Xəbər verildiyi kimi, sosial şəbəkələrdə 156 nömrəli məktəbin X sinif şagirdinin IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayılıb. Görüntülərdən görünür ki, X sinif şagirdi Dilarə Rzaquliyeva məzun olmuş həmcinsinin alnına ədəbsiz söz yazır, onun başında yumurta qırır və saçlarını qayçı ilə kəsir. Hadisənin məktəbdən kənarda baş verdiyi deyilsə də, olanlar məktəbin funksiyasını və məsuliyyətini gözardı etmir.
Xatırladaq ki, DİN hadisə ilə bağlı cinayət işi açıldığı haqda məlumat yayıb.
Bəs, qanunvericiliyə görə, həmin şagirdi hansı cəza gözləyir?
Vəkil Əsabəli Mustafayev Bizim.Media-ya açıqlamasında bildirib ki, şagirdin sağlamlığına zərər dəyibsə, bu, cinayət tərkibinin olması deməkdir:
MÖVZU İLƏ BAĞLI:
156 nömrəli məktəbin direktoru: "Şagird zarafat etdiyini deyib" – VİDEO
“Araşdırma aparılmalı və araşdırma nəticəsində hüquqi qiymət verilməlidir. Sadəcə, mümkün ehtimalları deyə bilərəm. Hadisədə cinayət tərkibinin olması məlum ola bilər. Cinayət tərkibi də o vaxt ola bilər ki, şagirdə xəsarət, sağlamlığına, səhhətinə zərər yetirilsin. Əgər küçədə olubsa, bu da xuliqanlıq kimi qiymətləndirilə bilər.
Burada daha çox xuliqanlığın əlamətləri var. Zərər də varsa, daha ağır, xuliqanlığın ikinci, üçüncü bəndi də əlavə oluna bilər. Əgər cinayət işi qaldırılsa, bu zaman məhkəmə hökmü ilə o, həddi-buluğa çatmamış təlim-tərbiyə mərkəzlərinə göndərilə bilər. Orada həm cəza çəkir, həm də təlim-tərbiyə prosesinə cəlb olunur. Bu, bir variantdır”.
Hüquqşünas hadisədə valideynlərin də cəzalana biləcəyini bildirib:
“İkinci variantda isə iş kiçik xuliqanlıq və ya bədənə xəsarət yetirmə, həmyaşıdını döymə kimi qiymətləndirilsə, burada inzibati xəta haqqında protokol tərtib oluna bilər. Əgər şagirdin özünün yaşı düşmürsə, onda onun valideynləri cəzalana bilərlər. Adətən bu cərimə ilə olur. Valideynlər hesab etsələr ki, uşaqları təhqir olunub, həmin əməli törətmiş şəxslə bağlı xüsusi ittiham qaydasında məhkəməyə də müraciət edə bilərlər.
Nəzərə alaq ki, bu görüntülər kütləvi informasiya vasitələrində yayılıb. Bu da kütləvi informasiya vasitələrində təhqirlə bağlı əmələ düşə bilər. Əgər məhkəmə cinayət tərkibinin olmasını təsdiqləsə, onu həddi-buluğa çatmayanların tədris-təlim mərkəzinə göndərə bilərlər. Amma bunun hamısı araşdırmadan sonra bəlli olacaq”.
Günay Şahmar, Bizim.Media