Qədimdəki toy adətlərimizdən indi hansılar QALIB? – ARAŞDIRMA 

Hazırda oxunan: Qədimdəki toy adətlərimizdən indi hansılar QALIB? – ARAŞDIRMA 

177789

Nağıllarda xalqımızın iki gəncin evlənməsinə görə qırx gün, qırx gecə yeyib-içməsi, çalıb-oynamasını çox oxumuşuq. Qədim adətlərə görə, iki insan evlənəndə bir neçə gün toy edərmişlər, toylarda aşıqların danışdığı dastanların həcmini öyrəndikdə toyun bir günə yekunlaşmasının mümkünsüz olduğu məlumdur. 

Sonradan toylar 7, 3 və nəhayət 1 gün keçirilib. Lakin iki gəncin büsat qurması, qonaqlıq təşkil etməsi və başqa adətlər təkcə bir günlə yekunlaşmır, adətlər toydan öncə başlayır və toydan sonra da davam edir. 
 

MÖVZU İLƏ BAĞLI:

DİN-dən 32 yaşlı şəxsin 16 yaşlı yeniyetmə ilə ailə qurması barədə AÇIQLAMA


Bəs, qədimdəki toy adətlərindən indi hansılar qalıb?

Başlayaq tanışlıq və elçilikdən...


İnsanlar ya sevərək ya da valideynlərin məsləhəti ilə ailə qurmaq qərarına gəlir. Ona görə də toy adətlərində qızbəyənmə, qızgörmə və kiçik elçilik kimi adətlər mövcud olub. 

Əvvəllər qızbəyənmə və qızgörmə adəti indi müasir texnologiyaların vasitəsilə reallaşır. Yəni vaxtilə xalq arasında bir-birini görüb bəyənən və ya qohumların vasitəsilə tanış edilən gənclərin övladları indi sosial şəbəkədə tanış olurlar. Oğul evləndirməyə çalışan analar ya “toy kaseti”ndən, ya da “Whatsapp”dan özlərinə gəlin seçirlər.

Elçiliklərin də sayı azalıb...

İki gənc bu izdivaca razı olsa da ailələrin, qohumların, valideynlərin razılığı şərt idi. Ona görə də oğlan evi qız evinə elçi düşər və razılıq almağa çalışardı. Elçilik özü də kiçik və böyük olmaqla iki yerə bölünür. Bəzi hallarda elçilik bir neçə dəfə təkrarlana bilərmiş. Hətta Azərbaycan folklorunda elçilikdə işlədiləcək xeyli sayda ifadə var. Bu ifadələr bizə “Bəyin oğurlanması” filmindən də tanışdır. 

“Həri” və ya nişan


İllər öncə qızın razılığını təsdiqləmək üçün valideynlərlə yanaşı, əmi, dayı, kənd, məhəllə ağsaqqalı və ağbirçəkləri yığışardı. Ailələr razılıq verdikdə “şirin çay” içilərdi, bu adət də qohumluğun şirin başlaması və belə davam etməsi istəyindən doğub. Bundan sonra oğlanla qız nişanlı, deyikli adlandırılır və toya hazırlıqlar başlanardı. Kiçik nişana isə “bəlgə” deyirmişlər. 

Nişanda qohumlar iştirak edər, böyük süfrə açılar, qıza üzüklə bərabər, digər əşyalar da alıb gətirirlər. İndi isə bu adət yığışmaq üzrədir. Bir çox ailələr tanışlıq, elçilik və nişanı bir dəfəyə və yalnız iki ailə arasında etməyə üstünlük verirlər.

Dəbdən düşməyən “bayramlıq”


Əvvəllər nişanlı qızın evinə oğlan evi hər bayram əlidolu gələrmiş, Novruzda şirniyyatlar, qırmızı geyim, Qurban bayramında qurbanlıq heyvanın ətindən, Ramazanda özünəməxsus bayram sovqatları gətirərmişlər. Digər adətlərlə müqayisədə bayramlığın dəbdəbəsi artıb. Hər il Qurban bayramında xüsusi geyimli qoçlar sosial şəbəkələrin bəzəyinə çevrilir. Sanki nişanlı oğlanların valideynləri qurbanlıq heyvanı kimin daha çox bəzəyəcəyi yarışına çıxırlar. 

