Son günlər ölkəmizdə bir çox xəstəlik özünü büruzə verir. Sözügedən xəstəlik, əsasən, qrip, qızdırma və öskürək kimi simptomlarla müşahidə edilir.
Bəs, viruslardan qorunmaq üçün hansı qidalara üstünlük verməliyik?
İnfeksionist Mərdan Əliyev mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
MÖVZU İLƏ BAĞLI:
Qida əlavələri fayda gətirir, yoxsa FƏLAKƏT? – Gizlədilən HƏQİQƏT
O qeyd edib ki, hazırda Azərbaycanda həm qrip virusu, həm koronavirus, həm də qızılca xəstəliyi yayılıb:
“Qızılcanın klinik gedişi məlumdur, əlamətlərdən diaqnoz qoya bilirik. Amma qrip və koronavirus bir-birinə çox oxşayır. Burada başqa viruslar da var. Onlar qızdırma ilə müşayiət edilmir. Xəstəlik daha yüngül formada keçir. Bunlar kəskin respirator viruslardır.
Hazırda daha ağır gedən qrip və koronavirus infeksiyasıdır. Bu xəstəliklər həm qızdırma, həm də halsızlıq verir. Xəstə davamlı öksürür və boğaz ağrısı olur. Bunlar fərdi əlamətlərdir və şəxsdən şəxsə dəyişir.
Öskürək, qızdırma və halsızlıqla müşayiət edilən xəstəlik qripdir. Qrip virusu koronavirusdan daha ağır keçir. Çünki koronavirus qrip qədər patogen deyil. Sadəcə olaraq koronavirus ilk dəfə yayılanda immunitet formalaşmadığı üçün ağır hallar olurdu. Artıq bizim orqanizmimiz bu virusu tanıyır.
Qrip virusu immun sistemi zəif olan şəxslərdə pnevmaniya kimi ağırlaşmalarla müşahidə edilir. Xəstəlikdən sonra isə bir müddət öksürək olur”.
Ekspert əlavə edib ki, əsas məsələ immuniteti normal vəziyyətdə saxlamaqdır:
“Birinci şərt virusdan kənarda olmaqdır. Xəstə olan şəxslərlə təmasda olmamalıyıq. Öz evimizdə xəstə olan şəxsi imkan daxilində təcrid etməliyik, həmin şəxs maska taxmalıdır, istifadəsində olan əşyalar ayrılmalıdır, havalandırma düzgün təşkil olunmalıdır.
İmmun sistemi yaxşı vəziyyətdə saxlamaq üçün qidalanma və yuxu rejiminə diqqət edilməlidir – 7-8 saat yuxu normal hesab edilir.
İmmun sistemi üçün vacib olan vitaminləri qəbul etmək üçün qida rasionumuz zəngin olmalıdır. Xüsusilə, C, B, D vitaminləri qəbul edilməlidir. Bitki tərkibli qidalanmaya üstünlük verməliyik. Rafinə olunmuş qidalardan, ət məhsullarından uzaq olmalıyıq. Bu qidalar mədəmizi doldurur, amma tərkibində heç bir vitamin olmur. Məsələn, kolbasa və sosiska.
Təbii ətlərdən istifadə etməliyik, gün ərzində 1 alma və ya portağal yeməliyik. Bunlar bizim həm mineral, həm də vitamin ehtiyacımızı qarşılayır.
Sezona uyğun meyvələrdən və göyərtidən istifadə etməliyik. Ancaq yeməzdən əvvəl onları yaxşı yumaq əsas şərtdir. Digər məsələ şirniyyatdır, az yeməyimiz daha xeyirlidir. Şirniyyat trans yağlarla hazırlanır. Bundan əlavə, şirniyyatın çox yeyilməsi mədə-bağırsaq sistemi üçün çox ziyanlıdır. Şirniyyatın tərkibində heç bir vitamin yoxdur, zərərləri isə çoxdur”.
Məhərrəm Əliyev, Bizim.Media