Sərt keçən hava şəraiti təkcə sosial qayğılarımızı artırmır, həm də immunitetimizi zəiflədir. Məlumdur ki, yağışlı-qarlı havada orqnizmimizin müqaviməti xeyli azalır, xeyli enerji itiririk. Ona görə də bir çox insanlar belə havada xəstəliklərə və soyuğa müqavimətini artırmaq üçün müxtəlif müalicə üsullarına əl atırlar.
Amma bədəndəki itirilmiş enerjinin bərpası və immunitetin gücləndirilməsi üçün çox unikal bir vasitə var. Bu da çoxumuzun sevimli yeməklərindən olan xaşdır. Xaş qədimdən el arasında həm də müalicə vasitəsi olub. Qolu, ayağı və digər sümüyü zədə alan insana hər zaman daha çox xaş yemək məsləhət görülüb. Hətta sümük boşluğu olan və təbii inkişafdan geri qalan uşaqlara xaş tövsiyə olunub.
Maraqlıdır ki, xaşı daha çox qış aylarında, hazırda olduğu kimi qarlı-şaxtalı havada tövsiyə olunur.
Bəs, xaşın daha hansı faydaları var?
Bizim.Media bununla bağlı araşdırma aparıb.
Araşdırma zamanı məlum olub ki, xaş əksər xalqların qida rasionunda önəmli yer tutur. Təbii ki, bir zamanlar həyatları köçəriliklə və at belində keçən türk xalqları xaşa xüsusi yer veriblər. Hazırlanma prosesi xeyli vaxt və zəhmət tələb edən xaş min bir dərdin dərmanıdır.
Məsələn, tanınmış Türkiyəli uzaman - doktor Canan Karatay xaşın hətta xərçəng xəstələrinə də faydalı olduğunu bildirib.
Onun sözlərinə görə, yağı və kalorisi olduqca yüksək olan xaş ilk növbədə insan orqanizminə bol enerji verir:
"Xaş uşaqlar üçün də faydalıdır. Onun tərkibindəki maddələr inkişaf mərhələsində olan uşaqlar üçün faydalıdır. Xərçəng xəstələrinin müalicədən müsbət nəticə əldə etmələrində xaşın müsbət təsiri var. Xərçəng xəstəliyi ilə mübarizədə hədsiz faydalı olan kollagen adlı maddə xaşın tərkibində boldur. Çünki bu maddə əsasən sümük suyunda, xaşda və toyuq şorbasında olur. Bu səbəbdən xərçəng xəstələri üçün xaş olduqca faydalı bir yeməkdir".
Bundan əlavə xalq arasında belə bir fikir var ki, bir insanın qolu sınanda və ya çıxanda ona xaş yemək məsləhət görülür. Araşdırmalarımız göstərir ki, bu, həqiqətən də belədir. Sümüklərin güclənməsində xaşın faydalı olduğu qənaətinə gəlmək olar.
Canan Karatay kökəlmək arzusunda olanlara da xaş yeməyi məsləhət görür:
"Amma kimlər ki, kökəlmək istəmir onların xaş yeyəndən sonra piyada gəzmələri, yaxud fiziki işlə məşğul olmaları vacibdir. Xaş soyuqvurmadan əziyyət çəkənlərin müalicəsinə də müsbət təsir göstərir. Xaşı bir növ vitamin deposu hesab etmək olar. Tərkibindəki maddələr, vitaminlər soyuqvurmadan sürətli şəkildə xilas olmağa imkan verir.
Qeyd edək ki, xaş sümükləri gücləndirməklə, inkişaf etdirməklə yanaşı, sümük ağrılarını da azaldır. Xaşın yanında limon, sarımsaq, turp kimi tərəvəzlərdən istifadə xolestrolu və təzyiqi nizamlayır. Kalsium, maqnezium və fosfor çatışmazlığından qaynaqlanan problemlər yaşayanlar üçün xaş idealdır.
Qan azlığından əziyyət çəkənlər tez-tez xaş yeməklə bu problemi tədricən aradan qaldırmış olarlar. Davamlı olaraq xaş yeyən insanların üz dərisi də sağlamlaşır, qüsursuz görünür. Xaş Omega-3 baxımından da olduqca zəngindir. Xaş qış aylarında artan xəstəliklərə qarşı qalxan rolunu oynayır. Bütün bu faydalı xüsusiyyətlərə baxmayaraq xaş kifəyət qədər "ağır" yemək olduğunda onu tez-tez və çox yemək tövsiyə edimir.
Daha bir Türkiyəli fitoterapiya mütəxəssisi Ümit Aktaş deyib ki, xaş və sümük suyundan hazırlanan şorba dərini sıxlaşdırmaqda təsirli kollagen maddəsi ilə zəngindir:
“Kollagen bədənimizin ayaqda durmasını təmin edən maddədir. Kollagen olmasa, ətlərimiz, sümüklərimiz və əzələlərimiz yığılıb qalar. Bu maddə eyni zamanda dəri sağlamlığı baxımından da vacibdir. Qadınlar anti-aging - dəri cavanlaşdırma tərkibli bahalı kremlər alırlar. Bunun əvəzinə həftədə 2-3 dəfə xaş içsələr, dəriləri daha gözəl olacaq.
Xaş həmçinin qış aylarında artan xəstəliklərə qarşı da təbii qalxan vəzifəsi görür. Demək olar ki, adıçəkilən xörəklər tam bir vitamin qaynağıdır. Həmçinin burada iliklər də çox faydalıdır və onu da yemək lazımdır. Bu yeməyə sirkə və sarımsaq da qatılarsa, faydaları saymaqla bitməz”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:00 / 16.02.2024
Soyuq havanın əvəzolunmaz YEMƏYİ – Xaşın inanılmaz FAYDALARI
Hazırda oxunan: Soyuq havanın əvəzolunmaz YEMƏYİ – Xaşın inanılmaz FAYDALARI
Hazırda oxunan: Soyuq havanın əvəzolunmaz YEMƏYİ – Xaşın inanılmaz FAYDALARI
178484
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.