Cehiz və ev mübahisəsi...

Ailələrin qohumluğunun möhkəmlənməsinə xidmət edən bəzi adətlər sonradan onların arasında mübahisəyə də səbəb olur. Əvvəllər iki gəncə kömək məqsədilə oğlan evi onları mənzillə, qız evi də həmin mənzilin əşyaları ilə təmin edərdi. İndi isə durum başqadır. Bəzən oğlanların yaşamağa ayrı evi olmadığı halda, qız yaşamaq üçün lazım olan bütün ev əşyalarını, tekstil məhsullarını, qab-qacağı, elektrik avadanlıqlarını özüylə gətirir. Bəzən isə iki gənc əlavə xərclərdən imtina edərək, özlərinə ayrı ev alırlar.

Qızılsız gəlin olmaz

İllər öncə kənd yerində ailədə bir qızıl üzük olurmuş, ailənin oğlan uşaqlarının hərisini, nişanını, toyunu o üzüklə yola verirmişlər. İndi isə insanlar “həri üzüyü”, “nişan üzüyü”, “tək qaş”, “alyans” və bir sıra məna yükləyib ad verdikləri qızıldan istifadə edirlər. Qızılın qaşının brilyant olması, özünün “ağ qızıl” olması şərtlər arasındadır. Təbii ki, bu, bütün cütlüklərə şamil olunmur. Amma reallıq odur ki, toy, nişan mərasimində ən çox qazanan qızıl, elelktron avadanlıqlar, mebel mağazaları olur.

Xınayaxdı, “başlıq pulu”, yengə...


Toya qədər bir sıra kiçik adətlər də olub. Toyun vaxtının təyin edilməsi, tərəflər arasında toy xərclərinin danışıldığı adətinə kəlmələşmə deyiblər. İndi isə bu vaxtı elə telefon vasitəsilə də həll edirlər. O vaxt qız toyunun xərcini oğlan evi çəkərmiş bəzi bölgələrdə bu adət “başlıq pulu”, “qızpulu”, “südpulu” kimi adlar adı altında qalmaqdadır. Bəzi insanlar isə bu adəti köhnə, vaxtı keçmiş adlandıraraq imtina ediblər. 

Toya qədər olan adətlərdən biri də xınayaxdı mərasimidir. Gəlin gedəcək qızın başına onun rəfiqələri yığışaraq əllərinə, ayaqlarına xına yaxar, rəqs edib, əylənərdilər. İllər öncə saç rənginin, ənlik-kirşanın olmadığı zamanlar xınadan təbii gözəllik vasitəsi kimi istifadə olunardı.

İndi xınayaxdılar da pul tələsinə, kimlərinsə biznesinə çevrilib. İndi qızlara milli geyim geyindirərək, əsasən Türkiyədən gəlmə adətlə və elə o musiqi ilə də xınayaxdı məclisləri təşkil edirlər. 

Qıza milli libas geyindirib, amma Türkiyə türkcəsində və musiqisi ilə məclisi yola verirlər. Yəni xınayaxdı indi həqiqətən gəlinin boyanıb toya hazırlanması yox, tamamilə formal xarakter daşıyır. Əvvəllər islanmış xınanı qızın yengəsi məclis boyu rəqs edib, gəzdirərmiş. Yengə demişkən, bu adət artıq sıradan çıxmaqdadır. İllər öncə təkcə xına kasası, güzgü gəzdirməklə yetinməyib gənclərin zifaf gecəsinə şahidlik etmək üçün təyin olunan xalalar, bibilər indi bundan məhrumdular. Bəzi bölgələrdə isə bu adət qalmaqdadır.

Nikah, yoxsa kəbin?

