“Cinayət xəbərlərini oxumaq insanlara zövq verir” – Psixoloqlardan ETİRAZ

Hazırda oxunan: “Cinayət xəbərlərini oxumaq insanlara zövq verir” – Psixoloqlardan ETİRAZ

178093

Bakıda ata-anası, qardaşı, bacısı və onun azyaşlı qızını öldürməkdə şübhəli bilinən Əhməd Əhmədovun törətdiyi qətllər ölkə gündəmini zəbt edib. Bu cinayət hadisəsi hər kəsi şoka salıb. Hadisə ilə bağlı müxtəlif fikirlər, iddialar səslənir. Demək olar ki, mövzunu müzakirə etməyən şəxs yoxdur.

Ancaq maraqlı burasındadır ki, jurnalistlərdən daha çox sıravi vətəndaşlar bu məlumatları, videoları yaymaqda maraqlı, həvəsli görünür. 

Görəsən, bunun səbəbləri nədir? Belə xəbərlərin yayılmasının psixoloji fəsadları özünü necə büruzə verir?

Bizim.Media
-ya mövzu ilə bağlı açıqlama verən psixoloq Ülviyyə Murtuzova məsələyə belə yanaşıb:
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda DƏHŞƏT: 25 yaşlı oğlan ata-anasını və qardaşını qətlə yetirdi


“Sosial şəbəkələrdə kütlənin diqqətini çəkən mövzular  qəzalar, boşanmalar və cinayət xəbərləridir. Hətta bu xəbərləri ilk kimin yazması ilə bağlı sanki yarış keçirilir. Burada insanın ağrılı həyat hekayəsi, yaxınlarının çəkdiyi iztirablar heç kimin marağında deyil. Həmin şəxslərin efirdə, sosial mediada görkəmlərini, ağlaşmalarını, fəryadlarını çəkib paylaşmaq anormallıqdır. Bir insanın evində faciə baş veribsə, bunun səbəbini və motivini araşdırmaq lazımdır. 

Bizdə adətən qətllə bağlı şəxslərin adları sadalanır, kimlərin qətlə yetirildiyi vurğulanır. “Həmin şəxs niyə bu hadisəni etdi” sualı ətrafında heç kim məsələyə münasibət bildirmir. Məsələn, sözügedən şəxsin bir yaxınının müsahibəsinə baxdım, psixoloji problemi olduğu deyilirdi. Hər kəs də onu qınayır. Həmin şəxs psixoloji problem yaşayırsa, bu, paranoyadır. Paranoid, şəxsiyyət pozğunluğu yaşayan şəxsi mühakimə etmək və danlamaq nə qədər məntiqlidir?” 

O qeyd edib ki, məsələnin motivini və kökünü kənara qoyub, yalnız görüntünü göstərərək reytinq toplamaq insani meyarlara ziddir: 

“Xəbəri paylaşmaq qəbahət deyil, amma qətlin təfərrüatlarını, ən dəhşətli hissələrini başlığa çıxarmaq etik deyil. Bu, medianın işini zəif göstərir. Hansısa azyaşlı, yeniyetmə uşaq həmin xəbəri görsə, ciddi travma ala bilər. Bunu özləri üçün normal qəbul edən, həmin durumu yaşayan insanlar görür. Bu tip xəbərləri oxuyub, panikaya düşən insanlar var. Onları nəzərə almaq lazımdır”.

Psixoloq Elmir Əkbər də həmkarı ilə eyni fikirdədir. O, insanların cinayət xəbərlərini yaymağa, oxumağa çox meyilli olduğunu vurğulayıb:

“Bəziləri üçün bu, əyləncə xarakteri daşıyır. Düzdür, deyirik ki, hər şey dəyişib, həyat daha interaktiv olub. Sanki insanlar xəbərlərin ağırlığına vərdiş ediblər. Daha ağır xəbərləri, cinayət hadisələrini dinləmək, oxumaq onlara zövq verir. Kriminal xəbərləri hansısa detektiv filmlərinə, kitablarına bənzədirlər. Bu da təəssüf yaradan bir haldır. Kriminal xəbərləri ancaq peşəkar jurnalistlər paylaşmalıdır. Çünki işini yaxşı bilən media nümayəndələri xəbəri doğru formada necə paylaşmaq lazımdır, bilirlər. 

Hazırda sosial şəbəkə üzərindən hamı özünü potensial jurnalist hesab edir və nə görsələr, paylaşırlar. Həmin şəxslər məlumatın doğru olub-olmadığını bilmirlər. Bu isə nəticədə həmin xəbərləri oxuyan, dəhşətli videoları izləyən adamlara çox pis təsir edir. Savadsız şəkildə paylaşılan kriminal xəbərlər bəzi insanlarda şüuraltı gizlənən potensial cinayət meyillərini aktivləşdirir. Bu şəxslər cinayət hadisələrinə daha həvəsli olurlar. Fikrimcə, dövlət bu məsələyə nəzarət etməlidir”. 

Psixoloq bəzi insanların cinayət xəbərlərinə meyilli olmasını belə izah edib:

“Xüsusi qrup adamlar var. Onlara əvvəllər “telefon manyakları” deyirdilər. Həmin şəxslər küçədəki telefon aparatlarına  2 qəpik ataraq istənilən bir nömrəyə zəng edib deyirdilər ki, “oğlunu maşın vurub, xəstəxanadadır, tez gəl”. Oğlu olmayan gülərək dəstəyi asırdı. Amma oğlu olanlar qaça-qaça xəstəxanaya gedirdi ki, görəsən, nə olub?!

İndi isə sosial şəbəkələr və internet belə psixopatlar üçün daha böyük şərait yaradıb. Onlar bəd xəbərlər yayırlar, adamları qorxudurlar və bundan zövq alırlar. Bu, antisosial şəxsiyyət pozuntusunun bir növüdür”. 

Məhərrəm Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin