Sumqayıt şəhər sakinləri qəribə mənzərə ilə üz-üzə qalıblar. Belə ki, 2 saylı Sumqayıt şəhər xəstəxanasında müayinə olunan vətəndaşlar verdikləri analizlərin cavabını çox çətinliklə əldə edirlər.
Səbəbsə çox sadədir:
Xəstəxanada çap qurğusu yoxdur.
Ona görə də xəstəxanada analiz verən xəstə cavabı əldə eləmək üçün şəhərdəki hansısa digər xəstəxana və yaxud poliklinikaya getməlidir. Getdiyi ünvanda əlindəki çeki göstərib və kimlərdənsə xahiş edib, boyun bükməlidir ki, 2 saylı xəstəxanada verdiyi analizin cavabını çap edib, ona versinlər. Bundan sonra xəstə analizin cavabını götürüb yenidən 2 saylı xəstəxanaya getməlidir ki, həkim nəticələrə baxıb qərar versin.
Nəzərə alaq ki, 2 saylı xəstəxana Sumqayıt şəhərindən xeyli aralıda, bağlar massivində yerləşir. Sumqayıtdan həmin xəstəxanaya gedib gəlmək ən azı bir neçə saat vaxt aparır.
Bu azmış kimi çox xırda və sadə bir məsələyə görə xəstə ən azı 2 gününü itirir.
Baxmayaraq ki, 2 saylı Sumqayıt şəhər xəstəxanası yeni inşa olunub. Xəstəxananın tikilməsi və zəruri avadanlıqların alınması üçünsə Dövlət Büdcəsindən Səhiyyə Nazirliyinə nə az-nə çox, düz 5 milyon manat vəsait ayrılıb.
23 oktyabr 2023-cü ildə xəstəxananın təntənəli açılışı olub. Artıq bir neçə aydır ki, xəstəxana fəaliyyətini davam etdirir. Amma nəyə görəsə xəstəxananı tikənlər və təhvil alanlar çap qurğusunu “yaddan çıxarıblar”. Qəribədir ki, indiki rəhbərlik də real vəziyyətdən heç də narahat deyil. Yoxsa 200-300 manat dəyəri olan çap qurğusu çoxdan alınıb yerinə qoyulardı.
Məsələyə aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən Bizim.Media-ya bildirildi ki, hazırda xəstəxana TƏBİB-in balansındadır:
“Ona görə də məsələ ilə bağlı TƏBİB-ə müraciət edin”.
TƏBİB-dən isə sorğumuza cavab olaraq, məsələ araşdırıldıqdan sonra məlumat veriləcəyi bildirilib.
Məsələni diqqətdə saxlayacağıq.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:15 / 19.02.2024
Sumqayıtda TRAGİKOMİK OLAY – Analizi bir xəstəxanada verib, cavabını başqasından almağa məcbur oldular…
Hazırda oxunan: Sumqayıtda TRAGİKOMİK OLAY – Analizi bir xəstəxanada verib, cavabını başqasından almağa məcbur oldular…
Hazırda oxunan: Sumqayıtda TRAGİKOMİK OLAY – Analizi bir xəstəxanada verib, cavabını başqasından almağa məcbur oldular…
178881
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.