Toyu musiqisiz, milli mətbəxsiz təsəvvür etmək mümkün deyil. Milli rəqs havalarıyla başlayan toy musiqilərimizi indi yad xalqların ritmləri əvəzləyib. Əvvəllər həyətdə, mağarlarda qurulan toy indi daha çox restoranlarda keçirilir. Təkcə bəzi kəndlərdə mağarda toy təşkil olunur. Toydan bir gün öncə qohumlar yığışar, toy günü kimin hansı işi görəcəyini müəyyənləşdirərdilər. 

Bu yığışmanın da fərqli-fərqli adları var. Bunlara “toy axşamı”, “qoyunkəsdi”, “ciyər axşamı” aiddir. İndi bu adət də yoxdur, toy restoranda olduğu üçün hamı işinin yeyib-içib, oynmaqdan ibarət olduğunu bilir. Yenə də kənd toylarında bu, ailəyə çox yaxın adamların iştirakı ilə keçirilməkdədir. Ölkəmizin insanlarının çoxu müsəlman olduğu üçün kəbin kəsdirmək mütləqdir.

Yəni dövlət tərəfindən rəsmi qaydada nikah kəsilsə də, heç bir hüquqi gücü olmayan molla kəbinini kəsdirənlər də var. Bəzən təkcə rəsmi nikah, ən pisi təkcə dini kəbinlə kifayətlənənlər olur. 

“Elimin toy kimi gözəl adəti var”


Toy qız və oğlan toyu olmaqla iki yerə bölünür. Lap qədimdən 40 gün, 40 gecə davam edən toy indi bir günə sığışdırılıb. İndi oğlan və qız evi birləşərək bir toy təşkil edirlər. Toyun özündə kiçik adətlər mövcud idi. “Gəlin gətirdi” deyilən adətdə oğlan evi gəlini oğlan evinə aparır. Əvvəllər dövrün tələbi ilə gəlin yaxın yerlərə ayaqla, nisbətən uzaq yerə isə at üstündə gedərdi. İndi bunun yerini “gəlin maşını karvanı” tutub. 

Gəlini evdən çıxararkən qızın belinə qırmızı lent bağlayarlar, ümumiyyətlə, cehizlərə də, toy olan evə də qırmızı lent bağlamaq adətdəndir. Lakin hazırda gəlinin belinə qırmızı lentin bağlanmasını bir çoxları qəbul etmir. Bunun bakirəliyə işarə etməsini köhnəliyin, inkişaf etməməyin, qəbilə kimi yaşamağın təzahürü kimi qiymətləndirirlər. Həm də gəlinlər əvvəllər qırmızı libas tikdirərdilər, müasir gəlinlər isə bəyaz geyinirlər. Oğlan toyunda bəyin yanında onun “sağdiş” və “soldiş”i oturardı, indi bu vəzifələr də unudulub. 

Azərbaycan toylarının həmişə var olan adəti var: nəmər. Ümumiyyətlə, iki gəncin ailələri tanışandan sonra nəmər məsələsi aktivləşir. Söz, xonça və cehiz gətirən, xına gəzdirən, qapı pusan, hamı nəmərlə mükafatlandırılır. Nəmərə bəzi yerlərdə “xalat” deyirlər. Hələ oğlan toyunda “bəytərifi” deyilən adət vardı, toyu icra edən “toybəyi” və musiqiçilər bütün dost-tanışı, qohum-qonşunu bəyə xalat verməyə dəvət edirlər. İndi bəyi də tərif edən yoxdur. Amma nəmər adəti hələ də yaşamaqdadır.

“Toydan sonra düzələr”...

Toy bitir, adətlər bitmir. Toydan sonra “üzəçıxdı”, “ayaqaçdı”, “qonaqçağırdı” kimi adətlər var. İndi bu adətlərin hamısınının yerini “bal ayı” tutub. Yenə də istisnalar mövcuddur. Bir sözlə, iki gəncin salamlaşıb, evlənməyə qərar verdiyi gündən bu adətlərin icrasına başlanılır və bəzi bölgələrdə gənc ailədə körpə dünyaya gələnə qədər davam etdirilir.

Günay Şahmar, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin