baş dərinizə və saçınıza zərər verir. Saçda kəpək, qaşınma, qızartı, kövrəklik və solğunluq yaranır. 

Amma uzun müddət kirli saçlarla gəzmək lazım deyil. Belə bir mif var ki, yağlılığa bir müddət dözmək lazımdır ki, başınızın dərisi buna alışsın. Bu halda saçınızı daha az-az yumalı olacaqsınız. 

Amma bu da yanlışdır. Dəri ifrazatları, ölü epidermal hüceyrələr, baxım vasitələrinin qalıqları və hətta adi toz baş dərisində toplanır. Buna görə də, baş dərisini vaxtında təmizlənməmək göbələyin yaranmasına və xoşagəlməz bir qoxuya səbəb ola bilər.

Bəs, saçlarımıza qulluq zamanı nəyə diqqət etməliyik?

Bizim.Media-nın mövzu ilə bağlı suallarını cavablandıran terapevt Abbas Bağırov bildirib ki, gigiyenik və kosmetik məqsədlər üçün istifadə olunan şampunlar qeyri-təbii mənbələrdən istehsal olunubsa, onların içərisindəki komponetlər və kimyəvi birləşmələr stabil xarakter daşımır, orqanizmə mənfi təsir göstərir:

“Şampunların içərisinə qatılmış aromazitorlar, kimyəvi qatqılar dəriyə qıcıqlandırıcı təsir göstərir. Bunun nəticəsində həm tükdibinin iltihabı yaranır, həm də dərinin gigiyenası - dəri tənəffüsü pozulur. Bu da öz növbəsində həm saçların inkişafına mənfi təsir göstərir, həm də dəri reseptorlarının fəaliyyətini pozmaqla müəyyən fəsadlar yaradır”.

Abbas Bağırov hesab edir ki,  şampunların istifadə müddəti keçdikdən sonra istifadəsi məqsədəmüvafiq deyil:

“Çünki şampunun tərkibindəki komponentlər bir müddətdən sonra kimyəvi dəyişikliyə uğrayır. Bu kimyəvi dəyişikliklər nəticəsində toksiki təsir göstərən maddələr əmələ gəlir və bu da dəri vasitəsi ilə sorularaq orqanizmə öz mənfi təsirini ötürə bilir. 

Ona görə də istifadə zamanı şampunların istehsalçısı, kompenentləri və saxlanma müddəti hökmən nəzərə alınmalıdır. Təbii kompenentlərlə zəngin olan, standartlar daxilində istehsal edilmiş şampunların istifadəsi yol verilən haldır”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin