Sənədsiz evlərin BƏXTİ nə vaxt AÇILACAQ? – MÜHÜM AÇIQLAMA 

Hazırda oxunan: Sənədsiz evlərin BƏXTİ nə vaxt AÇILACAQ? – MÜHÜM AÇIQLAMA 

177731

Ölkədə uzun illər müzakirə olunan sənədsiz evlər problemi həllini tapmayıb. Hazırda ölkədə 500 minə yaxın sənədsiz fərdi evlərin olduğu deyilir. Bu evlərin sənədləşdirilməsi yolunda müəyyən addımlar atılır. Həmin addımlardan biri sözügedən tikililərin qeydiyyata alınması ilə bağlı idi. Bir neçə il öncə sənədsiz evlərin qediyyatının aparılmasına başlanmışdı.

Sənədsiz, yəni çıxarışsız evlərin də sənəd ala bilməməsinin bir sıra səbəbləri var. Bəzi evlər yaşayış üçün təhlükəli ərazilərdə, yaşamağa icazə olmayan ərazilərdə tikilib.
 

MÖVZU İLƏ BAĞLI:

Sənədsiz ev probleminin həlli üçün işçi qrupu yaradıldı - RƏSMİ


Bəzi evlərin, xüsusilə, torpaqların alqı-satqısı yerli bələdiyyələrin iştirakı ilə baş tutub. Lakin hazırda o sənəd əsas sənəd sayılmır.

Bu problemin aradan qaldırılması üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti icazəsiz tikililərlə bağlı qanun layihəsi hazırlayır. Bunu qurumun rəisi Mətin Eynullayev bildirib.

O qeyd edib ki, Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sayı yüz minlərlədir və problemin əhatə dairəsinin mürəkkəbliyini nəzərə alaraq onun həllinin mərhələli şəkildə görülməsini nəzərdə tuturuq:

“Özbaşına tikililərlə bağlı problemi köklü surətdə həll etmək üçün İqtisadiyyat Nazirliyinin təşəbbüsü aidiyyəti dövlət orqanlarının əlaqələndirilmiş fəaliyyəti çərçivəsində müvafiq layihələrin hazırlanması üçün işçi qrupu yaradılıb”.

Bu, necə tənzimlənənəcək? Evlərin sənədləşməsi üçün hara və hansı sənədlərlə müraciət etmək lazım gələcək? Heç bir sənədi olmayan və təhlükəli ərazilərdə inşa olunan evlərin aqibəti necə olacaq?

Yaranan suallara cavab almaq üçün əmlak məsələləri üzrə ekspert Elnur Azadovla danışdıq. Ekspert Bizim.Media-ya bildirib ki, bəzi sənədi olan evlərin işi daha yüngül olacaq:

“İlkin sənədi olan evlərin aqibəti yüngül olacaq. Onların qanuniləşməsi daha əlverişlidir. Daha çox problemlilər isə ümumiyyətlə, sənədi olmayan və yaşayışa, tikiliyə icazə verilməyən ərazilərdə tikilən evlərdir.

Yüksək gərginlik xətləri, su kommunikasiya xətləri üzərində, dəmir yol xəttindən 60 metrə yaxın, meşə zolağı, su hövzələrəi, əkin sahələri kimi yerlərdə ümumiyyətlə tikintiyə, yaşamağa qanunla yol verilmir. Həmin evlərə bu amnistiya tətbiq olunmayacaq.

2019-cu ildə bir layihə vardı, hər rayon icra hakimiyyəti öz ərazisi üzrə qanunsuz tikililərin qeydiyyatının aparılmasına başladı. 2020-ci ildə koronavirus pandemiyasına görə, proses yarımçıq qaldı. İndi bu istiqamətdə işlər aparılır. 2023-cü ilin yanvarda Dövlət Əmlak Xidməti ilə Ədliyyə Nazirliyi tərəfindən brifinq keçirildi. Həmin görüşdə gələcəkdə artıq vahid portal üzərində bütün daşınmaz əmlak əməliyyatlarının aparılmasının mümkün olacağı bildirildi. 

Eyni qaydada, qanunsuz, sənədsiz tikililərin və əmlakların qeydiyyata alınması ilə bağlı xüsusi bir şərait yaradılacaq.

Bununla bağlı bir ilə yaxındır işçi qrupu yaradılıb. Müvafiq qanunda çatışmazlıqların təmin olunması üzərində işlər aparılır və 2024-cü il ərzində vahid portalın buraxılması, işə salınması gözlənilir. 

Burada adiyyəti dövlət qurumları iştirak edirlər, hansı formada fəaliyyət göstərəcəyi barədə dəqiq nəsə demək tezdir. Ona görə ki, dövlət qurumlarının öz arasında kordinasiya məsələsi var. 

Ölkədə heç bir sənədi olmayan evin, yəni əgər heç ünvanı belə yoxdursa, hansı formada qeydiyyatının aparılması, tapılması prosedur məsələsdir. Bunu da gərək dövlət qurumları öz aralarında tənzimləsinlər”.

Ekspert hesab edir ki, kənd yerlərində tikilmiş evlər, eləcə də kənd təsərrüfatı təyinatlı torpaqlar da tikildiyi üçün onlarla bağlı da müvafiq qərar olmalıdır:

“Qanunvericilikdə kənd təsərrüfatı təyinatlı torpaqlarda inşaat işlərinin aparılmasına, yaşayış evlərinin tikilməsinə icazə verilmir. Ölkə üzrə kənd ərazilərimizdə olan torpaqların demək olar ki, hamısı yaşayış məntəqələri üzrə torpaqlar deyil, onlar kənd təsərrüfatı təyinatlı torpaqlardır. Bu da o deməkdir ki, Nazirlər Kabineti tərəfindən müvafiq işlər aparılmalıdır ki, ölkədə olan kənd ərazilərindəki torpaqlar yaşayış məntəqələri torpaqlarına çevrilsin. 
Bununla bağlı da müvafiq qərar olmalıdır, orada kütlə həddindən artıq çoxdur. Kənd yerlərində yaşayanların, qeydiyyatda olanların şəxsiyyət vəsiqəsində konkret ünvan yoxdur, hər hansı bir kənd yazılıb. Yəni burada həm ünvan verilməsi məsələsi üzə çıxacaq, həm də ölkədə bütün kənd ərazilərində olan və ev tikilən torpaqlar yaşayış məntəqəsi torpaqlarına çevriləcək”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin