Müqəddəs nemətlə bağlı FİKİR AYRILIĞI – Çörəyi yeyək, ya YEMƏYƏK? 

Hazırda oxunan: Müqəddəs nemətlə bağlı FİKİR AYRILIĞI – Çörəyi yeyək, ya YEMƏYƏK? 

178460

Son zamanlar çörəyin zərərli olması barədə fikirlər yayılmaqdadır. Əvvəllər çörəyə süfrənin ən müqəddəs neməti kimi baxırdılarsa, indi ondan imtina edənlərin sayı artır. Əksəriyyət isə bildirir ki, çörək yeməmək immuniteti aşağı salır, saç tökülməsi kimi problemlərə gətirib çıxarır.

İnsanlarda çaşqınlıq yaradan mövzu ilə bağlı dietoloq Tutu Zeynalova Bizim.Media-ya fikirlərini bölüşüb:

“Çörək yemək mövzusu hamıda çaşqınlıq yaradan məsələlərdən biridir. Bir çoxları bildirir ki, çörəyi rasiondan çıxarmaq lazımdır, digərləri tam əksini söyləyir. Təəssüf ki, günümüzdə mediada kirli məlumatlar yayanlar da kifayət qədərdir. Guya çörəyin tərkibində qliselin var, bu, sağlamlıq üçün zərərlidir, az qala zəhərli olduğunu qeyd edirlər. Bütün bunlar insanlarda panika yaradır”. 

Tutu Zeynalova qeyd edib ki, çörək istifadə etmək lazımdır, sadəcə miqdar önəmlidir:

“Əgər siz çörəyi rasiondan çıxarmaq istəyirsinizsə, çörək qrupuna daxil olan digər qidaları yeməlisiniz. Bu, qarabaşaq, bulqur, düyü, kartof və .s-dir. Çünki bizim gündəlik balanslı qidalanmamızda həm karbohidrotlar, həm proteinlər, həm də yağlar kifayət qədər olmalıdır ki, orqanizmimiz öz funksiyalarını normal yerinə yetirsin. Əks təqdirdə, saç tökülməsi, menustral pozğunluq kimi problemlər meydana gələ bilər. 

Çünki çörəyi, yağı rasiondan çıxaran adam elə bilir ki, qısa müddətdə çəki atır və bu, belə də davam edəcək. Amma bəli, ağ çörəyin qliselin indeksi yüksəkdir deyə, qan şəkərini artırır. Ona görə də, ağ çörəkdən istifadə etməyi məsləhət görmürük. Lakin çovdar, kəpəkli, qarabaşaq, mərcimək, tam buğda unundan hazırlanan çörəkləri yemək daha yaxşıdır. Yenə də qeyd edirəm ki, miqdar önəmlidir, limitsiz istifadə etmək olmaz”.

Dietoloqun sözlərinə görə, çörəyin tərkibində qliselin var deyə, zərərli və ya zəhərlidir kimi fikirlər yalnışdır:

“Qliselin şəkər spirtidir və gündəlik istifadə etdiyimiz bir çox şeyin içində - sabunda, kremlərdə, öskürək siroplarında və s. var. Ona görə də qliselinin çörəyin tərkibində olması da təhlükəsizdir. Buna görə də populyarlıq naminə insanları qorxutmaq doğru deyil. Marketlərdə rəflərə qoyulan bütün məhsullar Qida Təhlükəsizliyi Agentliyindən rəy aldıqdan sonra satışa çıxarılır. Sadəcə olaraq, hər şeyi qədərində yeyib-içmək lazımdır”. 

Müsahibimiz bu mövzuda panika yaratmağın düzgün olmadığını vurğuayıb:

“Zərərli tərkibli istifadə etdiyimiz o qədər şey var ki, çörək onun yanında məsum qalır. Əgər həftə sonu ailənizlə səhər yeməyinə getmisinizsə və isti təndir çörəyini görüb yemək istəyirsinizsə, lakin pəhrizdəsiniz və buna görə stresə düşürsünüzsə, yalnış edirsiniz. Çünki o stresi yaşamaq da insana zərərdir. Ən yaxşısı miqdarı azaldıb, dadımlıq hər şeydən yeməkdir” – deyə, Tutu Zeynalova bildirib.


Nuranə Daxilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin