Uşaqların “Tiktok” SEVDASI – Onların nalayiq davranışına görə kim MƏSULİYYƏT DAŞIYIR?

Hazırda oxunan: Uşaqların “Tiktok” SEVDASI – Onların nalayiq davranışına görə kim MƏSULİYYƏT DAŞIYIR?

177968

Sosial şəbəkələr həyatımızın bir parçasına çevrilib. Kimisi sosial şəbəkələrdən əyləncə üçün, kimisi öz istedad və bacarığını nümayiş etdirmək, kimisi isə pul qazanmaq üçün istifadə edir. 

İnsanlara geniş imkanlar yaradan sosial şəbəkələrin mənfi cəhətləri də çoxdur. Xüsusilə uşaqların bu platformalardan istifadəsi birmənalı qarşılanmır. Çünki sosial şəbəkələrin məzmununu tənzimləmək mümkün deyil. Ona görə də bəzi platformalardan qeydiyyatdan keçərkən orada yaş həddi qoyulub, lakin bəziləri yaşını daha yüksək göstərərək qeydiyyatdan keçib, sosial şəbəkələrin verdiyi bütün imkanlardan istifadə edirlər. 
 

MÖVZU İLƏ BAĞLI:

"Tiktoker" Adəmin atası ilə bağlı tədbir görüldü - DİN-dən AÇIQLAMA 


Ölkəmizdə də çox sayda uşağın sosial şəbəkələrdə fenomen olduğunun şahidiyik. Bəziləri öz rəqsi, ifası ilə, bəziləri isə yaşından böyük ifadələr işlətməklə özünə müəyyən auditoriya qazanıb.

Uşaqlara nalayiq ifadələr söylədib, bunu paylaşaraq özünə auditoriya toplayanlar da az deyil. Bununla bağlı hüquq-mühafizə orqanları xəbərdarlıq edib, müəyyən ölçü götürsə də, bəzən valideynlər özləri buna şərait yaradırlar.

Bəs, bu, qanunla necə tənzimlənir? Uşaqlardan bu cür istifadə qanunidirmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Əsabəli Mustafayev deyib ki, bu, qanunvericiliklə tənzimlənmir:

“Bizdə uşaq və internet, uşaq və sosial şəbəkə nizamnaməsi yoxdur. Ola bilsin ki, hanısa təlimat şəklində var, amma ictimaiyyət bunu  bilmir. Güman edirəm ki, bizim ölkədə də artıq buna tələbat var. Burada həm uşaq, həm dövlət qurumu, həm də valideyn iştirak etməli və hər biri öz məsuliyyətini daşımalıdır. 

İndi hamı tənqid edir, dad edir ki, sosial şəbəkələr uşaqların əxlaqını, mənəviyyatını, şüurunu pozur, amma tam belə deyil. Çünki sosial şəbəkələr uşaqlara məktəbdə verilməyən bilikləri, məşğuliyyəti verir və uşaqlara özünü ifadə etmək imkanı yaradır. Uşaq uşaqdı, o, işlətdiyi ifadələrə görə cavabdeh deyil, uşaq nə məhkəmədə, nə də istintaqda cavabdeh ola bilər. 

Bundan ötrü valideyn var. Amma bu, qanunla nizamlanmalıdır. Valideyn nəzarət eləməlidir. Valideyn bu öhdəliyi yerinə yetirmirsə, uşağa görə kiməsə zərər dəyibsə, kimsə təhqir olunubsa, buna artıq valideyn cavab verməlidir”.

Hüquqşünas bildirib ki, bir çox ölkələrdə bununla bağlı müəyyən nizamnamə qəbul edilib:

“Ölkələrin çoxunda hakimiyyət uşaq və internet, uşaq və sosial şəbəkə haqqında nizamnamə, qanunlar qəbul edib. Bu qanunlarla uşaqların hansı yaşdan sosial şəbəkəyə qoşulmasının mümkünlüyü nizamlanır. Bəzi ölkələrdə bu, 14 və ya 15 yaşdır. Hansı müddət ərzində istifadəsi də tənzimlənir. 

Məsələn, bəzi ölkələrdə axşam saat 7-9 arasında imkan verilir və sonra profil avtomatik olaraq bağlanır. Uşaqların müəyyən saytlara girməsi əngəllənir. Ancaq müəyyən yaşa çatmış uşaqlar profil aça bilərlər, bundan ötrü onlar öz sənədlərini təqdim edib, qeydiyyatdan keçirlər, bundan sonra ona icazə verilir. 

Bəzi ölkələrdə bu yük həm də valideynlərin üzərinə düşür. Əgər uşaq xidmət göstərəni aldadaraq, hansısa tanışının adına profil açırsa, buna nəzarəti qanunvericilik valideynlərin üzərinə qoyur. Əgər valideyn də bu tələbi yerinə yetirmirsə, müəyyən məsuliyyət daşıyır”.

Müsahibimiz sosial şəbəkələrin müsbət tərəflərinə də toxunub:

“Sosial şəbəkələr uşaqların inkişafına həm müsbət, həm də mənfi təsir göstərir. Sosial şəbəkələrin mövcudluğu uşaqlara özlərinin qabiliyyətini, fikirlərini ifadə etməyə, daha çox elm, mədəniyyət, incəsənət barədə məlumat toplamağa, biliklərini genişləndirməyə, ən əsası öz bacarıqlarını böyük auditoriyaya göstərmək imkanı verir. Bu cəhətdən sosial şəbəkənin böyük əhəmiyyəti var”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin